"İşğalçı Azərbaycan torpaqlarını tərk etməlidir" ÖZƏL-MÜNASİBƏT

"Sentyabrın 27-də başlamış hərbi əməliyyatlardan bir ay ötür. Bu bir ayda Azərbaycan bütün dünyaya gücünü, qüdrətini, Vətən naminə necə birləşməyin nümunəsini nümayiş etdirdi". Bunu SİA-ya Əməkdar jurnalist Elman Babayev deyib.

Onun sözlərinə görə, bütün dünya azərbaycanlıları bir yumruq kimi Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək milli həmrəylik, yüksək vətənpərvərlik, birlik sərgilədi və bu amil dövlətimizin əzmini hər gün daha da artırmaqdadır: "Tutduğu siyasi mövqedən, yaşadığı yerdən asılı olmayaraq bütün soydaşlarımız Vətən müharibəsinə öz töhfəsini vermək üçün səfərbər oldu. Bütün həmvətənlərimiz könüllü olaraq informasiya platformalarında həmrəy olub Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mətanətlə, yorulmadan, gecə-gündüz demədən mübarizə aparırlar.

Xalqın iradəsinə söykənən Prezident İlham Əliyev yenilməz siyasi iradə, əzm, qətiyyət, prinsipiallıq nümayiş etdirərək böyük güclərin təzyiqlərinə baxmayaraq, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etdi və etməkdədir. Bu bir ayda Azərbaycan həm hərbi, həm siyasi müstəvidə məharətli və vaxtında atdığı addımlar nəticəsində tamamilə yeni reallıq yarada bilib. Nədir bu reallıq?

- Öz qüdrətini bir daha bütün dünyaya nümayiş etdirən Azərbaycan Ordusu 30 gün ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə və milyardlarla vəsait hesabına qurduğu ordusunu darmadağın edib;

- Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı Cəbrayıl rayonu, Hadrut qəsəbəsi, Murovdağ zirvəsi, Suqovuşan su anbarı, onlarla kənd, strateji yüksəkliklər azad edilib və indi həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır;

- 30 günlük müharibə Ermənistanın hərbi-siyasi müstəvidə mövqeyini alt-üst edib, onun iqtisadiyyatını tam çökdürüb;

- Ermənistanın danışıqlar formatını dəyişdirmək və Dağlıq Qarabağdakı qondarma rejimin danışıqlar prosesində tərəf olaraq çıxış etməsi kimi sərsəm iddiası torpağa gömülüb;

- Kompromislərdən danışmağa başlayan Ermənistan baş naziri Paşinyanın əməliyyatlardan öncə irəli sürdüyü 7 şərt indi ağlından belə keçmir. Diz üstə çökdürülən Ermənistanın baş naziri indi hərbi əməliyyatların dayandırılması üçün dünya liderlərinə yalvarmaqla məşğuldur;

- Bu gün diqtə edən tərəf, şərt irəli sürən tərəf Azərbaycandır;

- Ermənistanın və dünyadakı diasporasının işğal olunmuş ərazilərə qoyduğu investisiylar havaya sovrulub;

- Ermənistan ordusunun və cəmiyyətinin özünə güvəni əsaslı dərəcədə sarsılıb;

- Xocalı kimi faciələrin törədilməsində əli olan hərbçilər, Ermənistan ordusunun peşəkar zabit heyəti məhv olunub;

- Ermənistan və onun havadarlarının bir araya gələrək Azərbaycana qarşı vahid diplomatik cəbhə formalaşdırması mümkün olmayıb. Diplomatiyada səhvə yol verməyən Azərbaycan hərbi üstünlüklərini qoruyub saxlayıb və bunu inkişaf etdirib;

Və ən əsası Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların ümumi mənzərəsini kökündən dəyişib. Xüsusi vurğulanmalı məqam odur ki, Dağlıq Qarabağın inzibati ərazisinə daxil olan Hadrutun və ətraf kəndlərin azad edilməsi ilə regionun yeni geosiyasi mənzərəsi yaranıb. Bundan sonra danışıqlar olsa belə bu prosesdə status-kvo, cəbhədə təmas xətti kimi anlayışlar olmayacaq. Belə ki, 30 ilə yaxın dövr ərzində daşlaşmış bir sistem qurulmuşdu: münaqişənin həll olunmaması və işğala əsaslanan status-kvonu saxlamaq üçün Ermənistana dəstək göstərilir, danışıqlar prosesi imitasiya olunmuş əsasda aparılırdı. Nəticə etibarilə Azərbaycanın mövcud vəziyyətlə barışmasına nail olmaq hədəflənmişdi. Artıq bu sistem dağıdılıb və Azərbaycanın işğalla heç zaman barışmayacağını sübut edən durumla əvəzlənib. Azərbaycan hərbi və siyasi şərtləri diktə edən tərəfə çevrilib. Ermənistan irəli sürülmüş tələbləri icra etməli, qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmaq qrafikini təqdim etməli, həmsədrlər də fəaliyyətini bu istiqamətdə qurmalıdırlar.

Azərbaycan bu bir ayda Dağlıq Qarabağ probleminin həlli məsələsini dünya birliyi üçün prioritetlər sırasına daşıya bilib. Hərəkətə gələn beynəlxalq vasitəçilər münaqişənin donmuş vəziyyətdə qalmasının yolverilməzliyini anlamağa başlayıblar. Sülh danışıqları olarsa və münaqişə diplomatik müstəviyə daşınarsa, bunun baza prinsiplərinə əsaslanması, BMT TŞ-nin qətnamələri və Helsinki yekun aktının tələblərinin əsas götürülməsi əsas şərt kimi ortadadır.

Bundan başqa, ötən bir ayda cəbhədəki məğlubiyyətini ört-basdır etmək, həmçinin digər ölkəni münaqişəyə cəlb etmək niyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin anti-insani, faşist simasının yenidən ifşasına gətirib çıxarıb. Azərbaycanın təmkinli və peşəkar davranışı düşmənin əsl sifətini dünyaya nümayiş etdirib. İsbat olundu ki, Ermənistanın əsas hədəfi yaşayış məntəqələri və dinc əhalidir.

Beləliklə, prosesin geriyə dönüşünün olmamasını artıq hamı anlayır. İşğalçı Azərbaycan torpaqlarını tərk etməlidir, bu, ya sülh, ya da başlanan hərbi yolla sona çatdırılacaq. Daha geniş miqyaslı hərbi əməliyyatların bərpa olunması ehtimalı heç də aradan qalxmayıb. Ən azı ona görə ki, düşmən hələ də üçüncü dəfə elan olunan hümanitar atəşkəsi belə pozursa, indiki halda danışıqlar masasında işğala tam son qoyan mövqe tutacağı inandırıcı görünmür. O zamanın gələcəyi gün isə uzaqda deyil...".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə