Hər hansı bir təxribat olarsa, “dəmir yumruğun” növbəti zərbəsini alacaqlar

Hər hansı bir təxribat olarsa, “dəmir yumruğun” növbəti zərbəsini alacaqlar

Prezident İlham Əliyev: “Azərəbaycan bölgədə sülh və sabitliyin təmin olunmasına sadiqdir”

“Azərbaycan bölgədə sülh və sabitliyin təmin olunmasına sadiqdir. Ermənistanın sərhəd gərginliyi ilə bağlı qeyri-adekvat reaksiyası və bu məsələni beynəlmiləlləşdirmək cəhdləri bölgədə gərginliyin artmasına gətirib çıxara bilər”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan ilə telefon danışığı zamanı söyləyib. Bölgədə münaqişə sonrası vəziyyəti müsbət qiymətləndirən dövlətimizin başçısı qeyd edib ki, münaqişənin bitməsindən altı ay sonra bölgədə, o cümlədən Azərbaycan-Ermənistan sərhədində vəziyyət sabit olaraq qalır.

Prezident İlham Əliyev ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşavirinin Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhədin delimitasiyası üzrə danışıqların başlanmasına ehtiyac duyulduğu fikri ilə razı olduğunu ifadə edib və bu prosesin üçtərəfli bəyanata uyğun olaraq həyata keçirilməsinin əhəmiyyətini bildirib.

Ermənistanın sərhəd gərginliyi ilə bağlı qeyri-adekvat reaksiyasının və bu məsələni beynəlmiləlləşdirmək cəhdlərinin bölgədə gərginliyin artmasına gətirib çıxara biləcəyini qeyd edən dövlətimizin başçısı bütün mübahisələrin sülh yolu ilə və danışıqlar prosesi çərçivəsində həllinin vacibliyini vurğulayıb.

Prezident İlham Əliyev yenə də diktə edən tərəfdir

Bəli, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatla Azərbaycan Prezidenti İlham Əliyev yenə də diktə edən tərəfdir. Xüsusilə də, Şuşanın azad edilməsi faktiki olaraq Ermənistan ordusunun və Ermənistan dövlətinin çökməsi demək idi. Çünki ondan bir gün sonra Ermənistan məcbur olub bizim şərtlərimizə əsasən formalaşmış kapitulyasiya aktına imza atıb və biz bir güllə atmadan Laçın, Kəlbəcər və Ağdam rayonlarını geri qaytardıq. Çünki Azərbaycan işi haqq işidir.

Azərbaycan Prezidenti haqlı olaraq bəyan etdi ki, mövcud durumda situasiyanı Azərbaycan müəyyənləşdirir. İndi şərtləri cənab İlham Əliyev diktə edir. Dövlət başçımız şərtlərini bir daha qətiyyətlə bildirdi: Ermənistan silahlı birləşmələri Azərbaycan torpağından tamamilə çıxarılmalı, Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını etiraf etməli, Azərbaycan xalqından üzr istəyərək «Qarabağ Ermənistan deyil» fikrini söyləməli və işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəlini hazırlayıb Azərbaycana təqdim etməlidir. Əgər Azərbaycan Prezidentinin bu şərtlərinə əməl olunarsa, atəşkəs rejimi bərpa ediləcək. Paşinyan rejiminə güzəşt yoxdur. İllərdir sülh istəyən, humanist siyasət aparan Azərbaycanla artıq kimsə diktə dili ilə danışa bilməz. Çünki Azərbaycan hər zaman sülhün tərəfdarı olduğunu dünyaya bəyan edib. Ermənistan isə status-kvonun saxlanması üçün müxtəlif bəhanələr gətirib danışıqlar masasına oturmurdu. İndi Paşinyan danışıq aparmaq üçün açıq-aşkar yalvarır. Ancaq Azərbaycan Prezidenti onunla nəinki bir masada oturmaq, heç danışıq aparmaq belə istəmir. Çünki danışıqlara Paşinyanın “Qarabağ Ermənistanındır” sərsəm fikrindən sonra xitam verilib.

Rusiya Federasiyasının vasitəçiliyi ilə baş tutmuş Azərbaycan Respublikası və Ermənistan Respublikası Xarici İşlər nazirlərinin Moskva görüşü nəticəsində 10 oktyabr 2020-ci il tarixi saat 12.00-dan etibarən humanitar atəşkəsə riayət olunması razılığının əldə olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri bu razılığı kobud şəkildə pozmaqla bir daha riyakarlığını nümayiş etdirdisə, Azərbaycan dövləti də haqq yolunda, Vətən yolunda mübarizə apardığını, erməni hiyləsinin, riyakarlığını, normal dövlət ola bilməməsini bir daha dünyaya nümayiş etdirdi. Bununla bir daha sübut olundu ki, humanitar məqsədə xidmət edən atəşkəslə yanaşı, ehtiyat tədbirləri də paralel aparılmalıdır. Artıq atəşkəs danışıqlarında, digər ikitərəfli, çoxtərəfli platformalarda şərtləri məhz Azərbaycan müəyyən edir. Bu, o deməkdir ki, Azərbaycana qarşı hər hansı şərtlərin irəli sürülməsindən söhbət gedə bilməz və atəşkəs istəyən tərəf beynəlxalq hüquq normalarına əməl etməlidir. Bu sadə gerçəkliyi artıq hamı başa düşməlidir. O zaman bu gün Ermənistan bunlara əməl edirmi?

Sərhəd gərginliyi yaratmaqla Ermənistan özünü bir daha gülünc vəziyyətə saldı

Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələr bir daha rəsmi İrəvanın gülünc vəziyyətə düşməsi ilə nəticələndi. Adi sərhəd dəqiqləşdirilməsi məsələsini Ermənistanın bütün siyasi qüvvələri Azərbaycanın bu ölkəyə təcavüzü kimi qələmə verməyə çalışmasının ardından İrəvan böyük hay-küy qaldırmağa, ilk növbədə Rusiyanı Azərbaycanla silahlı qarşıdurmaya sövq etməyə çalışdı.

Xatırladaq ki, Laçın rayonu istiqamətində Azərbaycanın öz dövlət sərhədlərində sərhədçilərini yerləşdirməsi İrəvanda “Ermənistan ərazisinə müdaxilə” kimi qiymətləndirilib. Ermənistan rəhbərliyi kömək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edib, eyni zamanda Rusiyadan hərbi yardım istəyib. Məsələyə münasibət bildirən Prezident İlham Əliyev Qazaxıstandan olan həmkarı Kasım-Jomart Tokayevlə telefon danışığı zamanı bildirib ki, hazırda sərhədin dəqiqləşdirilməsi prosesi gedir və Ermənistan tərəfi bu prosesə qeyri-adekvat reaksiya nümayiş etdirir. Ermənistanın bununla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməsi isə məsələnin beynəlmiləlləşdirilməsi cəhdindən başqa bir şey deyil və bu, tamamilə əsassızdır, çünki sərhəddə hər hansı bir toqquşma baş verməyib, vəziyyət sabitdir. Onu da xatırladaq ki, keçən həftə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan parlamentin növbədənkənar iclasında bildirib ki, Azərbaycanla sərhəddə yerləşən Zəngəzur bölgəsindəki vəziyyətlə əlaqədar, hərbi yardım da daxil olmaqla, Rusiya prezidenti Vladimir Putindən kömək istəyib. Paşinyan Belarus lideri Aleksandr Lukaşenko və Qırğızıstan prezidenti Sadır Japarova da bununla bağlı zəng edib. Hadisəni böhran adlandıran Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan KTMT baş katibi Stanislav Zasa zəng edib və Azərbaycan tərəfinin arqumentlərinin “əsası olmadığı” haqda ənənəvi erməni yalanını deyib. Qriqoryan Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə də danışıb və ondan yardım istəyib. Ermənistan xarici işlər nazirinin müavini Artak Apitonyan ölkədəki səfirlərlə görüşüb və Azərbaycanın Ermənistanın guya sərhədlərinə müdaxilə etdiyi yalanını yenidən səsləndirib. Ermənistan Müdafiə Nazirliyi isə ölkədəki səfirliklərin hərbi attaşeləri ilə nazirlikdə görüş keçirib və onları inandırmağa çalışıblar ki, Qaragöldəki bəhs edilən ərazi Ermənistana aiddir. Ermənistan müdafiə naziri səlahiyyətlərini icra edən Vaqarşak Arutyunyan KTMT baş katibi Stanislav Zas, Rusiya müdafiə naziri Sergey Şoyqu, Rusiya FTB-nin Sərhəd Xidmətinin rəhbəri general-polkovnik İqor Konstantinovla “sərhədlə bağlı” müzakirələr aparıb. Ermənistan parlamentinin sədri Ararat Mirzoyan Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinlə danışıb və dəstək istəyib. Lakin Ermənistanın yalanı bu dəfə keçməyib. Məsələnin mahiyyətindən xəbərdar olan Rusiya, yumşaq şəkildə deyilsə, Ermənistanın hərbi yardım istəlklərini rədd edib. Rusiya prezidentinin sözçüsü Dimitri Peskov bu xüsusda bildirib: “Rusiya Bakı və İrəvanla daim təmasdadır. Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi aradan qaldırmaq üçün səylər göstərilir”. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin üçtərəfli razılaşmaların həyata keçirilməsinin alternativsizliyinin tərəfdarıdır: “Bilirsiniz ki, Rusiya və Ermənistan tərəfləri davamlı təmasdadır. Həmçinin, biz Bakı ilə də daim təmasdayıq. İndi gərginliyi aradan qaldırmaq və vəziyyəti düzəltmək üçün güclü səylər göstərilir”. Rusiya xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, Moskva Azərbaycan və Ermənistana sərhədlərin demarkasiyası və delimitasiyası məsələlərində öz köməyini təklif edib: “Moskva sərhədlərin demarkasiyası işlərində Yerevana və Bakıya kömək etməyə hazırdır. Orada bircə güllə də atılmayıb, bircə toqquşma da baş verməyib. Oturublar və sakitcə bu situasiyanı necə həll etməklə bağlı danışıqlar aparıblar. Bizdən də danışıqlarda iştirak üçün xahiş ediblər, bizim hərbçilər də iştirak edib və razılıq əldə olunub. Mən burda hisslərlə oynamaq və insanları qıcıqlandırmaq üçün heç bir səbəb görmürəm, məsələni sakitcə həll edirik”.

İlham Əliyevin dediyi söz imzası qədər keçərlidir

Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışında Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində sərhədçilərimizə qarşı edilən hərbi təxribata toxunan Azərbaycan Prezidenti demişdir ki, bu, sonuncu olmalıdır. Azərbaycan hər zamankı kimi təmkinlik göstərərək bu təxribata cavab verməyib. Amma görünən odur ki, bəzi qüvvələr yenə də Azərbaycanın istənilən təxribata seyrçi münasibət göstərəcəyini zənn edirlər. Elə bilirlər ki, illərlə münaqişənin həlli istiqamətində sülh tərəfdarı olan, həmsədrlərin fikirlərinə hörmətlə yanaşıb müharibə variantını ən sonuncu addım hesab edən Azərbaycan yenə də hansısa təxribata eyni münasibət sərgiləyəcək.

Amma havadarlarına arxalanaraq ölkəmizi təxribatlara çəkib növbəti müharibə ilə “hədələyən” revanşistlər anlamırlar ki, artıq Azərbaycan bütün gedişlərini kökündən dəyişib və bölgədə baş verən istənilən hadisəyə diqqət yetirir, hər şeyə nəzarət edir. İndi diktəni edən ölkə Azərbaycandır və bölgədə yenidən erməni faşizminin baş qaldırmasına heç vaxt imkan verməz.

İstənilən qüvvənin Qarabağda Azərbaycan əsgərinə qarşı edəcəyi təxribat xarakterli əməl cavabsız qalmayacaq. İlham Əliyev bir daha buna oxşar cəhdin göstəriləcəyi təqdirdə düşmənin yerindəcə məhv ediləcəyini bəyan etməklə qətiyyətini yenidən göstərdi. 44 günlük müharibədən öncə İlham Əliyevin bəyanatlarına, sərt xəbərdarlıqlarına əhəmiyyət verməyən ermənilər indi qalib sərkərdənin hər bir fikrini, mesajını diqqətlə izləyir və ona uyğun nəticə çıxarırlar. Yaxşı anlayırlar ki, İlham Əliyevin dediyi söz imzası qədər keçərlidir. Müharibənin gedişatında hər kəs, bütün Ermənistan buna şahidlik edib.

Revanşistlər nəticə çıxarmasalar, dəmir yumruq işə düşəcək

Bəli, hər bir ölkənin sərhədi onun dövlət rəmzlərindən biridir. Azərbaycan Vətən müharibəsi nəticəsində sərhədlərini, ərazi bütövlüyünü tam bərpa edib və bu gün sərhədləri etibarlı şəkildə qorunur. Azərbaycan-İran arasında 132 kilometrlik sərhəd xətti tam bərpa edilib, sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülüb və orada sərhəd xidmətinin hərbi hissəsi fəaliyyətə başlayıb.

Aprelin 26-da Cəbrayıl və Zəngilan rayonlarına səfəri ilə “Böyük Qayıdış”ın təməlini qoyan İlham Əliyevin Qarabağa hər səfəri müjdə verir. Hər kəs işğaldan azad edilən torpaqlarımızda gedən abadlıq-quruculuq işlərindən xəbərdar olur və aydın şəkildə görünür ki, qurucu Prezident əzəli torpaqlarımızda yenidən həyatın qaynaması üçün bütün gücünü səfərbər edir. Əlbəttə ki, bu, Ermənistanı ciddi narahat edir və hərdən təxribat xarakterli əməllərə cəhd edir. Amma bu ölkədə baş qaldıran həmin revanşist qüvvələr İlham Əliyevin xəbərdarlığından ciddi nəticə çıxarmalıdırlar.

Əslində, Ermənistandakı revanşistləri nəzərə almasaq, digər vətəndaşlar artıq dərk edirlər ki, Qarabağ onların deyil və özgə torpaqları uğrunda ölmək ağılsızlıqdır. Ona görə də əsgər anaları-ataları hər gün müxtəlif şəhər və rayonlarda ayağa qalxıb övladlarının Qarabağ istiqmətində hərbi xidmətə aparılmasına qarşı üsyan edirlər. Ermənilər yaxşı anlayırlar ki, güvəndikləri dövlətin Azərbaycanla istənilən formada mübarizə aparmaq gücü yoxdur. 30 il ərzində qurulan və “keçilməz sədlər” adlandırılan müdafiə sistemlərinin 44 gün ərzində darmadağın edilməsi bunun bariz göstəricisidir. Ümumilikdə isə müharibə Ermənistan dövlətinə elə bir zərbə vurub ki, 30 ilə çətin özünə gələ bilsin. Bu ölkənin nə hərbi gücü, nə də iqtisadi imkanları Azərbaycana qarşı “mübarizə” aparmağa imkan verir. Hətta əvvəlki kimi hərbi texnikanı pulsuz alsalar belə, erməni əsgərinin Azərbaycanın igid oğulları qarşısına çıxmağa gücü çatmaz. Çünki Azərbaycan Qarabağda erməni faşizminin başını əzərək terror dövlətinin belini qırıb. Bununla da Ermənistan məcbur olub Azərbaycanın qarşısında diz çöküb. Bundan sonra hər hansısa bir təxribat olarsa, «dəmir yumruğun» növbəti zərbəsini alacaqlar. Ona görə də işğalçı, məğlub Ermənistan və onun havadarları bu vəziyyətdən düzgün nəticə çıxarmalıdırlar.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə