İlham Əliyevin parlaq qələbəsi xalqın bu siyasətə tam dəstəyinin reallığıdır - 11 aprel seçkiləri
Prezident İlham Əliyev: “Azərbaycanda seçkilərin keçirilməsində artıq böyük təcrübə var və biz ən qabaqcıl təcrübəni öyrənirik, Azərbaycanda tətbiq edirik”
Demokratik cəmiyyətlərdə hakimiyyətin mənbəyi xalqdır. Bu mənada demokratik seçkilər dövlətin və ictimai həyatın idarə olunmasında vətəndaşların əsas iştirak formasıdır. İstənilən dövlətdə seçkilərin ədalətli və şəffaf keçirilməsi həmin cəmiyyətin demokratik mühitinin yüksək olmasından xəbər verir. Bu prosesin məntiqi yekunu olaraq hər bir xalq öz taleyini inandığı siyasi qüvvəyə etibar edir. Bu gün təqdirəlayiq haldır ki, respublikamızda seçkilərin demokratik keçirilməsi ilə bağlı kifayət qədər təcrübə və zəngin ənənə mövcuddur. Bu ənənənin əsasının qoyulmasının tarixi 17 il əvvələ gedib çıxır.
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra demokratik seçki mühitinin formalaşdırılması Azərbaycanda hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən birinə çevrilmişdir. Heydər Əliyevin Prezident seçilməsi ölkəmizdə xalqın öz rəhbərinə sonsuz məhəbbətinin ifadəsi olmaqla bərabər, demokratiyanın inkişaf etdirilməsinin, vətəndaş cəmiyyəti quruculuğunun, o cümlədən seçki sisteminin ildən-ilə təkmilləşdirilməsinin əsasını qoymuşdur.
1993-cü ilin iyun ayından etibarən ölkəmizdə 6 prezident, 7 parlament, 6 bələdiyyə seçkisi, o cümlədən 4 referendum keçirilmişdir. Ayrı-ayrı vaxtlarda parlamentə və bələdiyyələrə əlavə və təkrar seçkilər də təyin olunmuşdur. Bütün bu seçki və referendumlara dair beynəlxalq təşkilatların verdikləri müqayisəli rəylər onu təsdiq edir ki, Azərbaycanda seçkilərdən-seçkilərə vətəndaşların siyasi şüuru və seçki mədəniyyəti daha da yüksəlmişdir.
Demokratik ölkələrin seçki təcrübəsi göstərir ki, hər bir seçkinin uğurunu təmin edən şərtlər sırasında siyasi iradə və ictimai-siyasi sabitlik amilləri ilə yanaşı, təkmil seçki qanunvericiliyinin də olması vacibdir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkəmizdə demokratik standartlara cavab verən azad, ədalətli, obyektiv seçkilərin keçirilməsi üçün əsas prioritetləri müəyyənləşdirmişdir. Əsas Qanunda təsbit olunmuş müddəalara istinadən Azərbaycanda seçkilərin hüquqi bazası formalaşdırılmışdır. Konstitusiyanın 4-cü maddəsinə əsasən, xalqın seçdiyi səlahiyyətli nümayəndələrdən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və müraciət etmək hüququ yoxdur. Əsas Qanunun 56-cı maddəsinə əsasən, hər bir Azərbaycan vətəndaşının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ var.
Bütövlükdə respublikamızda demokratik institutlar inkişaf etdikcə seçki sisteminin təkmilləşdirilməsi prosesi ötən illərdə uğurla həyata keçirilmişdir. Əlbəttə, bütün bunların kökündə Azərbaycan hakimiyyətinin ölkədə demokratiyanın inkişafı ilə bağlı qətiyyətli və ardıcıl siyasəti dayanır. Ölkəmizdə keçirilmiş hər bir seçki əvvəlkinə nisbətən beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində irəliyə doğru atılmış addım kimi qiymətləndirilir. Bunu nüfuzlu beynəlxalq təşkilatların seçkilərə dair verdikləri rəylərin müqayisəli təhlili göstərir. 2003-cü il oktyabrın 15-i - xalqın demokratik seçiminin dönməzliyini və ölkədə demokratik islahatların davamlılığına sadiqliyini bir daha sübut etdi.
2003-cü il oktyabrın 15-də azad, demokratik və şəffaf şəraitdə keçirilmiş prezident seçkiləri Seçki Məcəlləsinin mütərəqqi və təkmil sənəd olduğunu tam təsdiqlədi. Azərbaycan Respublikası prezidentliyinə bütün namizədlərə öz seçki kampaniyalarını qanunamüvafiq şəkildə aparmaq üçün lazımi mühit və bərabər imkanlar yaradıldı. Bununla yanaşı, fəal seçki kampaniyasının aparılması, seçkilərə texniki hazırlığın yüksək səviyyədə təşkili, MSK və dairə seçki komissiyalarının işi müsbət məqamlar kimi ATƏT, AŞ və ATƏT parlament assambleyalarından ibarət Beynəlxalq Seçki Müşahidəsi Missiyasının seçkilərə dair rəyində əksini tapdı. 15 oktyabr 2003-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkiləri xalqın demokratik seçiminin dönməzliyini və ölkədə demokratik islahatların davamlılığına sadiqliyini bir daha sübut etdi, demokratik cəmiyyət quruculuğunda mühüm irəliləyiş kimi tarixə düşdü. Bir sözlə, yeni Seçki Məcəlləsi Azərbaycanın seçki sisteminə verilmiş ən mühüm töhfələrdən biri oldu. Bu sənədin qəbulu ölkəmizdə möhkəm və səmərəli fəaliyyət göstərə bilən seçki sisteminin yaradılmasına gətirib çıxarmışdır.
Son 17 il - seçki sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlərin əyani təsdiqi
Beynəlxalq miqyasda respublikamızın demokratik imicinin daha da yüksəlməsinə nail olan Prezident İlham Əliyev də seçki sisteminin daha da təkmilləşməsini və hər bir seçkinin ədalətli və şəffaf keçirilməsini diqqət mərkəzində saxlayır. Məhz cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etməsindən sonra seçki sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlər bunun əyani təsdiqidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il mayın 11-də parlament seçkilərindən bir qədər əvvəl imzaladığı "Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair" sərəncamı ölkəmizdə keçirilən seçkilərin daha da demokratikliyinin təmin edilməsi istiqamətində mühüm əhəmiyyət kəsb etmişdir. İlk gündən həm ölkə daxilində, həm də beynəlxalq aləmdə böyük rəğbətlə qarşılanan sərəncamda azad və ədalətli seçkilərin keçirilməsinə mane olan amillərin aradan qaldırılması yolları birmənalı göstərilmiş, eləcə də seçkiqabağı mühitin demokratikləşdirilməsi ilə bağlı konkret vəzifələr öz əksini tapmışdır. Sərəncamda seçki rəsmilərinin təlim kurslarından keçməsi məqsədilə müvafiq proqramlar hazırlanması, bu sahədə bütün siyasi qüvvələrlə, beynəlxalq təşkilatlarla hərtərəfli əməkdaşlığın həyata keçirilməsi, seçki prosesinə qanuna zidd olaraq müdaxilə edən mərkəzi və yerli icra hakimiyyəti orqanları rəhbərlərinin, digər dövlət məmurlarının hüquqi məsuliyyətə cəlb edilməsi, seçkilərdən sonra siyasi mənsubiyyətə görə vətəndaşların təqibinə yol verilməməsi əksini tapmışdır. Televiziya kanallarında deputatlığa namizədlərin bərabər əsaslarla təbliği və siyasi platformaların müzakirəsini təmin edən proqramların hazırlanması, bütün deputatlığa namizədlərin kütləvi informasiya vasitələrindən bərabər qaydada istifadə etmələri və onlar üçün bərabər təbliğ imkanlarının yaradılması, ixtisaslaşmış ictimai rəyçilər tərəfindən "exit poll" prosesinin aparılması, vətəndaşların sərbəst toplaşmaq azadlığının təmini, seçici vəsiqələrinin çatdırılması, seçici siyahılarının dəqiq, dürüst tərtibi və açıq nümayiş etdirilməsi üçün zəruri tədbirlərin görülməsi kimi məsələlər sərəncamda göstərilmişdir.
Sərəncamdan sonra seçki praktikasının təkmilləşdirilməsi sahəsində görülən tədbirlərin səmərəliliyinin artırılması, Seçki Məcəlləsinin müddəalarının seçkilərə hazırlıq dövründə və səsvermə günü tam və şərtsiz həyata keçirilməsi, vətəndaşların seçki hüquqlarının daha dolğun təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti 2005-ci il oktyabrın 25-də "Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" növbəti sərəncam imzalamışdır. Sərəncamla MSK-ya seçici vəsiqələrinin paylanması və seçici siyahılarının dəqiqləşdirilməsi ilə əlaqədar yaranmış problemləri nəzərə alaraq, seçicilərin səsvermə günü seçki bülletenlərini aldıqları zaman barmaqların gözə görünməyən mürəkkəblə işarələnməsi qaydalarını hazırlamaq, seçicilərin ünvanlarının tam göstərildiyi seçici siyahıları ilə bütün maraqlı şəxslərin tanış olmaları üçün müvafiq şərait yaradılmasını təmin etmək tövsiyə olunmuşdur.
Bütün bunların nəticəsi idi ki, 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilər demokratikləşmə prosesini sürətləndirən bir çox pozitiv yeniliklərlə yadda qalmış, həmçinin beynəlxalq müşahidəçilər və təşkilatlar seçkilərin şəffaflığına, ədalətliliyinə, demokratik prinsiplərə uyğun keçirilməsinə dair müsbət rəy vermişlər.
Seçkilərin demokratikliyinin təmin edilməsi istiqamətində görülən işlər çoxşaxəlidir
Təbii ki, respublikamızda seçkilərin demokratikliyini təmin etmək üçün görülən işlər yalnız seçki qanunvericiliyinin təkmilləşdirilməsi ilə məhdudlaşmamışdır. Belə ki, son illərdə Azərbaycanda geniş vüsət alan quruculuq və abadlıq işləri seçki komissiyalarının da rahat fəaliyyəti üçün daha müasir iş şəraitinin yaradılmasına mühüm təsir göstərmişdir. Azərbaycanda mövcud olan əksər dairə və məntəqə seçki komissiyaları ən müasir tələblər səviyyəsində inzibati binalarla təmin olunmuş, bir qismi isə əsaslı təmir edilmişdir. Prezident və parlament seçkilərinin, referendumların, bələdiyyələrə seçkilərin hazırlanmasını və keçirilməsini təmin edən əsas dövlət orqanı olan MSK-nın iyul ayından etibarən yeni binada fəaliyyət göstərməsi bu qurumun fəaliyyətinin daha səmərəli təşkilinə geniş imkanlar açıb. MSK-nın yeni binasının açılışında Prezident cənab İlham Əliyev də iştirak edib və dövlətimizin başçısı seçkilərin demokratikliyinin təmin edilməsi ilə bağlı görülən işləri təqdir edərək deyib: "Azərbaycanda seçkilərin keçirilməsində artıq böyük təcrübə var və biz ən qabaqcıl təcrübəni öyrənirik, Azərbaycanda tətbiq edirik. Bütün işlər beynəlxalq standartlara uyğun şəkildə qurulubdur. Azərbaycanda seçkilərin keçirilməsi prosesi ildən-ilə daha da təkmilləşir, şəffaflıq tam şəkildə təmin edilir və insanlar azad, sərbəst şəkildə öz iradələrini ifadə edirlər".
Seçicilərlə maarifləndirmə işlərinin aparılması, seçki hüquqları ilə bağlı çoxsaylı sənəd nümunələrinin hazırlanması, seçici siyahılarının dəqiqləşdirilməsi ilə əlaqədar yeni üsulların tətbiq edilməsi də son illərdə həyata keçirilən uğurlu tədbirlərdəndir.
Azərbaycanın inkişaf edən seçki sistemində də demokratik ab-havanın, şəffaflığın təmin edilməsi üçün müasir informasiya texnologiyalarının tətbiqi hər zaman diqqət mərkəzindədir. Bununla əlaqədar olaraq son prezident seçkilərində ölkəmizin seçki praktikasına daha bir yenilik əlavə edilmişdir. Regionda ilk dəfə məhz Azərbaycanda seçkinin gedişatının internet vasitəsilə birbaşa izlənilməsi sistemi yaradılmışdır. Azərbaycan hakimiyyətinin aşkarlığın daha çox təmin edilməsi üçün bütün təşəbbüslərə, yeniliklərə yüksək həssaslıq nümayiş etdirməsi dünyada təqdir olunur.
Seçki sisteminin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi Azərbaycanda formalaşdırılan demokratik seçki mühitinin daha da möhkəmləndirilməsinə xidmət edir. Bu, həm də onun təsdiqidir ki, Azərbaycanda seçkilərin azad və ədalətli keçirilməsi üçün ölkə rəhbərliyinin güclü siyasi iradəsi var. Seçkilərdə demokratiyanın təmin olunması həm də respublikamızın beynəlxalq aləmdə yerinin möhkəmlənməsində əsas amillərdən biridir.
2018-ci il 11 aprel seçkiləri – İlham Əliyevin parlaq qələbəsi xalqın bu siyasətə tam dəstəyinin reallığıdır
11 aprel 2018-ci il prezident seçkiləri və bu seçkilərin nəticələri bir daha təsdiq etdi ki, xalqımız ulu öndər, dünya miqyaslı siyasətçi Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi kursa alternativ görmür. Ədalətli, şəffaf demokratik prinsiplərin əsasında qanunauyğun, seçicilərin fəallığı və mütəşəkkiliyi ilə keçirilən seçkilərdə cənab İlham Əliyevin parlaq qələbəsi xalqın bu siyasətə tam dəstəyini ifadə etdi. Azərbaycan xalqı cənab İlham Əliyevə yenidən etimad göstərməklə həm də bu günə kimi görülmüş işlərə yüksək qiymət verdi. Çox saylı yerli və beynəlxalq müşahidəçilər, ictimaiyyət tərəfindən diqqətlə izlənilən seçkilərdə cənab İlham Əliyevin parlaq qələbəsi iqtidar-xalq birliyinin sarsılmaz olduğunu nümayiş etdirməklə yanaşı, bütövlükdə Azərbaycan xalqının zəfəridir. Bu zəfər ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95 illiyinə, müstəqil respublikamızın varisi olduğu müsəlman şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə mühüm töhfədir.
Son 17 ildə beynəlxalq tələblər səviyyəsində həyata keçirilən hüquq islahatları deməyə əsas verir ki, hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində hər bir vətəndaşın layiqli prezidenti olacağını bəyan etmiş möhtərəm İlham Əliyev bu vədini əməli işi ilə doğrultmuş, hüquq sisteminin daha da təkmilləşməsini uğurla təmin etmişdir. Ölkə vətəndaşları inanır ki, Azərbaycanda demokratiyanın və vətəndaş cəmiyyəti təsisatlarının inkişafına xidmət üçün bu islahatlar qarşıdakı illərdə də inamla və qətiyyətlə davam etdiriləcəkdir.
Və bu gün son 17 ildir ki, Azərbaycan xalqının etimadı əsasında ölkəyə rəhbərlik edən Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu şaxələndirərək, uğurla reallaşdırması nəticəsində perspektiv baxımdan əhəmiyyətli nəticələrin əldə olunmasına səbəbkar olub. Ən əsası isə, 30 il həsrətində olduğumuz Qarabağ azadlığına qovuşub. Qarabağ Azərbaycandır reallığı, Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi! Ermənistanın hərbi kaputilyasiyasına nail olduq! Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin - Azərbaycanın var olduğunu sübut etdi, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən Ulu Öndərin arzusunu reallaşdırdı. Bütün dünya Azərbaycanın nə qədər güclü və qüdrətli dövlət olduğunu bir daha gördü.
Bir sözlə, inanırıq ki, bundan sonra da Azərbaycanda keçirilən seçki sistemi demokratik inkişafın göstəricisi kimi tarixə həkk olunacaq, seçki təcrübəsi baxımından yaxşı bir nümunə olacaq.
R.KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB