Regional Müalicə Diaqnostika Mərkəzlərində ilk dəfə olaraq endoskopik-laparoskopik əməliyyatların tətbiqinə başlanılıb
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində ARDNŞ-nin maliyyə vəsaiti hesabına inşa olunan regional Müalicə Diaqnostika Mərkəzlərində (MDM) əhaliyə günün tələbləri səviyyəsində yüksək keyfiyyətli xidmət göstərilir. ARDNŞ Sosial İnkişaf İdarəsi mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu tibb ocaqlarında quraşdırılan ən müasir avadanlıq burada ən mürəkkəb cərrahiyyə əməliyyatlarının aparılmasına imkan verir. Ötən ilin sonunda isə bütün MDM-lər endoskopik-laparoskopik cərrahi əməliyyatların aparılması üçün müvafiq cihazlarla təmin edilib. Bu məqsədlə ilk mərhələdə ARDNŞ Sosial inkişaf İdarəsinin tabeçiliyindəki səhiyyə müəssisələrində çalışan 16 həkim Türkiyə Respublikasının müxtəlif klinikalarında uzun müddətli ixtisasartırma kurslarına göndərilib.
Təkmilləşdirmə kurslarını uğurla bitirən həkim-cərrahlar orada topladıqları zəngin təcrübəni bu günlərdə real həyatda sınaqdan keçiriblər. ARDNŞ Sosial İnkişaf İdarəsinin səhiyyə məsələləri üzrə rəis müavini, tibb elmləri namizədi Fuad Əlizadənin bildirdiyinə görə, Almaniya Federativ Respublikasından dəvət olunmuş mütəxəssis- Hannover şəhər xəstəxanasının cərrahiyyə bölümünün rəhbəri, doktor Fredirik Maynik regional Müalicə Diaqnostika Mərkəzlərində gerçəkləşdirilən həmin əməliyyatlarda onlarla birlikdə iştirak edərək, öz dəyərli tövsiyələrini verib, qazandığı təcrübəni bölüşüb.
Gəncə, Zaqatala və Lənkəran Müalicə Diaqnostika Mərkəzlərində ilk dəfə tətbiq olunmaqla uğurla reallaşdırılan endoskopik-laparoskopik əməliyyatlar nəticəsində uzun müddətdən bəri öd daşı və ginekoloji xəstəliklərdən əziyyət çəkən 15-dək xəstə şəfa tapıb və 2-3 gün ərzində tam sağalaraq evə buraxılıb. Təmənnasız şəkildə əməliyyat olunan bu şəxslərin hamısı bölgə sakinləridir.
Hazırda ARDNŞ-in nəzdində fəaliyyət göstərən bütün regional Müalicə Diaqnostika Mərkəzlərində yerli mütəxəssislər tərəfindən tam sərbəst şəkildə endoskopik-laparoskopik əməliyyatların həyata keçirilməsinə başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB