AXCP sədrinin “tikəsi” korrupsiyalaşmış ölkələrdən atılır TƏRS BAXIŞ

AXCP sədrinin “tikəsi” korrupsiyalaşmış ölkələrdən atılır TƏRS BAXIŞ

Yaxud, Əli Kərimlinin “antikorrupsiya” nəğmələrinə qarşı korrupsiya sübutu

AXCP sədri Əli Kərimlinin zaman-zaman korrupsiya və rüşvətxorluq ətrafında manipulyasiyalar edib, özünü siyasi gündəmdə saxlamaq cəhdləri onsuz da ictimai rəydə heç bir halda səmimi olaraq qəbul edilməməkdədir. Təkcə birillik AXC iqtidarı zamanında prezidentə müşavirlik edən Əli Kərimlinin qarşısına, məhz Elçibəy tərəfindən qoyulan korrupsiya, rüşvətxorluq faktlarını xatırlayarsaq, bu adamın həmin çirkabdan çıxmadığını indi də əminliklə söyləyə bilərik. Əbəs deyil ki, AXCP sədri barədə hazırkı dövrə qədər kifayət qədər qanunsuz maliyyə əməliyyatları, bank maxinasiyaları ilə bağlı sübutlar, dəlillər mövcuddur və onların hər biri haqqında ayrı-ayrılıqda yazılıb, ictimaiyyətə təqdim olunub.

Lakin növbəti faktlar da məhz belə bir qənaətə gəlməyə zəmin yaradır ki, Əli Kərimlinin çirkli, qanunsuz maliyyə gəlirləri bilavasitə korrupsiyalaşmış xarici təşkilatlardan gəlməkdədir, necə deyərlər, onun hər “tikəsi” Qərbin müxtəlif dairələri tərəfindən atılır.

Əli Kərimli unutmamalıdır ki, qanunlar kimliyindən, vəzifəsindən, siyasi baxışından asılı olmayaraq hər kəs üçün bərabərdir

Beləliklə, cəbhəbaşı Kərimli guya “araşdırmalar” apararmaqla, həm də saxta, əsaslandırılmamış, mənbəyi olmayan rəqəmlərdən istifadə etməklə guya Azərbaycanda baş vermiş korrupsiya hallarından dəm vurur, nağıllar danışır. Halbuki bilavasitə dövlət başçısının xüsusi tapşırığı və nəzarəti altında artıq korrupsiya və rüşvətxorluğa bulaşmış onlarla məmur məhkəmə qarşısına çıxarılaraq qanunun tələbləri əsasında cəzalarını alıblar. Bu proses davam edir və Əli Kərimli unutmamalıdır ki, qanunlar kimliyindən, vəzifəsindən, siyasi baxışından asılı olmayaraq hər kəs üçün bərabərdir.

Misal üçün, bu gün AXCP sədrinin yemləndiyi bir neçə Qərb təşkilatlarının adlarını hallandıra bilərik ki, onların özləri kirli əməlləri ilə, sözün əsl mənasında, ad çıxarıblar. Əli Kərimli isə həmin təşkilatlar vasitəsi ilə anti-Azərbaycan xarakterli fəaliyyətini davam etdirir, buna isə dövlətçiliyə qarşı cinayət adını da əlavə etmək olar. Və maraqlıdır, nəyə görə onun özünün də yaxşı bildiyi həmin əməlləri gizlədir? Niyə Avropa ölkələrində baş alıb-gedən korrupsiya faktları barədə danışmır, halbuki həmin əməlləri ifşa edənlər də bəlli QHT-lərdir?

Məsələn, “Transparency International” təşkilatının bəzi qeydlərindən bəlli olur ki:

1. Almaniyada Xristian Demokrat Partiyası BMW şirkətinə nəzarət edən Kvandt ailəsindən müəyyən xidmətlər qarşılığında 690 min avro rüşvət alıb.

2. Berlində 2006-cı ildən tikilən aeroportun təhvil verilməsi hər il yubadılır və artıq xərclər 2 milyard avrodan 5,7 milyard avroya qədər yüksəlib.

3. Almaniyanın Biber şəhərində “Siçanlar üçün körpü”nün inşası zamanı yarım milyon avro silinib.

4. Almaniyada korrupsiyanın dövriyyəsi illik 250 milyard avroya çatır.

5. İtaliyada Akvila şəhərinin bərpası üçün ayrılmış 8 milyard avro dövlət vəsaiti yeyilib, yoxa çıxıb.

6. İtaliyada baş verən korrupsiya prosesləri nəticəsində dövlət ildə 60 milyard avro itirir.

7. Niderlandda hasil edilən qazın satışından əldə olunan vəsaitlərin yerləşdirildiyi xüsusi fondlardan yarım trilyon avro naməlum istiqamətdə xərclənib.

8. Britaniyanın Müdafiə Nazirliyi vaxtı ötmüş mərmilər və tamamilə atılmalı olan hərbi mallar üçün 6 milyard funt sterlinqə qədər vəsait xərcləyib.

9. Avropa ölkələri korrupsiya və mənimsəmə halları nəticəsində hər il 323 milyard avro vəsait itirirlər.

10. Və nəhayət, “demokratiya beşiyi” hesab edilən supergüc ABŞ-ın ən kasıb ştatından senator seçilmək üçün 55 milyon dollar tələb olunur.

Yəqin ki, təkcə 10 fakt bəs edər, halbuki belə faktları dəfələrlə (!) artırıb, Əli Kərimliyə göstərmək mümkündür. Ancaq bu da əbəsdir, çünki onun qarşısına nə qədər ciddi dəlillər qoyulsa da, o özünü korluğa və karlığa qoyacaq. Çünki sərf etmir. Ona görə sərf etmir ki, Qərbdəki korrpupsiya faktları barədə danışarsa, dərhal “çörəyi” kəsilər...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə