“Amnesty İnternasional” hər zaman bizə qərəzli münasibəti ilə seçilib” ÖZƏL-ŞƏRH

“Amnesty İnternasional” beynəlxalq amnistiya təşkilatı hər zaman Azərbaycana, Türkiyəyə, türk dünyasına özünün qərəzli münasibəti ilə seçilib. Bu sözləri SİA-ya verdiyi açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçinin sözlərinə görə, ilk dəfə deyil ki, “Amnesty İnternasional” bu cür qeyri-obyektiv, ermənilərin əlinə oynayan hesabatla çıxış eliyir.

“Biz ötən illər ərzində də dəfələrlə şahidi olmuşuq ki, bu təşkilat Azərbaycanda xırda bir məsələni şişirdib dağ başına qaldırıb və ondan istifadə eliyərək Azərbaycanı çox ciddi şəkildə ittiham eliyib, amma Ermənistanda göz önündə baş verən bir çox hüquq pozuntularına heç reaksiya belə verməyib. Hətta, Türkiyə ilə bağlı da eyni və daha geniş həcmli yanaşmalar sərgiləyib. Yəni, Türkiyədə də adi bir hadisəni çox şişirdərək, bütün dünyanı səfərbər edib və Türkiyənin üzərinə qaldırıb, eləcə də Türkiyə dövlətini, türk xalqını gözdən salan çağırışlar edib. Ona görə də, indi, baş verən hadisələrə, Qarabağ savaşı zamanı Ermənistanın dinc əhaliyə atəş açması, şəhərlərimizi, kəndlərimizi xaraba qoyması, yüzdən çox mülki şəxsimizi öldürməsi faktı ümumiləşdirilmiş rəqəmlər içərisində ört-basdır edilməyə çalışılır. Yəni, rəqəmləri bir yerə toplayaraq, müharibə nəticəsində bu qədər mülki şəxs öldürülmüşdür, deyib, ermənilərlə bizi tərəzinin bir gözünə qoyurlar.

Eyni zamanda da bunlar Azərbaycanın azadlıq müharibəsi apardığını göz ardı edirlər. Yəni, Azərbaycan dövləti, Azərbaycan Ordusu öz ərazilərindən kənarda heç bir əməliyyat aparmayıb, Ermənistan ərazisinə bir güllə belə atmayıb, Ermənistan ərazisində hərhansı mülki şəxs və ya tikili zərər görməyib. Bunlar vurğulanmalı idi, lakin beynəlxalq amnistiya təşkilatı bunları görməzdən gəlir. Nə olubsa Azərbaycan ərazisində olub. Əslində, onlar bunu xüsusi vurğulamalı idilər. Yəni, dağıdılan binalar da, öldürülən mülki şəxslər də, bütün bunlar Azərbaycan ərazisində öldürülüblər.

Hətta, müharibə nəticəsində öldürülmüş ermənilər belə, Azərbaycanın günahı ucundan dünyadan köçməyiblər. Onların da öldürülməsinin səbəbi, günahkarı işğalçı Ermənistandır. İşğalçı Ermənistanın ordusu Azərbaycan torpaqlarında olmasaydı, o ermənilər də ölməyəcəkdi. Bax, beynəlxalq amnistiya təşkilatı bu məqamlara diqqət yetirə bilərdi. Lakin, göründüyü kimi, onlar bu məqamları göz ardı ediblər, hərzamankı kimi ikili standart, qərəzli yanaşma və Azərbaycanı gözdən salma siyasəti yürüdüblər. Hər halda biz, indi elə bir zamanda yaşayırıq ki, yüz belə təşkilat minlərlə yalan uydursa belə, gerçəklər dəyişən deyil. Gerçək də ondan ibarətdir ki, Ermənistan Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxladı, müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan Cənab İlham Əliyevin başçılığı altında, Azərbaycan əsgərinin canı və qanı bahasına o torpaqları işğaldan azad etdi. Bax, bu gerçəyi artıq heç kim dəyişə bilməyəcək”, deyə Azər Həsrət bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...