"4 maddədən ibarət bəyanat bizi hədəflərimizə daha da yaxınlaşdırdı" - AÇIQLAMA

"Dövlət başçısı cənab İlham Əliyevin hər zaman qürurla səsləndirdiyi "Qarabağ Azərbaycandır və Nida" şüarı xalqımızın müqəddəs vətən torpağı uğrunda savaşının yüksək məqsədi və Zəfər Qələbəsinə səsləyən rəhbər çağırışı oldu. 44 gün davam edən Vətən müharibəsi həm də Azərbaycanın bütün dünyada özünütəsdiqi oldu. 2020-ci il tarixində ölkəmiz bütün dünya ölkələri kimi qlobal problemə çevrilən virusun "COVID-19" pandemiyasının güclü təsir dairəsində oldu. 2020-ci il həm Böyük Qələbə, həm də koronavirusla müharibə ili oldu. Həm qlobal virusa qarşı, həm də Vətən müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasını istəməyən xarici qüvvələrə qarşı mübarizədə öz qətiyyətli və güclü iradəsi ilə cənab Prezident "Yenilməz xalqın, yenilməz Lideri" olduğunu sübut etdi". SİA xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin üzvü İlham Məmmədov deyib.

Deputatın sözlərinə görə, Vətən müharibəsi zamanı Fransa kimi bir neçə ölkə rəhbərlərinin, xüsusilə də anti-Azərbaycan qüvvələrin və xarici media nümayəndələrinin feyk informasiyalarına qarşı dövlət başçısı tərəfindən verilən adekvat cavablar bir daha bütün dünyaya nümayiş etdirdi ki, ölkəmiz müstəqil siyasət apararaq torpaqlarımızı düşmən tapdağından azad edəcək gücə sahibdir: "Ali Baş Komandan başda olmaqla şanlı ordumuzun qüdrəti ilə döyüş meydanında alınan torpaqlar və diplomatik sahədəki uğurların nəticəsi olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının heç bir hərbi qarşıdurma baş vermədən geri qaytarılması hadisəsi Azərbaycan tarixinin səhifələrinə qızıl hərflərlə həkk olundu. 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli bəyanat əslində Ermənistan Respublikasının tam məğlubiyyəti qəbul edərək kapitulyasiya aktına imza atması idi. Elə bu prosesin davamı kimi 11 yanvar 2021-ci ildə imzalanmış 4 maddədən ibarət bəyanat bizi hədəflərimizə daha da yaxınlaşdırdı. Belə ki, bəyanatda qeyd edilən mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri kimi yol nəqliyyat infrastrukturunun bərpa edilməsi məsələsi olmuşdur. Bu da öz növbəsində indiki vəziyyətdə dövlətimiz üçün olduqca prioritet məsələdir. Çünki erməni qəsbkarlarının 30 ilə yaxın müddətdə torpaqlarımızı işğal altında saxlaması,həmin ərazilərimizdə mənfurcasına qanunsuz yerləşmə siyasəti aparmaqla yanaşı regionun nəqliyyat və iqtisadi əlaqələrinin pozulması prosesinin davam etdirilməsi,regional inteqrasiya və iqtisadi inkişafa çox böyük zərbə vurmuşdur. Bəyanata uyğun olaraq, Cənubi Qafqaz regionunda sülh və dayanıqlı sabitliyin davamlı olması üçün iqtisadi inkişafımız gələcəkdə də ölkəmizin rifahı üçün əsas faktorlardan biri olacaqdır".

İ.Məmmədov vurğulayıb ki, Azərbaycanı Naxçıvanla birləşdirən dəmiryolu və avtomobil yolunun təmin edilməsi kommunikasiya sahəsindəki əldə etdiyimiz növbəti uğurlarımızdan biri oldu: "Bu isə sadəcə Azərbaycanın deyil,bizə Vətən Müharibəsində mənəvi dəstək olan qardaş Türkiyənin və digər qonşu dövlətlərin də iqtisadi maraqlarının reallaşması baxımından əhəmiyyətlidir. Ona görə ki, biz Naxçıvan Muxtar Respublikası ərazisindən keçməklə Türkiyə bazarına çıxış əldə etməklə bərabər, Türkiyə və Rusiya dəmir yolu arteriyalarının birləşməsini də təmin edəcəyik. Üçtərəfli görüş zamanı diqqət çəkən məqamlardan biridə Ermənistanın baş nazirinin problemin hələ də tam nizamlanmaması haqqında söylədiyi fikirlər idi. Ancaq bu fikirlər nə ciddiyə alındı, nə də ki rəsmi olaraq imzalanan sənədə daxil edilmədi. İmzalanan bəyanat böyük perspektivlər yaradaraq, tam əminliklə söyləməyə imkan verir ki, fəaliyyət göstərəcək İşçi qrupu səmərəli şəkildə işləyəcək və təsdiqlənən layihələri zamanında reallaşdıracaqdır. Hər zaman ölkə daxilində və eləcə də ölkə xaricindəki beynəlxalq platformalarda olan çıxışları zamanı məğrur, qətiyyətli, əsl liderlik keyfiyyətləri təcəssüm etdirən və Böyük Sərkərdə duruşu ilə ilə seçilən dövlət başçımız Cənab İlham Əliyev bu üçtərəfli görüşdə də bir daha qalib ölkənin rəhbəri olduğunu və Azərbaycanın işğal altında olan torpaqlarını qısa müddətdə azad etdiyini bütün dünyaya nümayiş etdirmiş oldu. Bu gün mən qalib bir xalqın nümayəndəsi, həmçinin millət vəkili olaraq iftixar hissi ilə söyləyə bilərəm ki, bizə Böyük Qələbə sevincini yaşadan Cənab Ali Baş Komandanımız İlham Əliyev yeni Azərbaycanın böyük sərkərdəsidir. Tam əminliklə söyləyə bilərəm ki, cənab Prezidentimiz tərəfindən imzalanan bəyanatlar və ümumilikdə həyata keçirilən məqsədyönlü siyasət bu gün olduğu kimi, gələcəkdə də regional sabitliyi və təhlükəsizliyi möhkəmləndirəcəkdir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...