Tarixin və tarix yaradan dahilərin əsl qiymətini verən ən ədalətli hakim zamandır. 1993-cü ilin 15 iyunundan illər keçdikcə Milli Qurtuluşumuzun bünövrəsinin qoyulduğu bu günün xalqımızın müstəqillik tarixində nə dərəcədə böyük əhəmiyyətə malik olduğuna əminlik daha da möhkəmlənir.
Ötən əsrin sonlarında ölkəmizdə müstəqilliyə gedən yolun başlanğıcı çox keşməkeşli, iztirablı və olduqca çətin oldu.
Bir tərəfdə iqtisadi və siyasi formasiyaların bir-birini əvəz etməsi ilə yaranan həlli vacib problemlər, bir tərəfdə tarixi düşmənlərimiz ermənilərin torpaqlarımızın işğalı ilə nəticələnən təcavüzü, bir tərəfdə isə bütün bunların müstəqilliyin ilk illərində güclü maneə obyektinə çevrilməsi həm də keçid dövrünü yaşayan ölkəmiz üçün əlavə təhlükə mənbəyinə çevrilmişdir. Həmin dövrdə nə keçid dövrünün dürüst tənzimlənməsi üçün mexanizm var idi, nə iqtisadi proseslərin üzgün təşkili və idarə olunmasını təmin edəcək tədbirlər reallaşırdı, nə də bunlar üçün əsaslar və mühit yaradılmışdır.
Nəticədə, Dağlıq Qarabağ və ətraf rayonlar erməni daşnaqlarının əlinə keçir, tarixi, mədəni abidələr məhv olunur, şəhərlər yandırılır, soyqırımlar törədilirdi.
Öz vətəndaşlarımız öz torpaqlarımızda qaçqın və köçkün həyatı yaşamağa məcbur edilir və taleyin bu acı nəticələri ilə razılaşmalı olurdular.
Zorla hakimiyyətə gətirilən AXC lideri Əbülfəz Elçibəy ölkəni idarə edə bilmirdi. Həm daxildən, həm də xaricdən ölkənin müstəqilliyinə təhdidlər vardı. Bir tonqal ətrafından, meydandan hakimiyyətə gəlmiş bir qrup səbatsız, təsadüfi adamlar bir-birini qəbul etmir, fikirlərinə qısqanclıqla yanaşırdılar. Ali Məclisdə antaqonist baxışlı, hakimiyyət, kreslo iddialı qruplar hakimiyyəti məhvə sürükləyirdi. İqtidarda olan AXC-nin o vaxtkı idarə heyətinin 15 üzvü vardı. Bu üzvlərin heç birinin idarəçilik, rəhbərlik təcrübəsi yox idi. Hakimiyyətdə xaos və özbaşınalıq baş alıb gedirdi. İqtidarda olanlarla iqtidara gəlmək istəyənlər arasında mübarizə gedirdi. Hakimiyyətdə olanlar Prezidenti eşitmirdi. Ölkənin sərvəti, ehtiyat resursları talanır, xəyanət, bir-birinə düşmən münasibət güclənirdi. Xarici qüvvələrlə güzli əlaqələr yardılmışdı. Ən təhlükəlisi isə ölkənin müxtəlif maraqlar tərəfindən parçalanması idi. Cənubda Talış-Muğan respublikası rəsmi elan olunmuşdu. Şimalda Ləzgistan dövlətinin yaradılması və o bölgənin Rusiyaya birləşdirilməsi siyasəti aparılırdı. Getdikcə daha qorxulu vəziyyət alınırdı.
Azərbaycanla heç bir xarici dövlətin beynəlxalq əlaqələri yox idi. Odur ki, aparıcı dövlətlər işğalçı Ermənistanı müdafiə edirdi. Bu dövrdə ABŞ Azadlığa Yardım Aktına 907-ci düzəlişi etdi və ölkəmiz xarici yardımlardan təcrid olundu.
Belə bir böhranlı dövrdə ölkəni idarə etmək üçün daha sərt bir baxışa, iradəyə və qərara ehtiyac vardı. Əbülfəz Elçibəyin o zaman "91-lər"in təkidli tələbi ilə Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etməsi zərurətdən yarandı və bu dövrü üçün ən düzgün addım idi. Ulu Öndər bu xahişi qəbul etdi və tarixi missiyanı yerinə yetirdi.

Müstəqilliyimiz və dövlətçiliyimiz xilas edildi. Həmin gün ölkəmizin taleyində dönüş anı oldu və böyük Qurtuluşa doğru mühüm addım atıldı. O addım suverenliyin, sabitliyin və sosial-iqtisadi inkişafın təməlini qoymaqla, Azərbaycanın gələcək inkişaf perspektivlərini müəyyənləşdirdi, xalqımızı nicat yoluna çıxardı.
Müharibələr zamanı təkcə silahlı qüvvələr, ordu üz-üzə gəlmir. Bu zaman qarşı-qarşıya dayanan dövlətlərin intelektual potensialı da vuruşmalıdır. Uzun illər boyu Azərbaycanın beynəlxalq aləmdə təcrid olunmasına səbəb də məhz bu amil olmuşdu. Xalqına və özünə inanan Ulu Öndər hakimiyyətə gəldiyi ilk gündən daxili problemlərin qarşısını aldı. Dövlət çevriılişlərinə, xaosa, özbaşınalığa və soyğunçuluğa son qoyuldu. Beynəlxalq münasibətlər bərqərar oldu. Müstəqil Azərbaycanın adı və imzası tanınmağa başladı. Bu uğurlarda Heydər Əliyevə kömək edən və onu qoruyan xalq məhəbbəti və ona inam idi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təminatının, canından artıq sevdiyi xalqının etibarlı və sağlam yaşamaq hüquqlarının bərqərar olunmasının, sabitliyin, sosial-iqtisadi inkişafın və digər humanizm dəyərlərinin sadəcə arzu olaraq qaldığı həmin acınacaqlı günlərin aradan qaldırılması yalnız və yalnız müdrik rəhbərin, güclü liderin, böyük xalq sevgisi ilə əhatə olunan başçının rəhbərliyi sayəsində mümkün ola bilərdi.
Beləliklə, 15 iyun Azərbaycan xalqının iftixarla dolu xilaskarlıq tarixidir. Bu, hər birimizin dünənimizdən bu günümüzə, bu günümüzdən isə sabahımıza və gələcəyimizə mükəmməl bir miras olaraq qalacaqdır. Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı artıq tarixi zərurət idi. Müstəqil Azərbaycan bizə hədiyyə edilməmişdi. Bu müstəqillik xalqın qanı və canı bahasına əldə edilmişdi. Milli Qurtuluşla, nəhayət, əsl milli hakimiyyət quruldu. Milli Qurtuluş Gününün əsl mahiyyəti də elə bundadır. Bu qayıdışla ölkənin ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun şəkildə müstəqil dövlət quruculuğu prosesi başlandı.

Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik və çevik siyasət nəticəsində Azərbaycan cəmiyyətində vətəndaşların hüquqlarının hərtərəfli qorunması istiqamətində mühüm irəliləyişlərə nail olunmuşdur.
Ümummilli lider Heydər Əliyev milli ideyanın yaranması, xalqa çatdırılması istiqamətində xalqımıza çox böyük, əhəmiyyətli elmi-nəzəri bir irs ərməğan etmişdir. Həmin irs üzərində bu gün müstəqil Azərbaycan dövləti sürətlə inkişaf etməkdədir. Ulu Öndərin bizə qoyduğu bu irsin öyrənilməsi və tədqiqi baxımından son illərdə çox böyük işlər görülmüş, nailiyyətlər əldə edilmişdir. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi müstəqil dövlətin ideya prinsipləri yalnız bugünkü Azərbaycan üçün deyil, gələcəkdə də ölkəmizin inkişafı üçün başlıca mənbə rolunu oynayacaqdır.
Abil AĞASƏFOV
Yeni Azərbaycan Partiyası Qəbələ rayon Təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB