"Arzu edirəm ki, partiyamız bundan sonra da öz qabaqcıl rolunu qoruyub saxlasın və inkişaf etdirsin" Bahar Muradova

"İlk öncə Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyev başda olmaqla partiyamızın bütün üzvlərini, partiyanın yaradıcılarını və bu partiyanın bütün təəssübkeşlərini YAP-ın yaranmasının 28-ci ildönümü münasibətilə təbrik edirəm. Yeni Azərbaycan Partiyası Cənubi Qafqaz regionunun ən qüdrətli partiyasıdır, bütövlükdə isə postsovet məkanında ən uzunömürlü, ən mütəşəkkil və böyük nüfuza malik, ən uzunmüddətli iqtidarda olan siyasi qüvvədir. Arzu edirəm ki, partiyamız bundan sonra da yeni, müasir, qüdrətli Azərbaycan quruculuğunda öz qabaqcıl rolunu qoruyub saxlasın və inkişaf etdirsin. Əminəm ki, belə də olacaq. Çünki YAP Cənubi Qafqazda yeganə partiyadır ki, yarandığı vaxtdan keçən müddət ərzində ilbəil nüfuzunu, sosial bazasını, imkanlarını, qüdrətini artırmaqdadır". SİA-nın verdiyi məlumata görə, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Bahar Muradova deyib. Bahar Muradova bildirib ki, partiyamızın bünövrəsində Ulu Öndər Heydər Əliyev və Onun yeni Azərbaycan quruculuğuna dair ideyaları dayanır. Məhz Heydər Əliyevin rəhbərliyi ilə yaranmış bu partiya ötən illər ərzində Ulu Öndərimizin Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsi, inkişaf etdirilməsi, müstəqil siyasi iradəyə malik qüdrətli dövlətə çevrilməsi işinə xidmət edib. "Biz hər il bu dönəmlərdə partiyanın yaranmasını qeyd edirik, xalqın, dövlətin nailiyyətlərindən danışırıq. Amma bu il isə başqa əhval-ruhiyyə hökm sürür. Əgər xatırlasaq, müstəqilliyimizi elan etdikdən sonra daxildə bölücülüyə yönəlmiş cəhdlərlə, Azərbaycanın ətrafında, bu bölgədə marağı olan beynəlxalq dairələrin ən müxtəlif layihələri ilə üz-üzə olmuşuq. Eyni zamanda, Ermənistanın təcavüzkar siyasəti nəticəsində ərazimizin bir hissəsi işğal altına düşmüşdü. Partiyamızın uğurlarından, dövlətimizin nailiyyətlərindən danışarkən yeganə problemli məsələ kimi Dağlıq Qarabağ münaqişəsini vurğulayırdıq. Amma bu gün biz fərqli dönəm yaşayırıq", - deyən YAP İdarə Heyətinin üzvü qeyd edib ki, bu il Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq Ali Baş Komandanımızın əmri ilə ordumuz əks-hücum əməliyyatlarına başladı. Onun sözlərinə görə, bu hərbi əməliyyatları xalqımız müqəddəs Vətən müharibəsi kimi səciyyələndirir. 44 gün ərzində 30 ilə yaxın işğal altında olan ərzilərimizin bir hissəsi hərbi yolla, bir hissəsi də siyasi yolla azad olundu. Həmin ərazilərdə üçrəngli bayrağımız dalğalanır. Dövlət Komitəsinin sədri söyləyib ki, Ulu Öndər Heydər Əliyevin layiqli siyasi varisi, ölkə Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpa edilməsinə nail olduq: "Bu gün biz bu qələbənin sevincini, onun doğurduğu fəxarət hissini yaşayırıq. Bu illər ərzində partiyamızın və onun üzvlərinin, birliyə, həmrəyliyə daha çox önəm verən xalqımızın, etnik mənsubiyyətindən, dini inancından asılı olmayaraq bu coğrafiyanın sakinlərinin dövlətimiz üçün çalışmaları öz müsbət nəticəsini verdi. Bu gün biz vahid Azərbaycan xalqından, dövlətindən və vahid azərbaycançılıq məfkurəsindən danışa bilirik". Bahar Muradova qeyd edib ki, bütün bu hadisələrin, müsbət dəyişikliklərin fonunda YAP-ın 28 il əvvəl yaradılmasının nə qədər uzaqgörən və əhəmiyyətli hadisə olduğuna əmin oluruq: "Həqiqətən də, bu gün müasir, yeni Azərbaycan quruculuğuna partiyamızın verdiyi töhfələri tamamilə yeni rakursdan dəyərləndiririk. Eləcə də münaqişə dönəmində, müqəddəs savaş günlərində YAP üzvlərinin və onun tərəfdaşlarının, təəssübkeşlərinin fədakarlıqlarını, qəhrəmanlıqlarını ürək dolusu qeyd edirik. Ən böyük minnətdarlığımız partiyamızın Sədri, Prezident, Ali Baş Komandan İlham Əliyevədir. Çünki məhz Onun uzaqgörən və qətiyyətli siyasəti nəticəsində biz qələbəyə nail olduq. Eyni zamanda, biz Ulu Öndər Heydər Əliyevi böyük ehtiramla yad edirik. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yol Azərbaycanı öz ərazi bütövlüyünə qovuşdurdu. İnanıram ki, bu yol Azərbaycanın bundan sonra daha da qüdrətli ölkə olmasına öz töhfələrini verəcək. Heydər Əliyev yolu, Yeni Azərbaycan Partiyası uzun illər Azərbaycana sədaqətlə xidmət edəcək və hər zaman biz qürurla söyləyə biləcəyik ki, biz fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq, azərbaycanlıyıq və yeni azərbaycanlıyıq". yap.org.az

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...