“Hamısı konstitusiyaya ziddir” Ermənistan Baş Qərargah rəisi

“Hamısı konstitusiyaya ziddir” Ermənistan Baş Qərargah rəisi

Çərşənbə günü baş nazir Nikol Paşinyan tərəfindən vəzifəsindən azad edildiyi bildirilən Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Onik Qasparyan xidmətini fərqli bir statusda davam etdirəcəyini söyləyib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, çərşənbə günü yayımlanan açıqlamasında Qasparyan Paşinyanın ittihamlarını və istefası barədə dediklərini konstitusiyaya zidd adlandırıb.
Qasparyanın, "Həm baş nazir tərəfindən yayımlanan bəyanat, həm də Baş Qərargah rəisi vəzifəsindən azad edilməyimin hamısı konstitusiyaya ziddir. Bu, bir daha göstərir ki, böhrandan çıxmağın yeganə yolu baş nazirin istefası və erkən parlament seçkiləridir", ifadəsi və fikirləri Baş Qərargah nümayəndəsi Samvel Asatryan tərəfindən də Facebook səhifəsində yerləşdirilib.

Xatırladaq ki, bir qədər əvvəl Paşinyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Qasparyanın 10 mart tarixindən etibarən vəzifəsindən azad edildiyini söyləyib. Qasparyan isə, konstitusiya və qanunun aliliyini təmin etmək üçün İnzibati Məhkəməyə müraciət etdiyini qeyd edib.
"Vətənə və erməni xalqına xidmətimi fərqli bir statusda davam etdirəcəyəm", deyə Qasparyan bildirib. O, əsgər və zabitləri "silahlı qüvvələrin inkişafı, Ermənistanın gücləndirilməsi naminə yalnız Vətənə və xalqa fədakar və sədaqətli bir xidmət göstərməyə" çağırıb.

Diqqətə çatdıraq ki, Paşinyanın Rusiya istehsalı olan İskəndərlər barədə diqqətsiz, düşünülməmiş sözlərindən sonra İrəvanda növbəti siyasi böhran başlayıb. Mətbuatda yayılan məlumatlara görə, Ermənistanın Baş Qərargah rəisi baş naziri lağa qoyub, onun ardınca baş qərargah rəisinin istefası Paşinyan tərəfindən təklif edilib. Ermənistan Silahlı Qüvvələri Paşinyanın özünün istefasını tələb etdikləri bir bəyanat yayıb. Baş nazir isə bunu bir çevriliş cəhdi kimi qiymətləndirib və tərəfdarlarını küçələrə çıxmağa çağırıb. Bu vaxt müxalifət barrikadalar qurub və parlamentin yaxınlığında bir düşərgə yaradıb. Mitinqlərin də ardı-arası kəsilmir, biri digərini əvəz edir.

Göründüyü kimi, Nikol Paşinyanın düşüncəsiz fikirlərinin, ifadələrinin və addımlarının ardınca Ermənistan üçün yenə də böhranlı vəziyyət yaranıb. Hətta, Qasparyanın istefası tələbi erməni baş nazirinə yönlənən nifrəti, qəzəbi, vətəndaşların etirazlarını bir az da gücləndirib. Hazırda işğalçı ölkədə qarışıqlıqların biri digərini əvəz edir və xaos get-gedə daha da dərinləşir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə