“Bu məsələdə erməni lobbisinin əli var” - POLİTOLOQ FAKTLARA TOXUNDU

“Bu məsələdə erməni lobbisinin əli var” - POLİTOLOQ FAKTLARA TOXUNDU

“Erməni vandalları tərəfindən tarixi abidələrin darmadağın edilməsi barəsində Azərbaycan tərəfindən çoxlu bəyanatlar səsləndirilib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, cənab Prezident İlham Əliyev dəfələrlə xarici mətbuat orqanlarının nümayəndələrinə siyasətçilərinə bu məsələ ilə bağlı öz narahatçılıqlarını bildirib və indi də bildirir: “Təəssüflər olsun ki, bununla bağlı reaksiya hələ də biz istədiyimiz səviyyədə deyil. Çünki bu məsələdə erməni lobbisinin əli var. Məsələnin olduğu kimi təqdim olunması və Ermənistan dövlətinin məsuliyyətə cəlb olunması üçün əməli işlər aparılmalıdır. Azərbaycan tərəfindən komissiya yaradılır, araşdırmalar aparılır. Bu məsələyə biz “YUNESKO”nu cəlb edirik. Onların mütəxəssisləri regiona səfər edərək yerində bütün məsələri təhlil etməlidirlər, ölçülər çıxartmalıdırlar, hesablamalar aparılmalıdır. Bunların hamısı dəlildir, faktdır. Bu faktlar toplanılaraq müvafiq strukturlara, xüsusilə də BMT-nın məhkəməsinə təqdim olunmalıdır”.

Politoloq həmçinin qeyd edib ki, cinayət törədən tərəf məsuliyyətə cəlb olunmalıdır. Yəni biz daha çox hüquqi müstəvidə işlər aparmalıyıq: “Təəssüflər olsun ki, dünya ictimaiyyəti çox vaxt erməni vandalizminin törətdiyi vəhşiliklər ilə bağlı dolğun informasiya almayıb və ya təhrif olunmuş halda informasiya alıb. Bu yolverilməz haldır. İndi bu halların düzəlməsi ilə bağlı işlər gedir. Düşünürəm ki, bu məsələdə siyasi, hüquqi müstəvidə işlər aparılmalıdır və yekun rəyləri mötəbər qurumlar verməlidir”.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə