Ermənistan Qarabağın mina xəritələrini harada saxlayır? - ANALİZ

Ötən həftə regionumuzda, xüsusən Azərbaycan-Ermənistan arasındakı sərhəddə baş verənlər diqqət mərkəzində oldu. Bu məsələlərlə bağlı “Moskva-Baku” portalında Andrey Şlyapnikovun təqdimatında yayımlanan “Diqqət Mərkəzində” verilişində maraqlı məqamlara toxunulub. Verilişi mətn formasında oxucularımıza təqdim edirik.

Mina müharibəsi

Azərbaycanın azad edilmiş Kəlbəcər rayonunda mina partlaması nəticəsində azərbaycanlı jurnalistlərin və yerli məmurların ölümləri ilə bağlı araşdırma ötən həftə diqqət mərkəzində oldu. Faciədən dərhal sonra Ermənistan Silahlı Qüvvələrinin təxribatı da daxil olmaqla bir çox versiya var idi, lakin istintaq jurnalistlərin olduğu avtomobilin Ermənistan ordusunun geri çəkilməsi zamanı qoyulmuş və tərk edilmiş bir tank əleyhinə mina tərəfindən partladıldığını göstərdi.

Azərbaycan Baş Prokurorluğunun rəsmi açıqlaması: "İlkin istintaq müəyyən edib ki, hadisənin baş verdiyi ərazi işğaldan azad edildikdən sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tam nəzarəti altındadır. Düşmən təxribat qruplarının ərazisinə girmək və orada mina qurmaq istisna edilir"

Azərbaycan beynəlxalq hüquqa görə və tarixən özünə məxsus olan torpaqları azad etdikdən sonra onlarla insan minalanmış ərazilərin qurbanı oldu.

Azərbaycan Xarici İşlər Nazirliyi: "Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistanın beynəlxalq öhdəliklərini, o cümlədən qəsdən mina basdırmaq siyasətini kobud şəkildə pozmasına göz yummamağa və İrəvanın beynəlxalq hüquqa dair öhdəliklərini yerinə yetirməsini tələb etməyə çağırır"

Azərbaycan Xarici İşlər Nazirliyi mülki şəxslərin ölümündə Ermənistanı günahlandırdı. Xarici İşlər Nazirliyi qeyd etdi ki, bu hadisə bir daha ərazidə minaların 2020-ci ilin payızında Qarabağdakı müharibə zamanı geri çəkilmə zamanı Ermənistan tərəfindən qəsdən yerləşdirildiyini göstərir. Məqsəd Azərbaycan tərəfinə mümkün qədər çox ziyan vurmaq və Azərbaycan mülki əhalisinin bölgəyə qayıtması üçün əlavə maneələr yaratmaqdır. Rusiya deputatları, İrəvanın minalanmış ərazilərin xəritələrini hələ də Bakıya təhvil verməməsi səbəbindən insanların öldüyünə inanırlar.

Dövlət Dumasının deputatı Aleksey Juravlyov: “Sülh prosesi başladıqdan sonra İrəvanın etməsi lazım olan ilk şey, mövcud mina yerləri barədə Bakını məlumatlandırmaq və bu ərazilərin təhlükəsizliyinə kömək etmək, öz mütəxəssislərini ən son məlumatlarla göndərmək idi. İrəvanın hələ də Bakıya minalanmış ərazilərin xəritələrini təqdim etməməsi, Ermənistan tərəfinin məsələləri həll etmək istəmədiyini açıq şəkildə göstərir. Deyirlər, biz sülh tərəfdarıyıq, müqavilələr imzaladıq, amma hələ konkret hərəkətlər yoxdur. Və dinc insanları təhlükə altında qoyurlar, necə ki, bu, Azərbaycan jurnalistləri ilə faciəli şəkildə baş verdi. Və orada yerli sakinləri partlatmaq olar, qadınlar və uşaqlar da daxil olmaqla ... "

Sergey Mironov: “Əlbəttə ki, bu prosesin vacib bir hissəsi ərazinin minalardan təmizlənməsi olmalıdır ki, bu da orada tam hüquqlu bir dinc həyat qurmağa imkan verəcəkdir. Bu prosesdə iştirak edən bütün tərəflər müharibə irsini bir an əvvəl bitirmək üçün əllərindən gələni etməlidirlər"

Bu vaxt ABŞ-a qaçan bir erməni polkovniki Koryun Qumaşyan ortaya çıxdı. Kəlbəcər və Laçın rayonlarındakı mina xəritələrinin yeganə sahibi olduğunu, iddia edilən ərazidə təcili mina qoyma əməliyyatına rəhbərlik etdiyini bildirdi.

Koryun Qumaşyan: “Mənim kontingentim və mən Laçın və Kəlbəcər yaxınlığında 17 yük maşını mina yerləşdirdik, mina olduğuna görə bu ərazidə heç nə edə bilməyəcəksiniz. Hərbi əsirlərimizi bizə qaytarın, mina xəritəsini verəcəyəm. Bu əraziləri çox ağıllıca minaladıq, İngiltərədən və ya Rusiyadan mütəxəssislər gətirsələr də, yenə də bir şey etmək mümkün olmayacaq. Zəncirvari minalanmış yerlər var".

Əsas sual ortaya çıxır – bu, doğrudur, yoxsa yalan. Doğrudanmı Qumaşyanda mina sahələrinin real xəritələri var?

Mütəxəssislər qeyd edirlər ki, Ermənistanda baş verən xaosda hər şey ola bilərdi, amma bu, daha çox şantaj kimi görünür. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, keçən il 23 noyabr tarixindən etibarən Rusiyalı minaxtaranların 26 minə yaxın partlayıcı maddə aşkarladığını və 2 min hektardan çox ərazini, 2 min binanı və 650 kilometr yolları təmizlədiyini söylədi. Zaxarova minalanmış ərazilərin xəritələrinin köçürülməsindəki işlərdən danışdı.

Mariya Zaxarova: “Bakı və İrəvanla, müntəzəm təmaslarda ən yüksək səviyyədə minalarla əlaqəli məlumat mübadiləsi də daxil olmaqla, mina təmizlənməsi məsələlərinin qurulmasına çağırırıq (yeri gəlmişkən, Rusiya xarici işlər nazirinin mayın ilk ongünlüyündə İrəvana və Bakıya səfərlər zamanı mövzu müzakirə olundu) və bu müddətin sürətlənəcəyinə ümid edirik"

Rusiyalı mütəxəssislər, azərbaycanlı jurnalistlərin ölümünə qlobal reaksiyanın olduqca zəif olduğu qənaətindədirlər. Ümumi başsağlığı sözlərindən başqa konkret addımlar atılmadı.

İqor Korotçenko: “Koordinasiya olunmuş siyasi təzyiq olmayana qədər, kütləvi informasiya kampaniyası aparılmayınca, Ermənistan eyni qeyri-konstruktiv mövqedən çıxış edəcək. Nə minalanmış ərazi xəritələrinin ötürülməsi, nə də nəqliyyat dəhlizlərinin blokdan çıxarılması nəzərə alınmayacaq - heç nə. Ermənistan başqa bir yolu başa düşməyəcək"

Budur ilk nəticələr. Şənbə günü Azərbaycanın Ağdamdakı minalanmış ərazilərinin xəritələri müqabilində diversant kimi tutulan 15 erməni əsgərini Ermənistana təslim etdiyi məlum oldu.

Azərbaycan Xarici İşlər Nazirliyi: “12 iyun 2021-ci ildə, Azərbaycan, Ağdam rayonundakı 97 min tank əleyhinə və piyada əleyhinə mina yerinin qeyd olunduğu minalanmış ərazilərin xəritələrini Ermənistan tərəfindən təqdim etməsi qarşılığında, həbs olunan 15 erməni diversantı Ermənistana təhvil verdi. Mübadilə Gürcüstan nümayəndələrinin iştirakı ilə Azərbaycan-Gürcüstan sərhədində keçirildi"

Nazirlik mina xəritələrinin əldə edilməsinin on minlərlə Azərbaycan vətəndaşının, o cümlədən mina təmizlənməsi mütəxəssislərinin həyatını və sağlamlığını xilas edəcəyini və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağdamda başlatdığı yenidənqurma layihələrini və məcburi köçkünlərin geri qaytarılmasına müsbət təsir edəcəyini qeyd etdi.

Nikol Paşinyan göstərilən köməyə görə Gürcüstan hökumətinə təşəkkür etdi, Rusiya prezidenti Vladimir Putinə, xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyquya isə xüsusi təşəkkürünü bildirdi.

Paşinyan: "Minalanmış ərazilərin xəritələri müqabilində 15 hərbi əsiri qaytara bildik. Geri qaytarılanlar arasında 4 nəfər may ayında Qeqarkunik bölgəsində əsir götürülmüşdü. Qardaşlarımızın geri dönməsində kömək edən hər kəsə təşəkkür etmək istəyirəm"

“Troya atları”nın yarışı

Ermənistandakı seçkiqabağı yarış həlledici mərhələyə qədəm qoyur. Fövqəladə parlament seçkiləri iyunun 20-də keçiriləcək. Həftə ərzində bəlli oldu ki, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Sazişi” partiyasın ciddi şəkildə mövqeyini itirir. “Ermənistan” blokuna rəhbərlik edən Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın partiyası dabanlarına basır. Sorğular göstərir ki, Paşinyanın partiyasının reytinqi ay ərzində 5% azalıb və iyun ayının əvvəlində 22.4% təşkil edib. Eyni zamanda, Koçaryan blokuna dəstək 2 dəfə artaraq 20,6%-ə çatdı. Hakim partiya, böyük ehtimalla ilk turda qələbə qazanmağın mümkün olmayacağını etiraf etdi. Paşinyan, qalib gəlsə hakim elitada qlobal təmizlənmə vəd edərək vəziyyəti xilas etməyə çalışır.

Paşinyan: "Bu təmizləmələri həyata keçirmək üçün bizə bir mandat verin və bütün bu “Troya atları”nı hökumət sistemindən qovacağıq"

Beləliklə, 2018-ci ildəki səhvini düzəltməyi vəd etdi. Təmizləmələr 2018-ci ildə hakimiyyət dəyişikliyindən sonra özlərini düzəltmə şansı qazanan məmurlara təsir edəcək, çünki onlar bunu anlamadılar. Paşinyana görə, onlar küçəyə atılacaq. Paşinyan özü ölkəni bərpa edəcəyinə söz verir, baxmayaraq ki, bunun son 3 ildə edilmədiyini etiraf edir. İndiyə qədər Paşinyan, müasir Ermənistan tarixində ən ağrılı məğlubiyyətə uğrayan və Ermənistana heç vaxt aid olmayan əraziləri itirən baş komandan kimi tarixə düşdü. İndi Paşinyan məsələnin sülh yolu ilə həll olunmasının tərəfdarıdır.

Paşinyan: “Biz Ermənistanın dinc inkişafının tərəfdarıyıq, başqa ssenarilərə ehtiyacımız yoxdur. Seçkilər keçirilməlidir, bundan sonra təhlükəsizlik, iqtisadi və sosial problemlərin həllinə qayıdacağıq"

Sülh müqavilələri imzalanandan sonra Azərbaycan ərazisinə göndərilən erməni diversantların taleyi də daxil olmaqla bir çox həll olunmamış məsələlər qalmaqdadır. Azərbaycanda onlar terrorizm maddəsi ilə mühakimə olunacaqlar. Seçkilər ərəfəsində Paşinyan çıxılmaz bir addım ataraq oğlu Aşotu Azərbaycanda diversant sayılan erməni əsirlərinə dəyişdirməyi təklif etdi.

Düzdür, çoxları bu açıqlamanı növbəti bir populist addım kimi qiymətləndirir. Paşinyanın oğluna Azərbaycanın nə ehtiyacı var? Niyə onu mühakimə etməlidir? O, Azərbaycan sərhədlərini pozmayıb. Nikol Paşinyanın əsas rəqibi Robert Koçaryan, Paşinyanı sevmədiyini gizlətmir.

Koçaryan: “Baş nazir vəzifəsini müvəqqəti icra edən şəxsin simasında biz, demək olar ki, heç nəyi bacarmayan, dağıdılması mümkün olan hər şeyi dağıdan siyasi cırtdanı görürük”

Qələbə qazanacağı təqdirdə, Koçaryan siyasi bir islahat aparacağına və baş nazirin səlahiyyətlərini azaldılacağına söz verir. Koçaryan nəzarətin bərpasını və böhrandan çıxmağı ən vacib vəzifə adlandırır. İndi isə ən maraqlı sual Moskvada kimə stavka ediləcəyidir. Başlanğıcda Paşinyan Kremldən razı qaldı, ancaq Koçaryanın Moskvaya işgüzar səfəri, Vladimir Putinlə telefon əlaqələri müəyyən bir intriqa yaratdı. Seçkilərdə iştirak etmək üçün Ermənistan MSK rekord sayda siyasi qüvvə- 22 partiya və 4 seçki bloku qeydiyyata aldı.

Bunlar arasında başqa bir keçmiş prezident- Serj Sarkisyan tərəfindən dəstəklənən "Şərəf bilirəm” bloku önə çıxır. O, Paşinyan haqqında xoşagəlməz şəkildə danışır və hətta Paşinyanın Qarabağla bağlı danışıqlar prosesini qəsdən pozduğunu və müharibə yaratdığını açıqladığı bir videoqeydini yayımladı.

İkinci tur baş tutarsa, burada həlledici amil ilk turda nə Paşinyan, nə də Koçaryan partiyasına səs verməyəcək seçicilərin səsləri ola bilər. Səsvermə prosesinin özü seçicilər üçün qeyri-adi hal alacaq. Qələmlə hər hansı bir işarə etmək lazım deyil. Seçki məntəqəsindəki hər bir vətəndaşa 26 bülleten veriləcək - hər siyasi qüvvə üçün biri. Bu bülletenlərdən seçici istədiyi bülleteni seçib seçki qutusuna qoyacaq. Qalan bülletenlər zibil qutusuna atılacaq.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə