İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək ŞƏRH

İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək ŞƏRH

Ölkəmizdə müharibə veteranlarına qayğının və onların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. İkinci Dünya müharibəsində od-alov püskürən cəbhələrdə ölümlə üz-üzə dayanan, qəhrəmanlıq göstərən insanlara və müharibə veteranlarına da Azərbaycanda böyük diqqət və qayğı göstərilir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, veteranlara ikinci həyatı Ulu Öndər Heydər Əliyev bəxş etmişdir. Ümummilli Lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə xüsusi diqqət yetirmiş və onlara hərtərəfli qayğı ilə yanaşmışdır. Müstəqilliyin ilk illərində veteranlara ədalətsiz münasibət heç kimin yadından çıxmayıb, AXC-Müsavat iqtidarı dövründə, hətta 9 May Qələbə Gününü də ləğv etmək fikrində idilər. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycana hakimiyyətə qayıdışından sonra bu ədalətsiz münasibət aradan götürüldü, ədalət bərpa olundu və veteranlara layiq olduqları hörmət göstərilməyə başlandı. Ulu Öndər Heydər Əliyev müharibə veteranlarını "xalqımızın qızıl fondu" adlandırırdı.

Belə ki, xalqımız faşizmə qarşı müharibədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də əsl şücaət və əzmkarlıq göstərmişdir. Ulu Öndər Heydər Əliyevin bu sahədəki siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev İkinci Dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların qayğılarına həssaslıqla yanaşır. 9 May faşizm üzərində qələbədən 76 il ötsə də, həmin illərin ağrısını-acısını yaşayan insanlar hələ də var. Azərbaycan Prezidenti İlham Əliyev İkinci Dünya müharibəsində Qələbənin 76-cı ildönümü ilə əlaqədar "1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında" Sərəncam imzalayıb. Bu Sərəncam həmin kateqoriyadan olan vətəndaşlara göstərilən yüksək diqqət və qayğının növbəti nümunəsidir.Sərəncama əsasən, 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1500,0 (bir min beş yüz) manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750,0 (yeddi yüz əlli) manat məbləğində birdəfəlik maddi yardım veriləcək. Sərəncama əsasən, Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 4,8 milyon (dörd milyon səkkiz yüz min) manat vəsait ayrılacaq. Maliyyə Nazirliyi həmin vəsaitin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik maddi yardımın isə bu Sərəncamda nəzərdə tutulmuş şəxslərə ödənilməsini təmin edəcək.Sərəncam ümumilikdə 6083 nəfərə şamil olunacaq. Onlardan 181 nəfəri İkinci Dünya müharibəsi iştirakçısı, qalanları İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş, habelə sənəddə nəzərdə tutulan digər şəxslərdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sərəncamın yüksək səviyyədə icrası təmin edilməklə, birdəfəlik maddi yardım İkinci Dünya müharibəsi iştirakçılarının və digər müvafiq şəxslərin bank hesablarına köçürüləcək. Prezident İlham Əliyevin imzaladığı Sərəncam Azərbaycanın dövlət siyasətinin insan amilinə söykənməsi və humanist mahiyyət kəsb etməsinin növbəti bariz nümunəsidir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə