Şuşa Azərbaycanın və Qafqazın mədəni paytaxtına çevriləcək - ANALİZ

Prezident İlham Əliyev: “Biz Şuşanı dünyanın ən gözəl şəhərlərindən birinə çevirəcəyik”

Biz Şuşanı dünyanın ən gözəl şəhərlərindən birinə çevirməliyik və çevirəcəyik. Mən bu sözü vermişəm və bu sözümü də icra edəcəyəm. Necə ki, əvvəlki dövrlərdə demişdim biz heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəyik və vermədik. Demişdim ki, Azərbaycan bayrağı Şuşada qaldırılacaq və qaldırıldı. SİA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, əsas hədəf Qarabağın tacı olan Şuşa idi və noyabrın 8-də Azərbaycan bayrağı Şuşada qaldırıldı: “Ondan sonra düşmən diz çökdü, təslim oldu, ağ bayraq qaldırdı. Şuşanın azad olunması günü Zəfər günü elan edildi”.

Azərbaycan Prezidenti Şuşa şəhəri – onun əhəmiyyəti, status, gələcəyi ilə bağlı tezisləri verib. Bəs Şuşa şəhərinin qədim və zəngin mədəniyyətimizin paytaxtı status nəyə əsaslanır, bu şəhərin dünya mədəniyyətində hansı yeri var və olacaq? Tarixçilər, etnoqraflar, kulturoloqlar bu məsələlərlə bağlı geniş araşdırmalar aparmalı, Şuşanın Azərbaycan və dünya mədəniyyəti üçün əhəmiyyətini, onun keçmişdə və gələcəkdə bu sahədə tutacağı yeri əsasınadırmalıdırlar.

Şuşa şəhərinin zəngin tarixi və mədəni isrə sahiblik etdiyini deyən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov isə Şuşanın tarixi və mədəniyyət şəhəri statusunu bərpa edilməsinin əsas prioritet olacağını deyir: “Tarixi mənbələrdə Şuşanın hətta XIII əsrdə də Azərbaycanın məşhur şəhərlərindən biri olması haqqında faktlar var. Şuşa Azərbaycanın qədim tarixə malik olan şəhər mədəniyyətinin nadir və təkrarsız incilərindən biridir.

Şəhərdə 17 məhəllə var idi ki, onların hər birinin məscidi, bulağı və hamamı mövcud olmuşdur. 1854-cü ildə şəhərdən cənubda, 18 kilometr aralı “Turşsu” deyilən səfalı guşədə mədən suyunun çıxması da alimlərin mülahizəsini doğrultdu. Şuşa havasının təmizliyi, saflığı və müalicə əhəmiyyəti baxımından kurort şəhəri kimi tanınırdı.

Artıq XIX əsrin ikinci yarısında şəhər əhalisinin sayı tanınmış alim və sənətkarlar da daxil olmaqla 25 minə çatmışdı. Azərbaycan Milli Elmlər Akademiyasının məlumatına görə, təkcə XIX əsrdə Şuşada 95 şair, 22 musiqişünas, 38 xanəndə, 19 xəttat, 16 nəqqaş, 12 nüsxəbənd, 5 astronom, 18 memar, 16 həkim, 42-yə qədər müəllim və s. olmuşdur. Bu böyük ziyalı təbəqəsi, Şuşa şəhərini mədəniyyət mərkəzinə çevirməkdə, burada elmi və mədəniyyəti inkişaf etdirməkdə çox böyük rol oynamışlar”.

Sovet dövründə şəhərinn inkişafı, onun iri mədəniyyət mərkəzinə, turizm mərkəzinə çevrilməsi üçün böyük işlər görülüb. Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə 1970-ci illərin 2-ci yarısında bir neçə xüsusi qərar qəbul edildi. Həmin qərarlara uyğun olaraq şəhərin keçmişdə tikilmiş binaları, tarixi abidələri bərpa edildi, yeni çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxana kompleksləri, ayrı-ayrı inzibati binalar tikildi. Bununla yanaşı, Şuşanın statusu qaldırılaraq ümumittifaq səviyyəli kurort şəhərinə çevrildi. Şəhər inkişaf edir, əlavə iş yerləri açılır, həyat səviyyəsi yaxşılaşır, Azərbaycanlıların milli ruhu güclənirdi. Ölkənin müxtəlif yerlərindən Şuşaya istirahətə gələnlər, eyni zamanda, Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti ilə yaxından tanış olurdular.

Şuşa ictimaiyyəti ilə keçirdiyi görüşdə ümummilli lider tövsiyə edərək demişdi: “Şuşa abidələr şəhəridir. Diyarın zəngin tarixi ilə bağlı olan hər şeyi qorumaq, qədim tikintiləri bərpa etmək lazımdır”. Heydər Əliyevin bilavasitə səyləri nəticəsində, az sonra Şuşa şəhərini tarix-memarlıq qoruğu elan edən qərar qəbul olundu. Həmin illərdə ümummilli lider Heydər Əliyevin Dağlıq Qarabağa göstərdiyi diqqət və qayğı daha da artmış və geniş quruculuq işləri vüsət almışdı. Belə ki, görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin məzarı üstündə 1980-1981-ci illərdə abidə, məqbərə tikilmiş və 1982-ci il yanvarın 14-də yağan güclü qarın altında Ümummilli Lider Şuşada şairin məqbərəsini böyük təntənə ilə açmışdı. Bununla yanaşı, səfər zamanı Heydər Əliyev Şuşada Poeziya evini açaraq, Vaqif poeziya günlərində iştirak etdi.

1982-ci il iyulun 29-dan avqustun 2-dək Qarabağa bir il içərisində ikinci dəfə səfər edən Heydər Əliyevin bilavasitə iştirakı ilə Şuşada şairə Xurşidbanu Natəvanın abidəsinin açılışı oldu. Bununla yanaşı, Ulu Öndər Üzeyir bəy Hacıbəylinin və Bülbülün Şuşadakı ev-muzeylərindəki eksponatlarla tanış olmuş və onların qorunmasına dair tövsiyələrini də vermişdi. Qeyd etmək lazımdır ki, bir ildə iki dəfə Şuşaya gedərkən ailəsi ilə birlikdə yanında elm, mədəniyyət və incəsənət adamlarının böyük bir qrupunu da aparmışdı. Bu addımı ilə Ümummilli Lider ziyalıları Dağlıq Qarabağa xüsusi diqqət yetirməyə istiqamətləndirir, Şuşaya tez-tez səfərə gəlmələrini tövsiyə edirdi.

1992-ci il mayın 8-də Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində rayonun 25 məktəbi, 31 kitabxanası, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya, turist bazası, 2 mehmanxana, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq sağlamlıq məktəbi talan edilmiş, yandırılmış və dağıdılmışdır.

Bununla yanaşı, işğala qədər Şuşada memarlıq abidəsi sayılan 500-dən çox yaşayış binası və 300-dək mədəniyyət və tarixi abidə var idi. Bunların içərisində son tunc və ilk dəmir dövrü abidəsi sayılan Şuşa və Şuşakənd daş qutusu qəbirləri, daş dövrü abidəsi olan Şuşa mağara düşərgəsi, XVIII əsrə dair Şuşa qalasının divarları, Gəncə qapısı, Pənah xanın sarayı və kitabxanası, İbrahim xanın bürcü və qəsri, Xan sarayı və karvansaray, M.P.Vaqifin mədrəsəsi və türbəsi, Yuxarı məscid mədrəsəsi, Hacıqulların malikanəsi, İkimərtəbəli karvansaray, Mehmandarovların malikanə kompleksi, Gövhər ağa, Xoca Mərcanlı, Hacı Abbas, Mərdinli, Saatlı, Köçərli məscidləri, Xurşidbanu Natəvanın evi və bulağı, Ə.B.Haqverdiyevin, Q.B.Zakirin, M.M.Nəvvabın, S.S.Axundovun, N.B.Vəzirovun, Y.V.Çəmənzəminlinin evləri, Mamay bəyin evi, məscidi və bulağı, Behbudovların, Fərəməzovların, Zöhrabbəyovun, Bəhmən Mirzənin evləri, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeyləri, Xan Şuşinskinin, Tarzən Sadıqcanın evləri, Realnı məktəbinin binası, Qız məktəbi, Şirin su hamamı, Meydan bulağı, İsa bulağı və s. tarixi mədəniyyət nümunəsi erməni işğalçıları tərəfindən talan edilmiş, dağıdılmış və məhv edilmişdir.

Şuşa şəhərinin Azərbaycan üçün müstəsna əhəmiyyət kəsb etdiyini bildirən Prezident İlham Əliyev qeyd edib ki, yarıdağılmış tarixi abidələrimizin bərpasında çox həssas olmalı, ancaq biz o tarixi abidələrimizin əsl simasını bərpa etməliyik. Vaxt itirmədən, ancaq, eyni zamanda, tələsmədən Şuşanın ilkin simasının, tarixi simasının bərpa edilməli olduğunu bildirən Azərbaycan Prezidenti Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edərək deyib: “Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Şuşanın mədəni həyatı zəngin olmalıdır”. Dövlət başçısı vaxtilə Vaqif poeziya günlərinin ənənəvi olaraq keçirildiyini vurğulayaraq diqqətə çatdırıb ki, Şuşada Vaqif poeziya günləri və “Xarı bülbül” festivalı bərpa olunmalıdır”.

2021-ci il yanvarın 14-də Şuşaya səfər edən Azərbaycan Prezidenti İlham Əliyev son dəfə 39 il bundan əvvəl ümummilli lider Heydər Əliyevin şəhərə tarixi və unudulmaz səfəri zaman gəldiyini diqqətə çatdıraraq deyib ki, Şuşa işğaldan azad olunandan sonra şəhərin, bütün tarixi binaların bərpa edilməsi prosesinə start verilib. Ermənistanın Azərbaycan torpaqlarını, o cümlədən Şuşanı işğal etməsi nəticəsində tarixi, mədəni abidələrimiz dağıdılıb, ev muzeyləri qarət edilib. Onların arasında Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı büstləri də var. Güllələnmiş bu büstlər erməni vandalizminin şahidləridir. Prezident İlham Əliyev qeyd etmişdi ki, ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacaq. Azərbaycan Prezidentinin bu sözləri artıq reallığa çevrilib. Həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyuldu.

Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, ermənilərin bütün cəhdlərinə baxmayaraq, onlar Şuşanı dünyaya erməni şəhəri kimi təqdim edə bilməmiş, 28 il ərzində buna çalışmış lakin nail ola bilməmişlər. Ancaq Şuşa ermənilər tərəfindən dağıdılsa da, əyilmədi, əsirlikdə olsa da, öz ləyaqətini itirmədi, erməniləşdirmə cəhdlərinə məruz qalsa da, Azərbaycan ruhunu qoruyub saxlaya bildi.

Prezident İlham Əliyev bildirib ki, Şuşanın Azərbaycan tarixində xüsusi yeri var və Şuşanın bərpası, dirçəlməsi hamımızın işidir: “Əlbəttə ki, bütün işlər planlı şəkildə aparılmalıdır, Şuşanın tarixi siması saxlanılmalıdır, Şuşaya yad olan hər hansı bir tikiliyə yol vermək olmaz. Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərinin birinə çevriləcəkdir.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...