Ermənistan “anti-Türkiyə alyansı"na niyə qatılmadı? ANALITIK + VIDEO

Ermənistan “anti-Türkiyə alyansı"na niyə qatılmadı? ANALITIK + VIDEO

Və ya revanşist qüvvələr əks halda hansı ağır nəticələrlə qarşı-qarşıya qalacaqlar?

Fevralın 11-də Yunanıstanın paytaxtı Afinada qeyri-formal “Anti-Türkiyə alyansı” kimi təqdim edilən yeddi ölkənin – Yunanıstanın, Kiprin rum kəsiminin, Fransanın, Misirin, Səudiyyə Ərəbistanının, Bəhreynin və Birləşmiş Ərəb Əmirliklərinin birgə toplantısı olub. Söz yox ki, bu kimi toplantının məqsədi də məhz Türkiyənin dünyada güc faktoruna çevrilməsi təlaşından irəli gəlir və müzkirələrdə “türk ekspansionizmi və onunla mübarizə” ətrafında danışıqların aparılması da belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır.

“Sammitin” keçirilməsinə bir gün qalmış Ermənistan XİN-nin rəhbəri parlamentin tribunasından bildirmişdi ki, Türkiyənin bundan sonra sərhədləri bağlı saxlamasına bəhanəsi ola bilməz

Lakin “Anti-Türkiyə alyansına” daxil olan ölkələrin Yaxın Şərqdə, Avropa məkanında, Asiyada və Qafqazda mövqelərini gücləndirən Türkiyənin bundan sonrakı plan və məqsədlərinin qarşısının alınması istiqamətində göstərdiyi cəhdləri də nəzərdən yayınmır. Bunu Türkiyə tərəfi də yaxşı bilir və o da əbəs deyil ki, qardaş ölkənin XİN-i keçirilən “sammiti” düşmən məqsədli adlandırıb.

Ancaq “alyansın” növbəti toplantısında daha bir ölkənin - Ermənistanın yer almaması da diqqətdən yayınmayıb. Halbuki, əvvəlki illərdə erməni siyasi dairələri orada iştirak edərək, kirli məqsədlərini həyata keçirməyə cəhdlər göstərirdi.

Bu arada, Ermənistanın “Anti-Türkiyə alyansının” toplantısına qatılmaması faktı elə erməni ictimai-siyasi rəyinin də gözündən yayınmayıb. Daha dəqiq desək, Ermənistan xarici işlər naziri, hətta nazirliyin kiçik məmuru olsa belə, “sammitdə” görünməyib. Bununla bağlı Ermənistanın Vatikandakı sabiq səfiri, keçmiş prezident Serj Sarqsyanın kürəkəni Mikael Minasyan maraqdoğurucu amillərə toxunaraq bildirib ki, “sammitin” keçirilməsinə bir gün qalmış Ermənistan XİN-nin rəhbəri parlamentin tribunasından bildirmişdi ki, Türkiyənin bundan sonra sərhədləri bağlı saxlamasına bəhanəsi ola bilməz. Yəni Minasyana görə, XİN rəhbəri Türkiyə ilə sərhədlərin açılmasında maraqlıdır və bu istiqamətdə işlər aparılır. Daha dəqiqi isə, artıq Ermənistanın Türkiyə əleyhinə formalaşdırılmış “alyansda” iştirak etmək məqsədi yoxdur.

Türkiyənin geosiyasi, iqtisadi, regional və s. maraqlarına qarşı yığışan ölkələrdən imtina etmək artıq “Anti-Türkiyə alyansına”, orada qəbul edilən qərarlara dəstək verməmək anlamını daşıyır

Təbii ki, əgər belədirsə, bu qərara yalnız müsbət məcradan yanaşmaq olar. Belə ki, açıq-aşkar Türkiyənin geosiyasi, iqtisadi, regional və s. maraqlarına qarşı yığışan ölkələrdən imtina etmək artıq “Anti-Türkiyə alyansına”, orada qəbul edilən qərarlara dəstək verməmək anlamını daşıyır. Hazırda bunu dərk edən erməni müxalifət dairələri, xüsusilə Ermənistanın keçmiş prezidentinin ətrafı, həmçinin Minasyan belə bir nəticəyə gəlib ki, Ermənistanın Afina “sammitinə” qatılmaması “gerçək müttəfiqlərin” itirilməsini nümayiş etdirir, həmçinin, “alyans” üzvləri də İrəvanı “sammitdə” nə Anti-Türkiyə faktoru baxımından, nə də partnyor olaraq layiqli tərəf kimi qəbul etmir. “İstisna etmək olmaz ki, Yunanıstan hər şeyə rəğmən erməni tərəfini dəvət edib, lakin İrəvan Ankaranı qıcıqlandırmamaq üçün iştirakdan imtina edib”, deyə Minasyan bildirib.

Ermənistan ikinci Qarabağ müharibəsində sarsıdıcı məğlubiyyətə uğradıqdan sonra olan-qalan beynəlxalq nüfuzunu da itirdi və siyasi-iqtisadi maraqlarının bərpası, yenidən qurulması üçün onun başqa çıxış yolu da qalmayıb

Hər halda, fakt budur ki, Qafqaz regionunda cinahlar dəyişir və yalnız Türkiyə deyil, Rusiya faktoru da Ermənistanı müəyyən məsələlərdə hesablaşmağa məcbur edir. Misal üçün, Rusiyanın Türkiyə ilə son zamanlar ortaq məxrəclərə gəlmək maraqlarını artırması, yaxud Kremlin də “Anti-Türkiyə alyansına” barmaqarası baxması və digər məsələlər qeyd olunan fikirləri təsdiq edir.

Bu halda, daha bir vacib məqam budur ki, Ermənistan ikinci Qarabağ müharibəsində sarsıdıcı məğlubiyyətə uğradıqdan sonra olan-qalan beynəlxalq nüfuzunu da itirdi və siyasi-iqtisadi maraqlarının bərpası, yenidən qurulması üçün onun başqa çıxış yolu da qalmayıb. Artıq sərhədlərin, nəqliyyat yollarının açılması faktorunun tələbə çevrilməsi və bu kontekstdə aparılan müzakirələr də erməni tərəfinin baxış məxrəclərini dəyişməsi şərtini ortaya qoyur. Minasyan və s. revanşist qüvvələr isə əslində, bunu istəmir və bütün hallarda Ermənistanın hakimiyyət dairələrini neotürkçülükdə ittiham edirlər. Ancaq unudurlar ki, hətta Ermənistanın mövcud iqtidarını güc yolu ilə dəyişsələr, yenidən özləri hakimiyyətə yiyələnsələr və revanşizm üsuluna əl atsalar, bu zaman daha ağır nəticələrlə qarşı-qarşıya qalmış olacaqlar.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə