"Ermənilər yolun sonuna gəliblər" Əziz Ələkbərli

“33 il əvvəl yenidən baş qaldıran erməni faşizminin belini qırıb, torpaqlarımızı 30 illik işğaldan azad edən, bununla ata vəsiyyətinə və Azərbaycan xalqına verdiyi sözə qətiyyətlə əməl edən Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti, dünya azərbaycanlılarının alternativsiz Lideri İlham Əliyev ADA Universitetində "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışı zamanı Ermənistana və dünya ermənilərinə bir çox məsələlərlə bağlı yenidən bir sıra mesajlar verdi. Mən bunlardan Azərbaycanın tarixi torpaqları olan İrəvan və Zəngəzurla bağlı mesajlara diqqət çəkmək istəyirəm”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri Milli Məclisin deputatı Əziz Ələkbərli deyib.

Əziz Ələkbərli fikirlərinə davam edərək bildirib: “Öncə oradan başlamaq istəyirəm ki, iki yüz ildən çoxdur ermənilərin Cənubi Qafqazda xalqımıza qarşı etmədiyi vəhşilik, törətmədiyi yaramazlıq qalmayıb və öz əməllərini həmişə görməzlikdən gəliblər, bir müddət sonra yenə əməllərini davam etdiriblər. Cənab Prezident çıxışında bildirdi ki, artıq “Biz Ermənistan ordusu tərəfindən törədilmiş vəhşilikləri unuda bilmərik. Biz heç vaxt Ermənistan və qondarma “Dağlıq Qarabağ rejimi”nin rəhbərliyi tərəfindən törədilmiş Xocalı soyqırımını və günahsız qurbanların xatirəsini unutmayacağıq. Bu səbəbdən həmin yaddaşın bizimlə qalacağını anlamaq olduqca vacibdir. Bu yaddaş qəlblərimizdə yaşayacaq”.

Həm də bu tarixi biz ona görə unutmayacağıq ki, bütün bu vəhşiliklər adi müharibə fəlakəti deyil, torpaqlarımız 30 illik işğaldan azad edildikdən sonra gördük ki, işğal dövründə bu ərazilərimizdə daş üstündə daş qalmayıb, tarixi abidələrimiz məhv edilib, maddi mədəniyyət nümunələrimiz talanıb, hətta qəbirlər sökülərək mərhumlarımızın ruhları təhqir olunub, sümükləri haralarasa daşınıb və cənab Prezident dedi ki, “onlar bunu bilərəkdən, Azərbaycan mədəniyyətinin izini itirmək, bu torpaqları bizim yaddaşımızdan silmək və həmin ərazilərin mənşəyini dəyişdirmək məqsədilə ediblər”.

İkincisi, ADA-dakı konfransda ABŞ-ın Prinston Universitetinin dosenti Maykl Reynoldz çıxışında dedi ki, “müharibə zamanı bəzi azərbaycanlılar İrəvanın və bugünkü Ermənistan Respublikasının digər bölgələrinin tarixi Azərbaycan torpaqları adlandırmışlar. Tarixçi olaraq bilirəm ki, bu fikir tarixi həqiqətə əsaslanır” və sual verdi ki, “Azərbaycan hazırkı Ermənistan ərazisinin bir hissəsinin tarixən Azərbaycana məxsus olması və həmin ərazilərin bir gün Azərbaycan tərəfindən geri qaytarıla biləcəyi ilə bağlı iddialardan çəkinəcəkmi?

Və cənab Prezident suala konkret faktlarla cavab verdi: “Mən deyəndə ki, Zəngəzur qədim Azərbaycan torpağıdır, bu, həqiqətdir. Zəngəzur 1920-ci ildə Ermənistana verilmişdir – 101 il əvvəl. Ondan əvvəl o torpaq bizə məxsus idi. Onların bu gün Sevan adlandırdığı Göyçə gölünün ətrafında azərbaycanlılar yaşayıblar. Bu da bir həqiqətdir. XX əsrin əvvəlindəki xəritələrə baxsanız, Sevan deyil, Göyçəni taparsınız. İrəvanla bağlı da məsələ eynidir. Onlar İrəvanın tarixi hissəsini məhv ediblər. Bunlar hamısı faktlardır. Azərbaycanlılar orada yaşamışlar, o cümlədən mənim ulu babalarım. Bunlar hamısı faktlardır”.

Üçüncüsü. Bununla belə, cənab Prezident xüsusi olaraq qeyd etdi ki, bütün bunlar Azərbaycanın Ermənistana torpaq iddiasında olması anlamına gəlmir. Lakin bizcə, bu, Azərbaycanın 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü, 1988-1991-ci illərdə öz dədə-baba torpaqlarından, evlərindən, ocaqlarından vəhşiliklə, malları, mülkləri əllərindən zorla alınaraq qovulmuş milyonlarla soydaşımızın öz yurdlarına qayıtmaq iddiasından imtina edilməsi anlamına da gəlmir və əsla gəlmir! Bəli, Azərbaycan ermənilərin son iki yüz ildə xalqımıza qarşı törətdiyi bütün vandalizm hərəkətlərinə rəğmən onlarla birgəyaşayışın tərəfdarıdır. Lakin bu birgəyaşayış ancaq Azərbaycan ərazisində olmamalıdır, söhbət ermənilərlə azərbaycanlıların birgəyaşayışından gedirsə, bu birgəyaşayış Azərbaycan ərazisi olan Qarabağla yanaşı, həm də Ermənistanın Zəngəzur ərazisində olmalıdır.

Cənab Prezident də məhz bunu nəzərdə tutaraq dedi: “Mən demişəm ki, biz oraya qayıdacağıq. Ancaq mən demədim ki, biz oraya tank üzərində qayıdacağıq. Biz Zəngəzur dəhlizinə qayıdıb orada yoldan istifadə edəcəyiksə, niyə biz İrəvana qayıtmayaq? Hesab edirəm ki, vaxtı gələndə biz bunu da edəcəyik”. Bu, birgəyaşayışın alternativsiz formuludur.

Cənab Prezident diqqəti Zəngəzur dəhlizinə də çəkdi, “Türkiyə sərhədi həmişəlik bağlı saxlayaraq yaşaya bilər”, – dedi və bildirdi ki, Azərbaycan Naxçıvanla əlaqəsini bu dəhlizsiz də təmin edib, ona görə də biz də bu dəhlizsiz həmişəlik yaşaya bilərik. Deməli, bu dəhliz ermənilərin və Ermənistanın özünə daha çox lazımdır. Lakin təəssüf ki, Ermənistan siyasi dairələrində vəziyyətə real baxacaq kimsə yoxdur, olsa belə, fikrini açıq şəkildə bildirmək iqtidarında deyil.

Bir sözlə, erməni siyasətçiləri erməniləri və Ermənistanı dərin bir uçurumun qaşına qədər sürüyüb gətiriblər. Bundan o yana iki yol var: ya diz çöküb günahlarının bağışlanmasını diləmək, ya da uçuruma tullanmaq. Erməni siyasiləri və Ermənistan ictimaiyyəti bilməlidir ki, onlar özləri üçün üçüncü bir yol qoymayıblar. Bu yolu özləri seçiblər və artıq bu yolun sonuna gəliblər”. yap.org.az

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...