Braziliyanın bir sıra KİV nümayəndələri üçün işçi şam yeməyi-brifinq təşkil olunub FOTO

Cari ilin 20 oktyabr tarixində Azərbaycan Respublikasının Braziliyadakı səfirliyi tərəfindən Braziliyanın bir sıra KİV nümayəndələri üçün işçi şam yeməyi-brifinq təşkil olunmuşdur. Tədbirdə ölkənin aparıcı “Brasiliainfoco” “O Globo”, “Folha de Sau Paulo”, “Crusoe – CNN, “TV Brasilia”, “Record TV” və “Poder 360” media resursların nümayəndələri ilə yanaşı Türkiyənin Braziliyadakı səfiri Murad Atəş də iştirak etmişdir.

SİA-nın verdiyi məlumata görə, qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və cəbhə xəttində son hadisələrə dair məlumat verən səfir E.Poluxov, bu məsələdə Azərbaycanın mövqeyi dəyişməz qaldığını, münaqişənin BMT-nin TŞ-sı tərəfindən qəbul olunmuş dörd qətnamənin qeyri şərtsiz yerinə yetirilməsi əsasında həllinin mümkünlüyünü diqqətə çatdırmışdır. 1993-cü ildə məlum qətnamələrin qəbulunda, Braziliyanın (o zaman BMT-nin TŞ-nın qeyri daimi üzvü qismində) iştirakı qeyd olunaraq bu baxımdan, sözügedən qətnamələrin icra olummamasının mənəvi məsuliyyətinin, həmçinin, Braziliyanın üzərinə düşdüyü də bildirilmişdir.

E.Poluxov Braziliyada yaşayan erməni lobbisinin destruktiv fəaliyyəti və onun sülh prosesinə xələl gətirdiyindən də söz açmışdı. Səfir, Braziliya cəmiyyətində münaqişəyə dair qeyri obyektiv təsəvvürün yaranmasının mümkünlüyünü vurğulayaraq, bunu bəzi yerli KİV-rin Avropanın Media resurslarına istinad etməkləri ilə əlaqələndirmişdir. Bununla əlaqədar, jurnalistləri maraqlandıran məsələlər ilə bağlı səfirliyə bir başa müraciət olunması və bununla da Braziliya ictimaiyyətinə qərəzsiz və dolğun məlumatların çatdırılması təklif edilmişdi. Türkiyə səfiri M.Atəş öz növbəsində Türk və Azərbaycan xalqlarının qardaş xalqları olduğunu, ölkəmizin məlum olan münaqişədə ədalətli mövqeyin Türkiyə tərəfindən sona qədər dəstəklənəcəyini bildirmişdir. Bundan əlavə o, hər iki ölkənin Braziliya ilə səmərəli əlaqələrin qurduğunu qonaqların diqqətinə çatdırmışdır.

Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılmışdı. Yekun olaraq, hər iki səfir jurnalistləri regionda baş verən hadisələri daha fəal işıqlandırmağa çağırmışlar. Sonda qonaqlara səfirlik tərəfindən hazırlanmış məlumat qovluqları təqdim olunmuşdur.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə