“Qasparyan yalan danışırdısa, niyə tutulmadı?” Naira Zohrabyan

Çiçəklənən Ermənistan fraksiyasının millət vəkili Naira Zohrabyan Nikol Paşinyanın öz seçki kampaniyasına artıq dünəndən başladığını zənn etdiyini bildirib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, millət vəkili bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Seçki kampaniyası dövründə ona veriləcək bütün sualları gizlətmək üçün Paşinyan yalan danışmağa və manipulyasiya etməyə çalışdı. Ona elə gəldi ki, bu sualların qarşısını alıb. Ancaq dünənki açıqlamalarla özünü daha bir çıxılmaz vəziyyətə saldı”, deyə Zohrabyan bildirib.

Millət vəkili məsələnin, vəziyyətin sual doğurduğunu da deyib.

“Onik Qasparyan, Paşinyanın dediyi kimi yalan danışdısa və Təhlükəsizlik Şurasının iclasında belə bir açıqlama vermədisə, onda niyə Qasparyan yalan ifadəsinə görə mühakimə olunmadı?”, deyə Çiçəklənən Ermənistan fraksiyasından olan millət vəkili sual edib.

“Əgər ölkənin ali baş komandanı 44 gün ərzində generallarının qorxaq, qaçaq olduğunu bildiyini etiraf edirsə, deməli müharibə dövründə o, qorxaqlıq, fərarilik və xəyanət üçün bütün məsuliyyəti onlarla birgə bölüşür”, deyə Naira Zohrabyan baş nazir Nikol Paşinyanı qorxaq, fərari və xəyanətkar adlandırıb.

Xatırladaq ki, erməni baş nazir Nikol Paşinyan Ermənistan Parlamentində son çıxışı zamanı Onik Qasparyanın ona, 44 günlük müharibənin dördüncü günündə hərbi əməliyyatları dayandırmaq kimi Ermənistanın çarəsizliyi barədə dediyini təkzib edib. Baş nazirin bu çıxışı heç də birmənalı qarşılanmayıb və ona qarşı ittihamlar durmadan artmaqdadır və Çiçəklənən Ermənistan fraksiyasından olan millət vəkilinin də ittihamları bu qəbildəndir və heç də təsadüfi deyil.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə