Rusiya Paşinyanın keçid dövrü üçün hakimiyyətdə qalmasında maraqlıdır - AÇIQLAMA
"Putinin məlum fikirləri Paşinyanın öz hakimiyyətini qorumasına kömək edə bilər. Əvvəla Putinin Qarabağla bağlı açıqlamaları Azərbaycan ictimaiyyətində müəyyən mənada məmnunluq yaratdı. Bildirdi ki, hərbi əməliyyatlar Azərbaycan ərazisində gedirdi. Beynəlxalq hüquqa görə Qarabağ həmişə Azərbaycanın ayrılmaz hissəsi olub. KTMT qarışa bilməzdi, çünki Azərbaycan Ermənistana müdaxilə etməyib. Bununla yanaşı, Putin qeyd edib ki, indiki şəraitdə Ermənistanda Paşinyanın istefasını tələb edən dairələr bununla vəziyyətin daha da gərginləşməsinə şərait yarada bilərlər". Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.
Ekspertin sözlərinə görə, bu o deməkdir ki, “Qarabağ klanı” kartblanş alıb hakimiyyətə gəlsə və revanşa hazırlaşsa, bu, Ermənistan dövlətinin sonunu yaxınlaşdıra bilər: "Bütün hallarda, Putinin bu açıqlaması Paşinyanın hakimiyyətdə qalmasına müsbət perspektiv vəd edir. Düzdür, Putin Paşinyan iqtidarının həyata keçirdiyi siyasətdən məmnun deyildi. Çünki Paşinyan Sorosun adamı olaraq Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaq istəyirdi. Bu, Birləşmiş Ştatların hakim dairələrinin siyasi istibleşmenində Cənubi Qafqaz uğrunda gedən geosiyasi mübarizədə düşünülmüş bir layihədir".
E.Manafov vurğulayıb ki, Gürcüstandan sonra Ermənistanı da Rusiyanın təsir dairəsindən çıxarmaq istəyirlər: "Bu mənada, Putinin Qarabağ münaqişəsində loyal mövqe tutub beynəlxalq hüquq normalarına hörmətlə yanaşması, həm də dolayısı ilə Paşinyan iqtidarını Ermənistanda hakimiyyətdən uzaqlaşdırma kimi təsir bağışlayırdı. Ancaq indiki şəraitdə Ermənistanda siyasi qarşıdurmanın güclənməsi Kremlə sərf etmir. Çünki vətəndaş qarşıdurması ölkədə xaosa gətirib çıxara bilər. Bütün bunların Rusiyanın müttəfiqi olan bir ölkədə baş verməsi Moskvanın maraqlarına cavab vermir. Putin uzaqgörən dövlət xadimi olaraq bilir ki, “Qarabağ klanı” belə hakimiyyətə gəlsə, Ermənistan müharibə aparmaq gücündə deyil. Bu səbəbdən Rusiya Paşinyanın keçid dövrü üçün hakimiyyətdə qalmasında maraqlıdır”.
Politoloq onu da qeyd edib ki, parlamentdə çoxluq Paşinyanın xeyrinə olduğu üçün müxalifətin hüquqi baxımdan onu istefaya göndərmək imkanı yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB