“Xarı Bülbül” qızıl hərflərlə tarixə yazılacaq tədbirə çevrildi” POLİTOLOQUN ÖZƏL YANAŞMASI

Əvvəla onu deyim ki, Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, Şuşada “Xarıbülbül” Festivalının keçirilməsi sözün həqiqi mənasında Azərbaycan xalqının yüksək mədəni potensialının, burada yaşayan xalqlarla multikultural əlaqələrin necə yüksək olduğunu, multikulturalizmin Azərbaycan modelinin dünya üçün nə qədər əhəmiyyətli olduğunu bir daha göstərdi. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Qabil Hüseynli söyləyib.

Politoloq vurğulayıb ki, “Xarıbülbül” Festivalı Azərbaycanda yaşayan xalqların mədəniyyətinin, folklor ansamblarının çıxışları ilə başlandı və bu çıxışlar o qədər rəngarəng, o qədər gözəl görünürdü və bir daha aydın olurdu ki, Azərbaycanda millət və xalqların çoxluğu, onların yaratdığı mədəniyyət Azərbaycan mədəniyyətinin inciləri sırasındadır və ölkə Prezidenti belə bir təşəbbüsü ortaya atıb, ermənilərin gözünün qabağında bunu nümayiş etdirməklə, zənnimcə, ermənilərin qəlbində dərin bir həyəcan və qibtə hissi oyatdı.

“Ölkəmizdə yaşayan xalqların çiyin-çiyinə verərək, əl-ələ verərək həm Vətən Müharibəsində, həm də bu “Xarıbülbül” festivalında belə yüksək həmrəyliklə iştirak etmələri, sözün həqiqi mənasında Azərbaycan multikulturalizminin böyük gücünə, siyasi əhəmiyyətinə çox böyük önəm verildiyini göstərir. Bu tədbir dünya xalqları tərəfindən böyük rəğbətlə qarşılanır, qarşılancaq və Azərbaycanda xalqlararası tolerantlıq, xalqlararası münasibətlərin necə yüksək səviyyədə qurulduğunu açıq şəkildə göstərir.

“Xarıbülbül” Festivalında məlum oldu ki, Şuşaya Fizulidən uzunluğu 78 kilometr olan elektrik xətti çəkilib, “Şuşa” yarımstansiyası qurulub və bütün bunların hamısı 78 gündə həyata keçirilib. Bu, Azərbaycan xalqının, Azərbaycan Prezidentinin Şuşaya, bütövlükdə işğaldan azad edilmiş Qarabağ torpaqlarına böyük nəzarətinin və böyük məhəbbətinin gücüdür.

Şuşa həqiqətən sürətlə canlanır. Bu canlanma prosesi həm də milli ruhumuzu dirçəldir, milli ruhumuzun yüksəlişinə yeni bir təkan verir. Şuşada keçirilən “Xarıbülbül” Festivalı mən deyərdim ki, dünyada keçirilən müxtəlif mədəni tədbirlərin içərisində ən parlaq nümunələrdən biri sayıla bilər. Azərbaycan Prezidentinin belə bir təşəbbüsü, Azərbaycan mədəniyyət xadimlərinin buradakı çıxışları, eləcə də Azərbaycanda yaşayan xalqların folklor ansambllarının çıxışları bütövlükdə “Xarıbülbül” festivalının tarixə qızıl hərflərlə yazıla biləcək bir tədbirə çevirdi. Sonda keçirilən atəşfəşanlıq isə sözün həqiqi mənasında həm Azərbaycanın gücünü, qüdrətini, həm də müharibədəki qalibiyyətini simvolizə etdi”, deyə Qabil Hüseynli bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə