“Azərbaycan qanunvericiliyində o cümlədən “Siyasi partiyalar haqqında qanunda” nəzərdə tutulur ki, siyasi partiyalar dövlət əleyhinə çağırışlar edə bilməz, iğtişaşlara səsləyə bilməzlər, millətlərarası, fərdlərarası nifrətə söykənən çağırışlar edə bilməzlər”. Bunu “Müxalifətin dağıdıcı qanadı xüsusilə də, “Milli Şura” və AXCP sosial şəbəkələrdə cəmiyyəti təhdid edən qarşıdurma və iğtişaşlara çağırış edən fikirlər səsləndirir və mövqe ortaya qoyurlar, bu siyasi partiyalar haqqında qanunun tələblərinin kobud şəkildə pozulması demək deyilmi?” sualını cavablandırarkən AMİP funksioneri Əli Orucov deyib.
Onun sözlərinə görə, bu cür çağırışlar varsa və bu cür çağırışlar edilirsə təbii ki, qanunların pozulması deməkdir və cəmiyyətə ziyan vurmaq deməkdir: “Ona görə də, belə çağırışlar səsləndirən qüvvələr zərərsizləşdirilməli və onun qarşısı alınmalıdır: “Çünki ən azından biz qanunlara hörmət etməliyik, dövləti və milləti düşünməliyik. Partiyaların şüarları, siyasəti, cəmiyyətə verilən mesajları özləri bəyan edib, amma bu çağırışlar, mesajlar və bəyanatlar da qanun çərçivəsində olmalıdır, yəni cəmiyyətin və dövlətin inkişafına, dövlətçiliyin qorunmasına, milli maraqların müdafiəsinə yönəlməldir, əks halda bu anti-təbliğat dövlətimiz və cəmiyyətimiz üçün də ciddi təhdidlər yaradır. Ola bilər belə qüvvələr var və mümkündür ki, hansısa sifarişləri yerinə yetirsin. Çünki heç də bütün siyasi qüvvələr vətənpərvər ola bilməz. Bu baxımdan da, hesab edirəm ki, bu cür siyasət yürüdən siyasi qüvvələrin cavabını, qarşısını cəmiyyətin özü kəsməlidir və sərt təpki verməlidir. Eyni zamanda, paralel olaraq da, dövlət öz səlahiyyətlərinin və imkanlarından istifadə edib bunun qarşısını almalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB