"Azərbaycan üçtərəfli hərbi təlimlərin keçirilməsini reallaşdırmalıdır" POLİTOLOQ ŞƏRH ETDİ

“Azərbaycanın Ermənistanın işğalına son qoyması regionda yeni çağrışlara və siyasi nizamın formalaşmasına gətirib çıxarır. Ölkəmiz Türkiyə və Pakistanla hərbi texniki əməkdaşlığı inkişaf etdirməklə, üçtərəfli hərbi təlimlərin keçirilməsini reallaşdırmalıdır. Türiyə ilə birgə bu təlimlər həyata keçirilir”. Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, Azərbaycana Qarabağ müharibəsində real dəstək verən Türkiyə, Pakistan və İsraillə ortaq bir platformanın qurulmasını həyata keçirmək lazımdır: “Qarabağ müharibəsində İsrail və Türkiyə arasında sıx əməkdaşlıq iki ölkənin yenidən geosiyasi reallıq nəticəsində yaxınlaşmasına gətirib çıxardı. Pakistanla İsrail arasında da əlaqələrin qurulması istiqamətində Azərbaycan mühüm rol oyanaya bilər. Paksitanla İsrail arasında siyasi əməkdaşlıq yoxdur və rəsmi İslamabad İsraili bir dövlət kimi tanımır. Hər iki ölkə Azərbaycanın yaxın hərbi-siyasi tərəfdaşıdır və ortaq nöqtələri var. Bir çox regionlarda hər iki dövlətin maraqları üst-üstə düşür. Azərbaycan İsrail və Pakistan arasında siyasi münasibətlərin qurulması üçün bir təşəbbüs edə bilər.

İsrail ötən il müsəlman ərəb ölkələri ilə siyasi əlaqələr qurur. Azərbaycan Pakistanla İsraili bir araya gətirməsi üçün İslamabadla təmaslar qurmalı və danışıqlar aparmaq üçün hər iki ölkənin təmsilçilərini Bakıya dəvət edə bilər. Hətta Bakıdakı səfirlər çərçivəsində ilk təmasın qurulması üçün təşəbbüs göstərə bilər. Türkiyəni də bu barışıq üçün danışıqlara cəlb etməlidir. Təbii ki, iki ölkə arasında münasibətlərin qurulması çətindir. Hər iki ölkə uzun illərdir ki, Azərbaycana hərbi-siyasi dəstək verir.

Pakistanın İsraili tanıması regional maraqlarına uyğundur. Bu ölkədən müasir silahlar almaqla, öz hərbi arsenalını daha da gücləndirə bilər. Bundan əlavə, Hindistan İsrail əlaqələrində daha da önə çıxa bilər. Qeyd edim ki, iqtidar Kəşmir məsələsində daha da açıq mövqe tutmalı və Paksitana bu məsələdə istənilən yardımı edə biləcəyini daima bəyan etməlidir. İndiyə qədər Qarabağ probelminə görə buna getmirdi. Qarabağ münaqişəsi Azərbaycan üçün bitib. Qarabağın statusu heç bir sənəddə təsbit edilməyib və ölkəmiz müəyyən məsələləri Rusiya ilə həll etməli olacaq. Ona görə də çəkinmədən Kəşmir məsələsində Pakistanın mövqeyini beynəlxalq təşkilatlarda konkret şəkildə dəstəkləməliyik”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...