"Tarixi Zəfərimiz ədalətin təntənəsidir" Əliabbas Salahzadə

"44 günlük İkinci Qarabağ müharibəsində Qələbəmiz uğurlarımızın zirvəsidir". SİA-nın verdiyi məlumata görə, bunu Milli Məclisin deputatı Əliabbas Salahzadə deyib.

Onun sözlərinə görə, Azərbacanın bugünkü uğurlarını düzgün dəyərləndirmək üçün müstəqilliyimizin ilk illərində yaşananları yada salmağa, bir sözlə, müstəqillik tariximizin ayrı-ayrı mərhələlərini təhlil etməyə böyük ehtiyac vardır: "Müstəqilliyimizin ilk illərində Azərbaycan ən ağır günlərini yaşayırdı. Həmin dövrdə ölkəmizə rəhbərlik edənlərin siyasi savadsızlığı, idarəçilik qabiliyyətlərinin yoxluğu, öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları Azərbaycanı müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdur. Möhtərəm Prezidentimiz İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışı mərasimində də diqqəti həmin dövrün reallıqlarına yönəldərək bildirmişdir ki, məhz Azərbaycan xalqının dəstəyinə arxalanaraq ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndən sonra bütün xoşagəlməz hallara son qoydu, qanunsuz silahlı birləşmələri tərksilah etdi, sabitlik, qayda-qanun yaradıldı və nizami ordu quruculuğu başlandı".

Ə.Salahzadə bildirib ki, 2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Prezident seçilən cənab İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün təmin ediləcəyi vədini verdi və bu istiqamətdə mühüm addımlar atdı: “Hər zaman bəyan edilirdi ki, xalqımız torpaqlarımızın işğalı ilə barışmayacaq. Münaqişənin sülh danışıqları əsasında həlli mümkünsüz olduğu təqdirdə hərb yoluna üstünlük veriləcək. Elə də oldu. Azərbaycan dövləti Ermənistanın və ona havadarlıq edən dövlətlərin imitasiya naminə danışıqlarının müsbət heç nə vəd etmədiyini, vaxt uzatmağa xidmət etdiyini yaxşı bilirdi. Ölkəmiz danışıqları davam etdirməklə yanaşı, bütün sahələrdə davamlı uğurlara imza atır, münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdırmışdır. Dövlətimizin başçısının nitqində vurğuladığı kimi, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması ən vacib məsələlərdən biridir. İkinci Qarabağ müharibəsi göstərdi ki, bu sahədə də böyük uğurlar əldə edilib. Ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi prioritet məsələ kimi öndə olub. Ordunun maddi-texniki təchizatı, döyüş qabiliyyəti, peşəkarlığı, xidmət şəraiti, hərbçilərin məişət şəraiti yaxşılaşdırıldı. Ötən dövr ərzində elə güclü ordu yaradılıb ki, beynəlxalq reytinqlərdə dünyanın ən güclü 50 ordusu sırasında qəraralaşır. Təbii ki, indi müharibədən sonra daha da yüksək yerlərə qalxacaq. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində gücünü, qüdrətini, hansı imkanlara malik olduğunu Ermənistana və ona havadarlıq edənlərə nünayiş etdirdi".

“Bu Qələbə, ordumuzun Zəfər sevinci xalqımızın qalib Prezident İlham Əliyevin ətrafında "dəmir yumruq" kimi birləşməsinin ifadəsidir” söyləyən Ə.Salahzadə qeyd edib ki, 44 günlük Vətən müharibəsi ermənilərin uzun illər yaratdıqları “məğrur erməni ordusu” mifini dağıtdı: “Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusu qarşısında diz çökdü, geri çəkildi. Müharibə dövründə düşmənin nə qədər hərbi texnikası, silah-sursatı məhv edildi və qənimət kimi götürüldü. Cənab İlham Əliyev xalqa müraciətlərində daim bildirirdi ki, mənfur düşmənin qənimət kimi götürülmüş və məhv edilmiş hərbi texnikası Zəfər Paradında nümayiş etdiriləcək. 10 dekabr Zəfər Paradı müasir müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, Ermənistanın biabırçı məğlubiyyətinin təqdimatı oldu. Ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakıda Hərbi Qənimətlər Parkının açılışı da bu istiqamətdə atılan addımların davamıdır. Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzaladı, Hərbi Qənimətlər Parkının salınması ilə bağlı təşəbbüs irəli sürdü. Çox qısa zamanda görülən genişmiqyaslı işlər nəticəsində açıq səma altında nadir park salınıb. İnformasiya mübarizəsinin davam etdiyi hazırkı dövrdə təbliğat işinin gücləndirilməsinə yönələn hər bir addım əhəmiyyəti ilə diqqət çəkir, ölkə ictimaiyyəti tərəfindən böyük dəstək qazanır. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, İkinci Qarabağ müharibəsi şanlı tariximizdir. Xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək. Müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik".

Millət vəkili qeyd edib ki, xalqımız Böyük Qayıdışa hazırlaşır. “Biz bütün azad edilmiş torpaqları bərpa edəcəyik” söyləyən dövlətimizin başçısı İlham Əliyev bu çağırışı da edir ki, erməni vəhşiliyini heç vaxt unutmamalıyıq. Azərbaycan xalqı çox xeyirxah xalqdır. Bu, həm bizim üstünlüyümüzdür, eyni zamanda, qarşısında vəhşi olanda, xeyirxah olmaq olmaz.

“Hərbi Qənimətlər Parkının hər bir ziyarətçisi Silahlı Qüvvələrimizin gücünü, iradəmizi görəcək. Təbliğat işinə böyük töhfə olacaq bu parkda təqdim edilən eksponatların vasitəsilə bir daha Zəfərimizin necə çətinliklə əldə edildiyi hər kəsə çatdırılacaq. İllərdir istehkamlar quran, havadarlarının dəstəyi ilə silahlanan Ermənistan silahlı qüvvələrini diz çökdürən Azərbaycan Ordusu qəhrəmanlığı, peşəkarlığı, Vətən sevgisi ilə bütün bu maneələri dəf etdi, işğala son qoydu, torpaqlarımız sahibinə qovuşdu”,- deyə Əliabbas Salahzadə bildirib. yap.org.az

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...