"Paşinyanın xidmət müddətini azaltmaq fikri sadəcə bir fikirdir" Arman Ehoyan

Ermənistanın baş naziri Nikol Paşinyanın orduda xidmət müddətini azaltmaq fikri, sadəcə, ictimai müzakirəyə çıxarılan bir fikirdir. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, hakim “Mənim addımım” blokundan millət vəkili Arman Ehoyan, bunu 20 aprel tarixində Ermənistan Milli Məclisində keçirilən ənənəvi brifinqlər zamanı Nikol Paşinyanın hərbi xidmətə çağırış sistemini dəyişdirməyin lazım olduğunu söyləməsinə münasibət bildirərkən söyləyib.
Deputatın fikrincə, bu fikir dəyişdirilə bilər və bu təklifin ümumi məzmunu əhəmiyyətli dərəcədə dəyişəcəkdir.
“Bir fikir səsləndirildikdə onu təsdiqlənmiş bir proqram kimi təqdim etməyin. Tamamilə fərqli fikirlər səsləndirilə bilər. Dünyada bir-birindən tamamilə fərqli ordular, fərqli xidmət şərtləri, fərqli intensivlik, fərqli zaman aralığında xidmət göstərmək var”, deyə millət vəkili bildirib.
Xatırladaq ki, son zamanlar Paşinyan seçki öncəsi görüşlər keçirdiyi kiçik kəndləri belə gəzir. Onlarda, qalmaqallı təkliflərlə danışır, sonradan öz komandası bu təklifləri rədd edir. Xüsusilə paytaxtda, kəndlərdən birində elan edilən, İrəvanın mərkəzindəki dövlət universitetlərinin binalarını satma təşəbbüsü də qəzəb dalğasına səbəb olub.
Göründüyü kimi, Nikol Paşinyan sərsəm fikirlər, təkliflər, ifadələr səsləndirməkdə davam edir və bu da nəinki ölkə ictimaiyyəti, hətta onun öz komandasının üzvləri tərəfindən də yaxşı qarşılanmır. Erməni baş nazirinin fikirlərinin öz tərəfdarları, hakim partiya nümayəndələri arasında da birmənalı qarşılanmadığı göz qabağındadır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə