Moskva Şuşa bəyannaməsində hansı rolu alacaq? Rusiyadan proqnoz

Aleksandr Perenciyev: “Türkiyə-Azərbaycan ittifaqı Şuşa bəyannaməsinin nüvəsidir”

“Mən dünyada baş verən siyasi prosesləri məntiqi nəticə ilə qiymətləndirirəm. İlk əvvəl Avropada, Asiyada, Yaxın Şərqdə və xüsusilə Cənubi Qafqaz makroregionu da daxil olmaqla postsovet məkanında, eləcə də ABŞ-ın, Avropa İttifaqının, NATO-nun, Türkiyənin, Rusiyanın və s. həyata keçirdiyi siyasətlərinin təbii nəticələri də buraya aiddir”. SİA xəbər verir ki, bu sözləri @Caucasian_bureau (Kavkazskiy byuro) teleqram kanalına Rusiyanın hərbi eksperti Aleksandr Perenciyev Şuşa bəyannaməsi ilə bağlı fikirlərini açıqlayarkən deyib.

“Dağ Ərdoğana tərəf getmirsə, onda Ərdoğan özü həmin dağı yaradır”

Perenciyev bu Bəyannamənin yeni Qars sazişi, yaxud onun yeni variantı kimi əlaqələndirilməsi məsələsinə də toxunaraq bildirib ki, hazırkı məqamda burada Qars sazişinin hər hansı bir inkişafından söhbət getmir: “Artıq biz burada tamamilə başqa siyasi və hüquqi institutlarının formalaşmasını görürük. Lakin istisna etmirəm ki, bu kimi yeni oyun qaydaları özündə Qars sazişi elementlərini göstərə bilər. Mənim baxışımca, mövcud halda rəsmi Ankaranın mövqeyi əsaslıq təşkil edir ki, o (Ankara) artıq Avropa İttifaqına, ya da başqa Alyansa daxil olmaq istəyini vacib hesab eləmir”.

“İndi Türkiyənin özü makroregional siyasi institutunun subyekti hesab olunur ki, Şuşa bəyannaməsi onun formalaşmasında baza əsasına çevrilir”, deyən Perenciyev hesab edir ki, Türkiyə-Azərbaycan ittifaqı Şuşa bəyannaməsinin nüvəsidir: “Yəni məşhur kəlamın fikrini dəyişərsək deyə bilərik ki, “Dağ Ərdoğana tərəf getmirsə, onda Ərdoğan özü həmin dağı yaradır”.

“Müvafiq Alyansın yaradılması açıq-aşkar Qərb xarakteri daşımayacaq”

Azərbaycanın növbəti addımı kimi, Rusiya ilə münasibətlərini inkişaf etdirməsi planında Bakı-Moskva-Ankara üçlüyünün möhkəmləndirməsi mümkünlüyünə də toxunan rusiyalı hərbi ekspert bildirib ki, hadisələrin belə bir inkişaf variantını mümkün hesab edir: “Bununla yanaşı, müvafiq Alyansın yaradılması açıq-aşkar Qərb xarakteri daşımayacaq. Lakin onun anti-Qərb Alyansına çevrilməsi Qərbin özünün bənzər ittifaq qurması reaksiyasından asılı olacaq. Əlbəttə ki, ABŞ-dan. Amma burada Bakı-Moskva-Ankara üçlüyünün düzülüşünün vacibliyi barədə vurğulamaq yerinə düşərdi, əsasən isə iqtisadi məsələdə, həmçinin təhlükəsizliyin növbəti təminatı məsələlərində: terrorla mübarizə, kontrabanda, narkotrafik, sularda xilasetmə, digər xilasetmə və humanitar əməliyyatlarda bir əməkdaşlıq, hərbi-texniki əməkdaşlığın növbəti inkişafı, üç dövlətin hərbi idarələri arasında təhsil sahəsindəki əlaqələr”.

“Rusiya Ərdoğandan, Türkiyə isə Moskvadan kompromislər gözləyəcək”

Perenciyev razılaşma çərçivəsində “altılıq” formatının regionun yeni geosiyasi mühitinə təsiri, hərbi-siyasi ittifaqların inkişaf üçün sabitlik rolu oynaması məsələsinə də toxunaraq bildirib ki, müəyyən siyasi vektorda mövcud razılaşmalar sabitlik faktoru ola bilər: “Lakin Rusiyanın hərbi-siyasi eksperti kimi olaraq mən hesab edirəm ki, ciddi kompromislərə ehtiyac duyulacaq. Mövcud vəziyyətdə Rusiyada Ərdoğanın Krım məsələsində yumşalmasını, Ukrayna istiqamətində isə qayğılarının azalmasını gözləyəcəklər.

Ehtimal edirəm ki, Türkiyə də rəsmi Moskvadan hər hansı kompromisləri gözləyəcək. Bu mənada regionda “altılıq” formatının yaranması üçün rəsmi Ankara tərəfindən cəlbedici iqtisadi imkanlar yaradılmalıdır. Misal üçün, Çin bənzər siyasi və iqtisadi ittifaqlar formalaşdırarkən bu cür edir”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə