“Türkiyə şəhidlərinin qisasını alması ilə bağlı videokadr yayımlayıb və burada Türkiyənin uğurlu əməliyatının görüntüləri sosial şəbəkə istifadəçilərinin diqqətinə çatdırılıb. PKK terror təşkilatının Suriya qanadının lideri Sofi Nurettin adı altından gizlənən Halef El-Muhammedin məhv edildiyi anın görüntülərini Türkiyənin Müdafiə Nazirliyi yayıb. Qeyd etmək lazımdır ki, Türkiyə Silahlı Qüvvələri son illərdə hərbi əməliyyatlar keçirib. Burada "Sülh Çeşməsi", "Fərat Qalxanı", "Zeytun Budağı" hərbi əməliyatlarından sonra PKK terrorçularının toplaşdığı yuvaların darmadağın edilməsi istiqamətində aparılan "Pəncə İldırım" və "Pəncə Şimşək" hərbi əməliyyatları çox yaxşı nəticələr verir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Ekspertin sözlərinə görə, Türkiyənin xüsusi təyinatlıları və mehmetçikləri dünya hərb tarixində uğurlu əməliyyatlarla yadda qalıblar: “Hazırda da PKK liderinin məhv edilməsi Türkiyənin şəhidlərinin qisasını alması deməkdir. Bu uğurlu əməliyyatlar münasibətilə Türkiyənin Müdafiə Nazirliyini, eləcə də Türkiyə xalqını təbrik etmək bizim üzərimizə düşür. Çünki Türkiyə 44 günlük Vətən müharibəsi dövründə - Azərbaycanın haqq savaşında siyasi və mənəvi cəhətdən yardımcı oldu. Bu dəstək Azərbaycanın gücünə güc qatdı. Türkiyənin hər bir uğuru bizim öz uğurumuz kimi qiymətləndirilir. Hərb meydanında da, Türkiyənin apardığı haqq savaşında da Azərbaycan Türkiyənin yanındadır. Bu bizim qardaşlıq, dostluq borcumuzdur. Eyni zamanda qeyd etmək lazımdır ki, PKK terror yuvalarından biri kimi Ermənistanın işğal etdiyi Qarabağ ərazisində olub. Vətən Müharibəsi dövründə Azərbaycanın xüsusi xidmət orqanlarının yaydığı səs yazılarında PKK terrorçularının burada olması ilə əlaqədar faktlar və dünyanın digər bölgələrindən PKK terrorçularının Qarabağa gəlmək niyyətləri açıq şəkildə üzə çıxıb”.
İ.Hüseynov vurğulayıb ki, bütün bunlar onu deməyə əsas verir ki, PKK-nın bir qanadı da Qarabağda fəaliyyət göstərirdi və Azərbaycanın suverenliyinə, təhlükəsizliyinə böyük təhdid törədirdi: “Bu istiqamətdə də Azərbaycan ordusu Qarabağda olan PKK yuvasının darmadağın edilməsində fəal iştirak etdi. Bundan sonra da Azərbaycan ilə Türkiyə çiyin-çiyinə dünyada anti-terror əməliyyatlarında iştirak edəcək. Azərbaycan sülhməramlıları da Türkiyə Silahlı qüvvələrinin yaxından köməkliyi ilə dünyanın ən qaynar bölgələrində sülhməramlı əməliyyatlarda iştirak edirlər. Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları mütəmadi olaraq Türkiyənin hərbi məktəblərində müvafiq seminarlar keçirlər. Bu da Azərbaycan zabitlərinin peşəkarlığının artırılmasında, müasir silahların tətbiqi istiqamətində yeni biliklər əldə etməsində və silahların mənimsənilməsində mühüm əhəmiyyət kəsb edir. Türkiyənin dünya arenasında qazandığı hər bir uğur Azərbaycanın uğurudur və Türkiyənin uğurlarının davamlı olması Azərbaycanı da qürurlandırır və bizi daha da güclü edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB