Azərbaycandakı erməni əsirlərin taleyi necə olacaq - ŞƏRH ÖZƏL

“Ermənistanda siyasətin ən isti məsələlərindən biri Azərbaycanda saxlanılan ermənilərdir. Bəzi mənbələr 100-dən çox erməninin olduğunu iddia edir. Həmin ermənilərin valideynləri də dayanmadan aksiya keçirərək tələb edirlər ki, siyasətçilər onlarla görüşsün və onların övladları geri qaytarılsın. 10 noyabr tarixli razılaşmaya görə erməni silahlı birləşmələri Qarabağdan çıxarılmalı idi. Hətta təmas xəttinin digər tərəfində qalan erməni silahlı birləşmələri həmin razılaşmaya zidd şəkildə orada qalıb”. Bunu SİA-ya açıqlamasında politoloq Fərhad Mehdiyev deyib.

Ekspertin sözlərinə görə, ələ keçirilən erməni hərbçiləri təmas xəttinin Azərbaycan tərəfində ikən ələ keçiriliblər: “Burada belə bir ssenari yazılıb ki, guya erməni əsgəri həmişə orada qalıb. Onlar təmas xəttini qarşıya çəkmək üçün bu yola əl atıblar ki, bizim əsgərlərdə də çaşqınlıq yaratsınlar. Onlar gözləyirdilər ki, Azərbaycan Ordusu desin ki, artıq atəşkəs başlayıb və buna görə də buradakı erməni əsgərlərinə heç nə edə bilmərik. Sonradan həmin erməni əsgərləri erməni kəndlərinə yerləşiblər. Təbii ki, bu razılaşmaya açıqca zidd və təxribat xarakterli bir hərəkət idi. Azərbaycan tərəfi də haqlı olaraq onları ələ keçirdi və həmin saxlanılan şəxslərə də hərbi əsir statusu tanınmır”.

F.Mehdiyev vurğulayıb ki, hərbi əsir kimi tanımaq üçün şəxs hərbi geyimdə, silahlı və ən əsası mərkəzi komandanlığa tabe olmalıdır: “Ermənistan hökuməti heç vaxt həmin şəxsləri öz əmri ilə ora göndərdiyini etiraf etməyib. Yəni, onlar mərkəzi komandanlığın əmri xaricində hərəkət ediblər. Bu səbəbə görə onlar hərbi əsir statusu daşımırlar və Cenevrə Konvensiyasının təminatından məhrum qalıblar. Bunların taleyi dövlətlərarası ayrı bir razılaşmaya tabedir. Yəni, tərəflər bir araya gəlib razılaşmalıdırlar ki, bu şəxslərin taleyi necə olacaq”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...