“Ermənistan dəmir yumruğu görmək istəmirsə..." - MÜSAHİBƏ

SİA Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayevin müsahibəsini təqdim edir:

- Elşən müəllim, "Zəngəzur dəhlizi"nin açılmasına Ermənistan imkan vermədiyi halda, Azərbaycanda Laçın dəhlizini bağlaya bilərmi?

- "Zəngəzur dəhlizi" açılacaq. Bu dəhliz bütün hallarda və mütləq açılacaq. Nəyin bahasına olursa-olsun açılacaq. Məsələ ilə bağlı Prezident İlham Əliyev də öz prinsipial və qəti mövqeyini bildirib. Azərbaycan cəmiyyətinin də mövzu ilə bağlı mövqeyi aydındır. Yox əgər Ermənistan hansısa ciddi təzyiqlərə əl atsa bax o zaman alternativ haqda düşünülə bilər. Düzdür, riyakar düşmən bütün hallarda cığallıq, yaramazlıq edəcək və məsələnin həllini yubatmağa çalışacaq. Amma yekunda hər şey Azərbaycanın istədiyi kimi olacaq. “Zəngəzur dəhlizi” açılacaq! Bu birmənalıdır və başqa cür ola bilməz. 10 noyabr razılaşmasının da şərtlərində göstərilib ki, həmin dəhliz açılmalıdır. Ermənistan əgər Azərbaycanın dəmir yumruğunu növbəti dəfə başı üzərində görmək istəmirsə bütün şərtlərə əməl etməlidir.

- Paşinyan bəyan edib ki, o Azərbaycanla üçüncü sənədi də imzalamağa hazırdır. Bu üçüncü sənəddə nələr əks oluna bilər?

- Mən bilmirəm Paşinyan üçüncü sənəd deyərkən konkret olaraq nəyi nəzərdə tutub. Amma Paşinyanın hazırda görməli olduğu əsas iş bu günə qədər imzaladığı sənədlərin şərtlərini yerinə yetirməkdir. Ermənistan məğlub və haqsız ölkədir. Bu dövlət uzun illər boyunca işğal siyasəti ilə məşğul olub, Azərbaycanın əzəli torpaqlarında terrorlar, hərbi cinayətlər törədib. İndi isə müqəddəs Qarabağ, Azərbaycanın əzəli torpaqları artıq Ermənistanın əlində, girovluğunda deyil. Qəhrəman Azərbaycan əsgərləri müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əzəli torpaqlarımızı işğaldan azad edib. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır. Eyni zamanda, Paşinyan unutmasın ki, 10 noyabrda çox vacib bir sənədə qol çəkib, imza atıb. Ona görə də ilk öncə həmin qol çəkdiyi sənədlərdəki şərtlərə əməl etməlidir. Sonrakı məsələləri isə zaman özü həll edəcək.

- 25 may tarixində Ermənistan-Azərbaycan sərhədində erməni təxribatı baş verib amma bu təxribatın qarşısı Azərbaycan ordusu tərəfindən qətiyyətlə alınıb. Necə hesab edirsiniz növbəti mərhələdə yenə erməni təxribatları baş verə bilərmi?

- Erməni təxribatı hər zaman olub və bundan sonra da olacaq. Çünki bunların ruhu, xisləti, canı təxribatdan yoğurulub. Ermənistan dövləti hələ də anlamır ki, törətdiyi və törədəcəyi bütün təxribatlar öz başında çatlayacaq. Azərbaycanın qəhrəman ordusu bütün təxribatların qarşısını almağa qadirdir. Düşmən heç nə edə bilməz. Heç nə! Ermənistan zavallı, bədbəxt bir dövlətdir. Onlar məğlubdur. Onlar haqsızdır. Bundan sonra da nə təxribat etsələr faydası olmayacaq və məqsədlərinə çata bilməyəcəklər.

- Necə düşünürsünüz Ermənistan-Azərbaycan sərhədində gərginlik yeni bir münaqişənin yaranmasına gətirib çıxara bilərmi?

- İndidən heç nəyi proqnozlaşdırmaq mümkün deyil. Amma bir daha təkrar etmək istəyirəm: Əgər Ermənistan 10 noyabr razılaşmasının şərtlərinə əməl etməsə, həddini aşsa, cığallıq etsə, öz təxribatlarının davamını gətirsə mütləq və daha ağır formada bunun bədəlini ödəyəcək və Azərbaycanın dəmir yumruğunu növbəti dəfə öz başı üzərində görəcək. Buna kimsənin şübhəsi olmasın.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə