Laçının azad olunması xalqımızın və dövlətimizin rəşadətinin nəticəsidir - EKSPERT RƏYİ

Laçının azad olunması xalqımızın və dövlətimizin rəşadətinin nəticəsidir - EKSPERT RƏYİ

“Düz 28 il Laçınsız qaldıqdan sonra ilk dəfədir ki, Azərbaycan xalqı Laçınla birgə yenidən ömrünü-gününü yaşamaqda və dövlət quruculuğunu davam etdirməkdədir. 28 il öncə Laçının işğalı çox asanlıqla baş vermişdisə, 28 ildən sonra onun erməni işğalından azad olunması çox böyük çətinliklə başa gəldi. Laçının işğaldan azad olunması üçün Azərbaycan böyük resurslar, böyük intellektual zəhmət sərf etdi. Azərbaycan oğulları bu yolda şəhid oldu. Xalqımız Laçını heç bir zaman unutmadı və Laçınsız Azərbaycan dövlətinin olmayacağını bu 28 ildə demək olar ki, bütün məqamlarda nümayiş etdirdi”. Bu fikirləri SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin Baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.

Ekspertin sözlərinə görə, Laçının işğalı dövründə onun işğal səbəbləri, onun işğal olunduğu şərait nə qədər mübahisəli qarşılanırdısa, Laçının azad olunması ətrafında da bir sıra mübahisələr var və bu mübahisələrin davam etməsi təbiidir: “Çünki Laçının işğal olunması ölkədə qeyri-adi siyasi daxili proseslər şəraitində baş verib. Bu gün də Azərbaycan cəmiyyətində siyasi qüvvələrin çoxunu belə bir sual düşündürür ki, “Laçını qorumaq mümkün idi?”. Maraqlıdır ki, Azərbaycan cəmiyyətinin böyük bir hissəsi işğal zamanı Laçının müdafiəsinin mümkün olması barədə həmfikrindədir. Amma Laçının azad olunması ətrafındakı mübahisələr isə başa düşülmür”.

A.Quliyev vurğulayıb ki, müəyyən siyasi dairələr hələ də Laçının azad olunması ətrafında mübahisəli şəraitin saxlanmasında maraqlıdırlar: “Aşkar şəkildə Laçın dəhlizinin 3 il müddətinə rus sülhməramlılarının nəzarəti altında qalmasını arqument gətirərək bütün Laçının azad olunmasını faktını inkar edənlərə məsələnin mahiyətini izah etmək çətindir. Laçının işğaldan azad olunması ilə əlaqədar mübahisələr, əslində, öz kökü etibarilə xaricdən müəyyən dairələrə gedib çıxır. Çünki onlar Qarabağ münaqişəsinin bütünlüklə həll olunmasını qəti şəkildə istəmirlər və guya "Qarabağ problemi həll olunmayıb" mülahizəsini sübuta yetirmək üçün bu gün Laçının azad olunması faktı ətrafında müəyyən müzakirə və mübahisələrin qalmasına rəvac verirlər. Laçının işğalı böyük bir xəyanətin nəticəsi idi. Laçının azad edilməsi isə bütün Azərbaycanın xalqının və dövlət strukturlarının böyük rəşadəti və fədakarlığı sayəsində baş verdi”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə