Böyük Zəfərdən Böyük Quruculuğa...

Prezident İlham Əliyev: “Biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam”

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev ailə üzvləri ilə birlikdə işğaldan azad olunan torpaqlara səfərləri, xüsusilə də 30 ilə yaxın zaman müddətində mədəniyyət ocağımız Şuşaya Novruz bayramında səfər etməsi xalqımızı qürurlandırdı, torpaqlarımıza yeni nəfəs verdi, Qarabağımızı öz Xilaskarına qovuşdu, bayram tonqalı yandırmaq həsrətinə son qoyuldu. Azərbaycan Prezidenti İlham Əliyev ailə üzvləri ilə birlikdə Novruz bayramını Şuşada qarşıladı. İlin axır çərşənbəsi axşamı gözəlliklər məkanında qalanmış bayram tonqalı hamımıza böyük sevinc bəxş etdi. Ən əsası isə Şuşanın 29 illik işğaldan sonrakı büsatını bir daha bütün dünyaya çatdırdılar.

Həmçinin, Prezident İlham Əliyev qələbəmizi sərkərdə qətiyyəti ilə təmin etdi, eyni zamanda Dağlıq Qarabağ məsələsi ətrafında yeni tarixi şərait yaratdı. Dünya bir daha erməni barbarlığının, vandallığının şahidi olmaqla, həm də Azərbaycan dövlətinin «Dəmir yumruq» siyasəti ilə qorxaq erməni əsgərlərini Müzəffər Ordumuzun əsgər və zabitləri iti qovan kimi qovaraq, Ermənistan kapitulyasiyaya imza atdı.

“Ermənistan kapitulyasiya aktını imzalamasaydı, özləri bilirlər bu müharibə nə ilə qurtaracaqdı”

“Əgər kapitulyasiya aktı Ermənistan tərəfindən imzalanmasaydı, özləri bilirlər ki, bu müharibə nə ilə qurtaracaqdı. Bax, budur bizim gücümüz. Budur bizim birliyimiz. Dəmir yumruq sizin başınızı əzdi”.

Dövlət başçısınını dediyi kimi, bundan sonra artıq heç kim bizimlə ultimatum dili ilə danışmayacaq: “O cümlədən rəzil vəziyyətdə olan Paşinyan. Bizə 7 şərt irəli sürürdü. Bütün o şərtləri başına vurduq. Nə oldu o şərtlər? Mənim bir şərtim var idi: rədd ol çıx get! Və o şərtə əməl edildi. Güc hesabına! Birlik hesabına! İgidlərimiz hesabına! Şəhidlərimiz hesabına!”

Belə ki, şəhər və kəndlərimiz azad olunduqca əyani şəkildə aydın oldu ki, işğalçı yaşayış məntəqələrimizdə daşı daş üstə qoymayıb. Əslində, Ermənistanın işğal etdiyi ərazilərimizi viran qoyması əvvəldən də məlum idi. Sadəcə, həmin ərazilər düşmənin nəzarətində olduğundan bununla bağlı faktları dünyaya çatdırmaq mümkün deyildi. Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Ağdamın işğaldan azad olunması erməni vandallığını olduğu kimi dünyaya çatdırmağa imkan verdi. Cəbaryıl, Füzuli, Ağdam şəhərlərində, bu rayonların kənd və qəsəbələrində bir yaşayış binası, bir ev belə salamat qalmayıb. Erməni vandalları binaları daşlarına qədər söküb, şəhər və kəndləri xaraba qoyublar, milli-mədəni, tarixi və dini abidələrimizə də qənim kəsilib, dağıda bildiyini dağıdıb, talaya bildiyini talayıblar. O cümlədən yeraltı və yerüstü sərvətlərimizi 30 il ərzində qanunsuz şəkildə istismar edib və oğurlayıblar. İşğal altında olan ərazilərimizin gözəl təbiəti də erməni xislətinin qurbanı olub, meşələr, qiymətli ağac növləri kəsilib, tarixi orta əsrlərə qədər uzanan ağaclar məhv edilib.

Bəli, müharibə həm də dağıntı deməkdir. Amma Dağlıq Qarabağ savaşında dağıntıların yeganə müəllifləri erməni işğalçıları oldular. Çünki tarix boyu müharibə zamanı şəhərləri dağıdanlar, vandallığa yol verənlər, mədəniyyətə qənim kəsilənlər həmişə mədəni şüur səviyyəsi aşağı olan xalqlar olublar. Qədim romalılar onlara “barbar” deyirdilər, hansı ki, onlar Romanı dağıdıb yandırmışdılar. Bu gün isə müharibə, milli, dini, irqi ayrı-seçkilik və aparteid siyasəti yeridənlər, mədəni sərvətləri dağıdanlar da məcazi mənada barbarlar adlandırılır. Lakin bütün bunlara baxmayaraq artıq...

Böyük Qayıdış başlayıb...

Qarabağın dirçəlişi və işğaldan azad olunmuş ərazilərimizə Böyük Qayıdış isə çoxdan başlayıb. Belə ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasının təməli hələ bir neçə il əvvəl Cəbrayılın Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə qoyulub. Hələ o zaman bu kiçik kəndin timsalında xalqımız gördü ki, Prezident İlham Əliyev tezliklə bütün torpaqlarımızı işğaldan azad edəcək və həm də onları yenidən dirçəldəcək. Hər birimiz hələ o zaman İlham Əliyevin qələbə və quruculuq əzminin, qətiyyətinin şahidi olmuşduq.

İndi isə bütün azad olunmuş şəhər və rayonlar dirçəliş yolundadır. Hələ müharibənin davam etdiyi günlərdən İlham Əliyevin göstəriş və tapşırıqları ilə azad olunmuş ərazilərdə kommunikasiyaların bərpasına başlanılıb. 2020-ci ilin yekunlarına həsr olunmuş və videoformatda keçirilən müşavirədə yekun nitqini bu mövzu ilə tamamlayan Prezident İlham Əliyev Qarabağ bölgəsində cənnət yaradılacağını bəyan etdi: “Müharibə cəmi iki aya yaxındır ki, başa çatıb. Amma görün, nə qədər böyük işlər görülüb. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam”.

İşğaldan azad olunmuş ərazilərdə şəhər və kəndlərin bərpası və yenidən qurulması, elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal, digər zəruri infrastrukturların, mədəni-tarixi abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin tikintisi və digər məqsədlərlə 2021-ci ilin dövlət büdcəsində 2,2 milyard manat vəsait ayrılıb.

Dünya xalqımızın quruculuq əzminin şahidi olacaq

Bəli, artıq qələbəmizdən 5 aydan da çox zaman keçib, azad olunmuş torpaqlarımızda böyük canlanma var. Yanvarın 4-də Prezident İlham Əliyev “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında imzaladığı Fərmanda qeyd olunur ki, otuz ilə yaxın bir müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılması ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biri olacaq: “Azərbaycan iqtisadiyyatının tərkib hissəsinə çevrilməsi məqsədilə işğaldan azad edilmiş bölgələrdə məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallıq təmin ediləcək, bu ərazilərdə həyata keçiriləcək quruculuq-bərpa işləri ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını daha da möhkəmləndirməklə yanaşı, Azərbaycanın yeni inkişaf prosesində mühüm mərhələ olacaqdır”.

Hazırda işğaldan azad olunmuş ərazilərdə kommunikasiyaların bərpası istiqamətində çoxsaylı layihələr icra olunur. Yollar çəkilir, enerji ilə təminat məsələləri yoluna qoyulur. Bunlar ilkin addımlardır. Böyük qayıdış isə kompleks tədbirlər sistemindən ibarətdir. Bu proqrama uyğun olaraq işğaldan azad olunmuş bütün ərazilərimiz tamamilə yenidən qurulacaq, doğma yurdlarına qayıdacaq vətəndaşlarımızın layiqli yaşayışı, məişəti, məşğulluğu təmin ediləcək. Qarabağ bölgəsi Azərbaycanın iqtisadiyyatına böyük töhfələr verəcək. Bütövlükdə, işğaldan azad olunmuş ərazilərimizdə inkişafın Azərbaycan nümunəsinin yeni təntənəsi yaşanacaq.

Füzulidən Şuşaya yol - Zəfər yolu

Prezident İlham Əliyev Füzuli və Xocavənd rayonlarına səfəri zamanı bildirib ki, bu gün Füzuli-Hadrut yolunun təməlini qoyacam. Bu avtomobil yolunun inşası azad edilmiş ərazilərin inkişafı üçün böyük əhəmiyyət daşıyır: “Artıq bir neçə yol layihəsi icra edilməkdədir. Azad edilmiş ərazilərin bərpasına başlanılıb. Füzulidən Şuşaya yol, Zəfər yolu çəkilir. Eyni zamanda Bərdə-Ağdam yolunun çəkilişi yaxın gələcəkdə icra ediləcəkdir. Horadizdən Zəngilana qədər də yol çəkiləcək. Bir sözlə, müharibədən 4 ay keçməsinə baxmayaraq, böyük quruculuq işlərinə başlanılıb”.

Ümumiyyətlə, Azərbaycanın işğaldan azad edilən ərazilərdə bərpa planları kifayət qədər genişdir. Vətən müharibəsində qazanılan şanlı qələbə sayəsində geri qaytarılan ərazilərin tezliklə bərpa edilməsi üzrə işlərin həyata keçirilməsi, müvafiq infrastrukturların yaradılması, həmin regionun Azərbaycan iqtisadiyyatına inteqrasiyasının təmin edilməsi üçün bu ilin dövlət büdcəsində 2,2 milyard manat vəsait nəzərdə tutulub. Müşavirədə də bildirildiyi kimi, ordunun təchizatı, respublikamızın sərhədlərinin bərpa edilməsi üzrə işlərin maliyyələşdirilməsi də nəzərə alınmaqla, ümumilikdə bu tədbirlərə 4,6 milyard manat maliyyə təminatı ayrılıb.

Göründüyü kimi, böyük qələbə həm də ölkəmiz qarşısında geniş iqtisadi imkanlar açıb. Prezident İlham Əliyevin yeni inkişaf konsepsiyası əsasında reallaşacaq yeni qlobal layihələr Azərbaycana iqtisadi və siyasi dividendlər gətirəcək. Prezident İlham Əliyevin siyasi iradəsi ilə bütün çətinliklərə, beynəlxalq ədalətsizliyə mətinliklə sinə gərən Azərbaycan dövləti inamla torpaqlarını azad etdiyi kimi, həm də erməni vandallığının qurbanı olan bütün şəhər və kəndlərini yenidən quracaq və dirçəldəcək. İşğaldan azad edilmiş rayonlarımıza, bütün Qarabağa yeni nəfəs veriləcək, bu torpaqlarda həyat qaynayacaq, dünya Azərbaycan xalqının quruculuq əzminin şahidi olacaq.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə