Xalqın çətin anlarının Prezidenti - ŞƏRH

Ölkə rəhbəri İlham Əliyev son 17 il ərzində Ümummilli Liderin əsasını qoyduğu siyasi kursu müasir dövrün çağırışlarına uyğun daha da inkişaf etdirərək hər bir azərbaycanlının Prezidenti olduğunu sübut etməkdədir.

Bu gün Ulu Öndər Heydər Əliyevin axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri xalqın birliyi və dəstəyi ilə Prezident İlham Əliyev başa çatdıraraq Azərbaycanı qüdrətli dövlətə çevirməklə yanaşı, işğalçı Ermənistanın işğalı altında olan doğma torpaqlarımızı – Qarabağı özümüzə qaytardı.

Dahilərin dediyi kimi, xalqları dünyada məşhurlaşdıran təkcə onların zəngin təbii sərvətləri və maddi mədəniyyət inciləri deyil, həm də dünya siyasətində mühüm rol oynayan fenomen şəxsiyyətləridir. Bu gün Azərbaycan xalqı xoşbəxtdir ki, belə nadir şəxsiyyətlərdən biri, müasir müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, özündən sonra çoxşaxəli islahatların varisliyini uğurla təmin edə biləcək peşəkar lider də yetişdirib. "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" deyən Ulu Öndər Heydər Əliyevin xalqımıza özünün layiqli davamçısı kimi təqdim etdiyi İlham Əliyevin 17 illik prezidentlik fəaliyyətinin qısa təhlili belə bu fikrin təxmin deyil, qəti qənaət olduğunu sübut edir. Ümummilli Liderin müəyyən etdiyi strategiyanı uğurla həyata keçirən və yeni dövrün ruhuna uyğun zənginləşdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə onun dövrün çağırışlarına çevik reaksiya verən, yüksək erudisiyaya və idarəetmə bacarığına malik, xalqına və dövlətinə qəlbən bağlı lider olduğu bir daha təsdiqini tapır. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Onunla hesablaşırlar, ona hörmət və ehtiramla yanaşırlar.

Xilaskarlıq missiyası- Qarabağ Azərbaycandır!

Ötən 17 il ərzində Prezident İlham Əliyev atdığı bütün addımları ilə hər bir azərbaycanlının Prezidenti olduğunu isbatlayıb. Bədbəxt hadisələr, müharibə zamanı çətin vəziyyətə düşmüş vətəndaşların yanında olan, onlara kömək edən, problemlərini həll edən Prezident İlham Əliyev hər addımı ilə vətəndaşın yanında olduğunu sübut edir.

Tariximizin ən böyük xilaskarlıq missiyasını isə Ulu Öndərin davamçısı, yeni dövrün yeni rəhbəri cənab İlham Əliyev yerinə yetirdi! Ulu Öndərimizin vəsiyyətlərində dediyi kimi, Onun yarımçıq qalmış işlərini başa çatdırmaqla, Azərbaycanı müasir və qüdrətli dövlətə çevirməklə, xalqın ən müqəddəs arzusunu - Qarabağ Azərbaycandır! ifadəsini reallaşdırdı, 30 illik torpaq həsrətinə son qoydu.

Bəli, 30 il idi deyirdik ki, gün gələcək, torpaqlarımızı, doğma ata-baba torpaqlarımıza qayıdacağıq. Qayıtdıq, Ulu Öndərimiz! Qaytardı varisiniz, Qalib Liderimiz, Prezidentimiz, hər bir azərbaycanlının Prezidenti İlham Əliyev cənabları qaytardı Qarabağı! Gün o gün olmadı, gün bu gün oldu! Xalqımızın ən böyük ağrısı, sağalmaz yarasına Xilaskar Sərkərdəmiz İlham Əliyev məlham qoydu! BMT qəbul etdiyi dörd qətnaməni yerinə yetirə bilmədi, ATƏT-in Minsk qrupu uğursuz fəaliyyəti, digər beynəlxalq qurum və təşkilatlar beynəlxalq hüququn norma və prinsiplərini, ədaləti təmin etməkdə acizlik göstərdi, Ermənistan isə sülhdən boyun qaçırdı.

Ancaq belə bir mürəkkəb məqamda həm dünya miqyaslı nüfuzlu siyasi xadim, həm mahir diplomat, həm də qətiyyətli sərkərdə kimi meydana girən Prezident İlham Əliyev bir həmlə ilə işğal altındakı torpaqlarımızı düşməndən azad etdi!

“Bizim yumruğumuz bizim birliyimizdir!”

Bəli, “Bizim yumruğumuz bizim birliyimizdir!”, - deyən Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev çıxışlarında dəfələrlə bildirib ki, haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, güc də bizim tərəfimizdə olmalıdır: “Biz bu torpaqlara Azərbaycan xalqının, şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti hesabına qayıtmışıq. Biz güc toplamalı idik və toplayırdıq. Mən son 17 il ərzində xalqa müraciət edərkən dəfələrlə deyirdim ki, biz daha güclü olmalıyıq, daha qüdrətli ordu qurmalıyıq. Bu gün dünyada güc amili həlledici rol oynayır. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, güc də bizim tərəfimizdə olmalıdır. Məhz gücümüzün yetərli dərəcədə olmaması nəticəsində Azərbaycan 1990-cı illərin əvvəllərində işğala məruz qalmışdır. Biz güc toplayırdıq, güclənirdik. Mən deyirdim ki, hər gün hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü, bu zəfər gününü öz əməyi, zəhməti, Vətənə olan sədaqəti ilə yaxınlaşdırmalıdır”.

Bu gün məhz o gücünü, birliyin nəticəsidir ki, 30 il işğalçı Ermənistanın çirkin niyyətlərini alt-üst etdi. Ali Baş Komandanımız İlham Əliyev cənablarının yerli və xarici televiziya kanallarına verdiyi müsahibələrində, xalqa müraciətlərində səsləndirdiyi hər bir bəyanatda 30 ilə yaxın müddətdə dünya dövlətlərinin siyasi iradə ortaya qoymamalarının yol açdığı sual doğuran və dəqiq cavabını axtaran məqamlar öz əksini tapıb. Real həqiqətlər bir daha bu gerçəkliyə işıq salır ki, zaman keçdikcə baş verən hadisələrin mahiyyəti daha dərindən dərk olunur, haqqın, ədalətin maraqların arxasında necə əridiyi aydın görünür. Bu gün dünyaya edilən "həqiqətə həqiqət gözü ilə baxaq" çağırışı erməniləri və onların havadarlarını narahat etsə də, unudulmamalıdır ki, beynəlxalq hüquq normaları və prinsipləri deyilən məfhum mövcuddur ki, onlara böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlər əməl etməli, yanaşmalarında əsas götürməlidirlər.

Azərbaycanın uğurlarının gölgəsində alışıb yananlar

Ancaq bu gün Azərbaycanın uğurlarının gölgəsində alışıb yananlar – AXCP sədri, satqın, cinayətkar Əli Kərimli-C.Həsənli kimi anti-milli ünsürlər hələ də həyasızcasına dövlətə, xalqa, Azərbaycanın uğurlu inkişafına qara yaxaraq elə zənn edirdilər ki, bu əxlaqsızlıqları ilə xalqın dəstəyini bəlkə "qazanacaqlar".

Ancaq anlamırlar ki, bu 28 ildir ki, "müxalifət" adı ilə bu satqınlar dövlətə, xalqa, Azərbaycanın uğurlarına qara yaxanlar elə zənn edirdilər ki, bəlkə bu əxlaqsızlıqları ilə xalqın dəstəyini "qazandılar". Ancaq onların bu "arzusu" "qaşınmayan yerdən qan çıxarmaqla" xalqın nifrətini birə-on artırır.

Prezident İlham Əliyev yanvarın 27-də Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən çıxışı zamanı torpaqlarımızı satanların - AXC-Müsavat cütlüyü olduğunu bir daha bildirdi: "Şuşanın 1992-ci il mayın 8-də itirilməsi böyük faciə idi. Bu faciənin günahkarları AXC-Müsavat cütlüyüdür. Hamı bunu bilməlidir, heç kim bunu unutmamalıdır. O vaxt Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedirdi. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, o vaxtkı hakimiyyəti yıxmaq üçün bu təxribatı törətdi, Şuşanı faktiki olaraq düşmənə təhvil verdi. O vaxt Azərbaycan müdafiə naziri AXC-Müsavat cütlüyünün törəməsi idi, onların quyruqlarından idi. Şuşanı satan birinci o olmuşdur. Sonra da demişdi ki, mənim günahım yoxdur. Necə sənin günahın yoxdur, satqın, xain. Demişdi ki, Şuşa əldən getsə, başıma güllə çaxacağam. Bu günə qədər də bu gülləni çaxmayıb öz satqın başına. AXC-Müsavat cütlüyü öz çirkin niyyətlərinə çatıb. Şuşa və ondan bir neçə gün sonra Laçın rayonunun işğal altına düşməsi nəticəsində o vaxtkı hakimiyyət kənarlaşdırılıb və hərbi çevriliş nəticəsində AXC-Müsavat hakimiyyətə gəlib. Ondan sonra Şuşanı unudub, Şuşanı faktiki olaraq ermənilərə bağışlayıb və sonra digər xəyanət törədib - 1993-cü ilin aprel ayında Kəlbəcəri düşmənə təhvil verib. Günahsız, əliyalın insanları orada tək qoyub, xilas edə bilməyib, qoruya bilməyib. Ondan sonra da nə edib?! Fərarilik edib, qaçıb. Ali Baş Komandan fərari, dövlət katibi fərari, parlamentin sədri fərari, digər fərarilər qaçıb gizləndilər, biri Kələkidə, biri xaricdə. Əgər müharibə dövründə Ali Baş Komandan qaçırsa, bunun adı fəraridir, başqa adı yoxdur. Hamı bunu bilməlidir, heç kim bunu unutmamalıdır".

Bəli, Azərbaycan xalqı heç nəyi unutmayıb da! Onu da unutmayıb ki, əgər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi, dövlətçilik əldən gedəcəkdi.

Bunu xalqa müraciətində Prezident İlham Əliyev deyərək bildirmişdi ki, öz laxlamış hakimiyyətini saxlamaq üçün vətəndaş müharibəsi başlamışdılar: "Bunu heç kim unutmasın! Bilməyənlər bilsinlər və gənc nəsil bunu bilsin, kim bizi bu bəlaya saldı? Kim bu bəlanın səbəbkarıdır? Kim bir milyon insanın ağır vəziyyətə düşməsinin səbəbkarıdır? O vaxtkı Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti".

Və bu gün bu uğurlu siyasətə qara yaxmağa çalışan, yalan və manipuliyasiyalarla insanların fikirlərini dəyişdirməyə can atan məkrli xarici qüvvələri və nüfuzdan düşmüş radikal müxalifətin anti-Azərbaycan təbliğatını mənasız və əsassızdır. Bütün bunları xalqımız görür və öz Prezidentinin yanındadır. Çünki ölkə Prezidentinin də qeyd etdiyi kimi: “Biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

Çünki bir azərbaycanlı üçün onun torpağı, bayrağı müqəddəsdir, qeyrətdir, namusdur. Kiçik yaşlı azərbaycanlıdan tutmuş yaşlısına qədər hər kəs bayrağını daim əlində və başının üzərində tutar, himnini oxuyanda həyəcanlanar, qürrələnər. Amma Əli Kərimli, Gültəkin Hacıbəyli, Cəmil Həsənli, Sevinc Osmanqızı, Vidadi İskəndərli, Arif Məmmədov, Qənimət Zahid kimi bandit, vətənşüvənlər erməni qoltuğuna sığınmaqla, tula payına görə mənliklərini alçatmağı üstün tuturlar. Daha doğrusu, üzələrinə tüpürsələr də, o biri üzlərini çevirən alçaq və mənəviyyatsızlardır.

Bundan sonra isə söz xalqındır. Əsgərimizə, dövlətimizə şər atan bu şər atanlar yığımı olanlara xalq sözünü deməli, onlara yerini göstərməklə yanaşı, əlbəttə ki, hüquq-mühafizə orqanları da belə məsələlərə biganə qalmamalıdır. Vətən, dövlət, xalq xainləri, düşmənə işləyən bu satqınlar yığnağı hüquqi çərçivədə də cavablarını almalıdırlar. Çünki xalqımızın və dövlətimizin maraqlarına qarşı çıxmaq Vətənə xəyanətdən başqa heç nə deyil! İnanırıq ki, Vətənə və dövlətə qarşı xəyanət yolu tutan bu satqın və naqis xəyanətkarlar gec-tez öz layiqli cəzalarını alacaqlar!

ZƏRİFƏ QULİYEVA,

YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...