Dövlət başçısından məmurlara növbəti XƏBƏRDARLIQ

Dövlət başçısından məmurlara növbəti XƏBƏRDARLIQ

Prezident İlham Əliyev: "Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirak edərək xəstəxanada yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib.

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibədə ilk öncə erməni işğalından azad edilən torpaqlara səfər təəssüratlarını bildirib: "Təəssüratlar, əlbəttə ki, hər bir Azərbaycan vətəndaşı hansı hissləri keçirir, mən də o hissləri keçirirəm. Bəlkə, daha çox. Çünki mən artıq əyani şəkildə o torpaqlarda olmuşam. İndi vaxtaşırı televiziya reportajlarında o dağılmış, viran qoyulmuş ərazilər göstərilir. Amma əlbəttə ki, onu əyani şəkildə görəndə mənzərə tam başqadır. Bu, bir daha onu göstərir ki, hansı bəlaya qarşı biz mübarizə aparmışıq. Bu gün bizim haqlı davamıza kölgə salmaq istəyən ermənipərəst, anti-Azərbaycan, islamofob dairələr bunu bilməlidirlər ki, mənfur Ermənistan bizim torpaqlarımızı zəbt edərək, işğal edərək bütün infrastrukturu dağıdıb", - deyə dövlət başçısı bildirib.

"Erməni xalqı vaxt keçəcək, bizə minnətdar olacaq"

"Mən Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında, Şuşa şəhərində olmuşam. Ağdam şəhəri tamamilə dağıdılıb. Bir dənə də salamat bina yoxdur. Bir yarıdağılmış məscid qalıb, onu da ermənilər təhqir ediblər. Füzuli şəhərində bir dənə də bina yoxdur. Bir üç-dörd mərtəbəli hərbi hissənin binasıdır. Cəbrayıl şəhərində, şəhərin girəcəyində bir hərbi hissə var, şəhər yoxdur. Qubadlı və Zəngilanda bir neçə ev sadəcə olaraq qalıbdır, özü də yarıdağılmış vəziyyətdə. O evlərdən də onlar polis şöbəsi kimi, deməli hərbi baza kimi istifadə edirdilər. Yol boyunca kəndlərdə bir dənə də salamat bina yoxdur. Kəndlərin bütün binaları dağıdılıb, talan edilib. Bu mənzərə indi bütün dünyaya təqdim edilir və təqdim edilməlidir. Uzun illər Ermənistan rəhbərliyi və onun havadarları bunu gizlədirdilər. Sanki belə bir şey yoxdur. O bölgələrdə olan beynəlxalq təşkilatların nümayəndələri də bunun üstünü örtürdülər. Bu talançılıq, bu vəhşilik, bu düşmənçilik bütün dünyanın diqqətini cəlb etməlidir. Məhz buna görə biz oraya jurnalistləri dəvət edirik, diplomatik korpusun nümayəndələrini. Daha da böyük sayda dəvət etməliyik ki, hər kəs görsün. Biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz erməni faşizmini məhv etmişik, erməni vəhşiliyini məhv etmişik. Biz bölgəmizi faşist ideologiyasından tam xilas etməsək də, onun böyük hissəsini məhv etmişik. Buna görə bizim şanlı qələbəmiz bölgə üçün, dünya üçün çox böyük əhəmiyyət daşıyır.

Mən özümə sual verirdim ki, nə üçün onlar bunu edib və sözün düzü suala cavab tapa bilmirəm, bu günə qədər də. Bir səbəb ondan ibarətdir ki, onlar hesab edirdilər ki, belə olarsa, bütün evlər yerlə-yeksan edilərsə, azərbaycanlılar o torpaqlara qayıtmayacaqlar. Çünki onlar hesab etmirdilər ki, biz o faciədən sonra ayağa dura bilərik, möhkəmlənə bilərik, zəngin təbii ehtiyatlarımızdan səmərəli şəkildə istifadə edib ölkəmizi inkişaf etdirə bilərik, bu torpaqları, əraziləri bərpa edə bilərik. Onlar hesab edirdilər ki, heç vaxt biz oraya qayıtmayacağıq. Bu, birinci səbəb. İkinci səbəb, bəlkə də birinci səbəb onların ürəyində bizə qarşı olan düşmənçilikdir. Biz bunu sovet dövründə bilmirdik, hiss etmirdik. İndi mən o illəri yaxşı xatırlayıram. Azərbaycanda minlərlə erməni yaşayırdı. Bizim onlara münasibətimiz çox müsbət idi. Onlar da özlərini burada cəmiyyətin necə normal üzvləri kimi aparırdılar. Heç bir ədavətdən, düşmənçilikdən söhbət gedə bilmirdi. Bəs necə oldu ki, 92-93-cü illərdə onlar bizə qarşı bu qədər qəddarlıq göstərdilər, Xocalı soyqırımı, digər günahsız insanların öldürülməsi ilə nəticələnən onların hərbi əməliyyatları, dinc əhaliyə qarşı bu qədər qəddarlıq. Deməli, bunların ürəyində bu düşmənçilik toxumları həmişə var idi. Özü də o vaxt axı Azərbaycan, indi bu gün Azərbaycan onların belini qırıb, onların başını əzib, onların ordusunu məhv edib, onların ideologiyasını məhv edib, onların yetişdirdikləri illər boyunca, onilliklər boyunca ideoloji əsaslarını məhv edib, bu gün onlar, əlbəttə ki, aydın məsələdir, onların bizə münasibəti nədir? Bəs o vaxt biz nə pislik etmişdik? Heç bir pislik etməmişdik. Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstlərini gülləbaran etməklə, gərək adamın ürəyində nə qədər nifrət olsun, nə qədər düşmənçilik olsun, özü də kimə? O xalqa ki, sənə burada yer verib. Sən burada yuva salmısan. Sənin üçün yad olan torpağa, Qarabağa köçürülmüsən, Anadoludan, İrandan köçürülmüsən, gəlmisən, sənə burada qucaq açıb Azərbaycan xalqı, çörək verib. Sən bu çox sağ ol əvəzinə, 92-93-cü illərdə bütün binaları dağıdırsan, məscidləri dağıdırsan, təhqir edirsən. Bu kadrlar var internetdə. O hərbi cinayətkar və bu dəfə Qarabağ müharibəsində Qarabağa gəlmiş və siçan kimi oradan qaçmış Koçaryan Ağdam məscidinin önündə dayanıb və Ağdam məscidinin divarının üzərində təhqiramiz ifadələr. Bax budur o. O, bu hisslərlə yaşayıb. Biz onların belini qırdıq, onları məhv etdik".

"Biz təkcə ərazi bütövlüyümüzü bərpa etməmişik, biz erməni faşizmini məhv etmişik"

"Bu gün bizim haqlı davamıza kölgə salmaq istəyən ermənipərəst, anti-Azərbaycan, islamofob dairələr bunu bilməlidirlər ki, mənfur Ermənistan bizim torpaqlarımızı zəbt edərək, işğal edərək bütün infrastrukturu dağıdıb". Bu barədə Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

"Mən Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında, Şuşa şəhərində olmuşam. Ağdam şəhəri tamamilə dağıdılıb. Bir dənə də salamat bina yoxdur. Bir yarıdağılmış məscid qalıb, onu da ermənilər təhqir ediblər. Füzuli şəhərində bir dənə də bina yoxdur. Bir üç-dörd mərtəbəli hərbi hissənin binasıdır. Cəbrayıl şəhərində, şəhərin girəcəyində bir hərbi hissə var, şəhər yoxdur. Qubadlı və Zəngilanda bir neçə ev sadəcə olaraq qalıbdır, özü də yarıdağılmış vəziyyətdə. O evlərdən də onlar polis şöbəsi kimi, deməli hərbi baza kimi istifadə edirdilər. Yol boyunca kəndlərdə bir dənə də salamat bina yoxdur. Kəndlərin bütün binaları dağıdılıb, talan edilib», - deyə dövlətimizin başçısı qeyd edib.

Bu mənzərənin indi bütün dünyaya təqdim edildiyini bildirən Prezident İlham Əliyev deyib: "Uzun illər Ermənistan rəhbərliyi və onun havadarları bunu gizlədirdilər. Sanki belə bir şey yoxdur. O bölgələrdə olan beynəlxalq təşkilatların nümayəndələri də bunun üstünü örtürdülər. Bu talançılıq, bu vəhşilik, bu düşmənçilik bütün dünyanın diqqətini cəlb etməlidir. Məhz buna görə biz oraya jurnalistləri, diplomatik korpusun nümayəndələrini dəvət edirik. Daha da böyük sayda dəvət etməliyik ki, hər kəs görsün. Biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz erməni faşizmini məhv etmişik, erməni vəhşiliyini məhv etmişik. Biz bölgəmizi faşist ideologiyasından tam xilas etməsək də, onun böyük hissəsini məhv etmişik. Buna görə bizim şanlı qələbəmiz bölgə üçün, dünya üçün çox böyük əhəmiyyət daşıyır".

"Biz bütün işləri ardıcıllıqla edirik, eyni zamanda, hər şey planlı şəkildə olmalıdır"

Dövlət başçısı bütün işləri ardıcıllıqla etdiyini bildirib: "İlk növbədə, keçmiş köçkünlər, nə vaxt qayıda bilərlər o torpaqlara. Birinci, minalardan təmizləmə. Bu, böyük bir prosesdir. Ermənilər bizə mina sahələrinin xəritələrini vermirlər. Ona görə indi partlayışlar da tez-tez olur. Biz indi Minatəmizləmə Agentliyini yenidən formalaşdırırıq və onun fəaliyyəti daha səmərəli olacaq. Ancaq bu, müəyyən vaxt aparacaq. Mina təmizləməklə əlaqədar işlər əlbəttə ki, başa çatmalıdır»,-deyə dövlət başçısı qeyd edib ki, ondan sonra ziyan qiymətləndirilməlidir: «Əgər biz ziyanın qiymətləndirməsini etməsək, sabah təzminat davasında da uğur qazana bilmərik. Ona görə də, ilk növbədə, yerli qurumlar dağıdılmış bütün evlərin pasportlaşdırılmasını aparmalıdır. Video, foto çəkilişlər, dron çəkilişləri, protokollaşma aparmalıdır. Hər bir binanın, hər kənddə yerləşən binanın, hər şəhərdə yerləşən binanın öz pasportu olmalıdır. Bu məlumatı biz verəcəyik cəlb edilmiş beynəlxalq şirkətlərə, onlar özləri tədqiqat aparacaqlar, özləri monitorinq missiyaları həyata keçirəcəklər və onlar bizə Ermənistana qarşı açılacaq təzminat davasında kömək göstərəcəklər. Yəni, bu ardıcıllıq budur".

Prezident İlham Əliyev bu işlərdən sonra infrastruktur layihələrinin icra edilməli olduğunu qeyd edib: "Axı infrastruktur olmasa, orada insan necə yaşayacaq? Su yox, işıq yox, yol yoxdursa necə yaşaya bilər? Ondan sonra evlər tikilməlidir. Mən göstəriş vermişəm, artıq bizim qurumlar işləyirlər, bütün şəhərlərin baş planları hazırlanır, özü də elə-belə yox – "ağıllı şəhər" konsepsiyası, "ağıllı kənd" konsepsiyası. Bu, zaman tələb edir. Eyni zamanda, hər şey planlı şəkildə olmalıdır". Dövlət başçısı müsahibə zamanı məmurlara lüzumsuz təkliflərinə görə sərt tənqid edib. Bildirib ki, hər kəs öz yerini bilməli, özbaşınalıq edə bilməz: "Yoxsa biri oradan durub deyəcək ki, mən burada bunu tikəcəyəm, biri oradan duracaq ki, mən bunu. Kimsən sən? Sən get öz işinlə məşğul ol. Yenə də deyirəm, ucuz populyarlıq dalınca qaçanların axırı pis olur, bu, birincisi. İkincisi, qayda-qanun var ölkədə. Heç kim özbaşınalıq edə bilməz. Əgər kimsə unudur, biz onun yadına salarıq. Təkcə bu işlərlə, əlbəttə ki, məsələ bitməyəcək. Sosial obyektlər də tikilməlidir. Evlərin tikintisi ilə paralel olaraq sosial obyektlər – xəstəxanalar, məktəblər, mədəniyyət ocaqları, idman qurğuları. Yoxsa əgər biz indi gedib haradasa, necə deyərlər, məktəb tiksək, ya xəstəxana tiksək, amma kim oraya gedəcək. Orada adam yoxdur".

"...Yenə də eybəcər binalar tikiləcək, torpaqlar zəbt ediləcək, hərə özü üçün bir obyekt tikəcək"

"Bir də mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm. Ona görə hərə otursun yerində, öz işi ilə məşğul olsun, məni də əsəbləşdirməsin". Bu sözləri Prezident İlham Əliyev fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışından sonra Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

Ölkə başçısı qeyd edib ki, Şuşanın ərazisinin ölçüsü 300 hektardır: "Mən qoymamışam ki, bir dənə daş daş üstə qoyulsun. Çünki birinci təhlil aparmalıyıq. Ondan sonra o tarixi binaları bərpa etməliyik, necə bərpa etməliyik, bunu mən də deyə bilmərəm, mütəxəssislər deməlidir, biz indi cəlb etmişik. Misal üçün, Xurşidbanu Natəvanın sarayı, necə bərpa edilməlidir? Çünki onun bir divarı var, qalan divarlar uçub. Hansı formada o bərpa edilməlidir? Onu yenidənmi eyni stildə qalan o uçan hissəsi tikilməlidir, yaxud da ki, elə formada tikilməlidir ki, oraya gələn görsün ki, bax bu, buradan dağılıb, oradan sökülüb. Bu suala mənim cavabım yoxdur, çünki mən mütəxəssis deyiləm və indi müxtəlif şirkətlər, yerli, xarici şirkətlər məşğul olurlar artıq bu işlərlə. Şuşada biz ancaq və ancaq tarixi binaları bərpa etməliyik, mən belə hesab edirəm. Ondan sonra "xruşşovkalar"la bağlı, indi qabaqlamaq istəmirəm, mənim fikrim var ki, onların bir çoxu oradan yığışdırılmalıdır. Onların yerində yəqin ki, müasir 4-5 mərtəbəli yaşayış binaları tikilməlidir, ancaq bunu yenə də mən sadəcə olaraq öz fikirlərimi bölüşürəm, amma necə olacaq, onu mütəxəssislər deyəcək, memarlar, tarixçilər, şuşalılar özləri, onlar necə bu şəhəri görmək istəyirlər, çünki bu, onların şəhəridir. Yoxsa bütün bunlar, işlər, bu işlər kənarda qala-qala biri durur ki, mən filial açıram, biri deyir ki, mən zastava açıram, biri deyir ki, mən fövqəladə hallar açıram. Vallah, adam söz tapmır. Mən söz tapmışam, onlara elə söz demişəm ki, onlar o sözü unutmayacaqlar. Azərbaycan vətəndaşlarına da deyirəm, bərpa işləri ilə bağlı görüləcək işlərdə mütləq ictimai nəzarət olmalıdır. Olmasa bax bilin, yenə də eybəcər binalar tikiləcək, torpaqlar zəbt ediləcək, hərə özü üçün bir obyekt tikəcək".

"Amma mən bunların hamısını cəzalandıracağam, hamısını, özü də necə lazımdır"

"Mən indi müvəqqəti idarəetmə strukturu yaratmışam. Nəyə görə? Çünki mən görürəm, bilirəm, artıq gözlər tikilib oraya",-deyən dövlət başçısı bildirib ki, artıq çox məmurlar o torpaqlara göz tikib: "İndi oraya elə bil ki, hücum gözlənilir, zəbtetmə hücumu. O torpaq mənim, o torpaq sənin, oranı mənə, buranı sənə. Amma mən bunların hamısını cəzalandıracağam, hamısını, özü də necə lazımdır. Otursun hərə öz yerində öz işi ilə məşğul olsun. Bütün torpaqlar planlı şəkildə bərpa ediləcək. Orada insanlar üçün şərait yaradılacaq, elə şərait ki, dünya üçün nümunə olacaq. Heç bir qanunsuz hərəkət ola bilməz. Heç bir torpaq zəbt oluna bilməz. Hər şey planlı şəkildə və əsaslı şəkildədir. Mən əminəm ki, buna biz nail olacağıq. Biz hamımız istəyirik ki, dağıdılmış şəhərlər tezliklə bərpa edilsin, amma, eyni zamanda, elə olsun ki, bu, oraya qayıdacaq insanların rahatlığını təmin etsin və müasir, güclü Azərbaycanın gücünü bütün dünyaya göstərsin".

"Məmurlar öz yerlərini bilsinlər, öz işləri ilə məşğul olsunlar"

"Şuşa şəhəri mənim tərəfimdən ölkəmizin mədəniyyət paytaxtı elan edilib. Bunu hər kəs bilir və bu qərar yüksək qiymətləndirilib. Şuşa nəinki Azərbaycanın, bölgənin, bəlkə də dünyanın mədəniyyət paytaxtlarından birinə çevriləcəkdir. Şuşada çox zəngin mədəni həyat olmalıdır. Şuşada yaşayacaq soydaşlarımız da, bütün işlər görüləndən sonra oraya qayıtmalıdırlar»,-deyən Prezident İlham Əliyev məmurlara lüzumsuz təkliflərinə görə sərt reaksiya bildirib: "Şuşa demək olar ki, dağılıb, bütün binalar dağılıb. Bir keçmiş raykom binası qalıb, harada ki, mənfur xunta özü üçün yuva salmışdır, bir də xunta başçısının villası və bir-iki də cinayətkar, rüşvətxor erməni məmurunun villası. Orada başqa bina yoxdur. Bir də "xruşşovkalar", hansılar ki, çoxdan öz ömrünü bitirib, orada da 2 min erməni yaşayırdı. İndi Mərkəzi Bank insanlara xidmət göstərib ki, orada filial açsın? Kimin üçün filial açacaq? Özü üçün ki, gedib orada otursun, yaxud da gedəndə bunun bir iqamətgahı olsun, şəraiti olsun, oraya pullar xərclənsin və bunun insanlara hansı xeyri dəyəcək? Heç bir. Təkcə bu, deyil. Digər qurumlar da, indi mənə müraciət etmişlər. Onların hər halda ağlı çatıb mənə müraciət etməyə və mən onlara dedim ki, gedin oturun yerinizdə”, - deyə dövlətimizin başçısı qeyd edib.

Prezident onların adlarını sadalayaraq deyib: "Azəravtoyol". Onun rəhbəri mənə müraciət edib ki, icazə verin, Şuşada "Azəravtoyol" qurumunun regional mərkəzini açaq. Nə üçün? Yol çəkmək lazımdır, get, yol çək. Heç kim öz hesabına yol çəkmir, dövlət büdcə ayırır. Şuşada "Azəravtoyol"un regional mərkəzinin nə işi var? İstəyir ki, özü üçün şərait yaratsın, getsin o torpağı zəbt etsin, özü üçün iqamətgah tikdirsin, onu hasara alsın, bir qarovulçu qoysun və bəli, oraya gedəndə otursun orada necə deyərlər, təbiəti seyr etsin. AZAL. Onun da rəhbəri mənə müraciət etmişdir ki, AZAL-ın hansısa qurumunu Şuşada yaratmaq istəyirlər. Bu, prinsipcə absurddur. Ona da lazımi sözləri demişəm ki, get otur yerində. Ondan sonra Dövlət Gömrük Komitəsi Şuşada Qarabağ Regional Mərkəzinin yaradılması ilə bağlı müraciət edib. Şuşada sərhəd var ki, gömrüyün regional mərkəzi olsun?

Bilirsiniz, bu adamların beyninə belə ziyanlı fikirlər gəlir və onlar da bunu tələffüz edirlər. Siyahı davam edir hələ. Fövqəladə Hallar Nazirliyi. Nazir mənə müraciət edib ki, icazə verin, orada biz Fövqəladə Hallar Nazirliyinin Qarabağ regional mərkəzini yaradaq, Şuşa şəhərində. Yenə də eyni məqsədlə, yenə də torpaq, hələ ki, orada indi heç kim yoxdur, yenə də hasar, yenə də nə bilim tikanlı məftil, iqamətgah. Dövlət Sərhəd Xidməti. Bu təklifi indi desəm yəqin ki, mənim kimi Azərbaycan xalqı da güləcək. Xidmətin rəisi mənə zəng edib deyir ki, icazə verin, biz sərhəd xidmətinin Şuşa zastavasını da yaradaq. Dedim ki, a kişi Şuşada sərhəd var? Deyin də mənə Şuşada sərhəd var, yoxsa yox? Deyir yoxdur. Deyirəm bəs, nə zastava yaradırsan? İndi bizim o boyda sərhədimiz yaranıb, ta şimaldan cənuba qədər, Kəlbəcərdən Cəbrayıla qədər, Ermənistanla sərhəd. Cəbrayıl rayonunda İranla sərhəd, get orada yarat da. Şuşada nə işin var sənin?! Yenə də gəlim, oturum, yerləşim, iqamətgah qurum, hamısı da dövlət hesabına, hamısı dövlət hesabına. Burada mənim bir rezidensiyam olsun. Mən bəzən bu şeyləri demirəm vətəndaşlara ki, onları iyrəndirməyim, bağışlayın sözümə görə, ifadəmə görə. Amma mənim də artıq səbrim tükənir və deyirəm ki, vətəndaşlar da bilsinlər, bu məmurlar da bilsinlər. Məmurlar öz yerlərini bilsinlər, öz işləri ilə məşğul olsunlar".

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə