İLHAM ƏLİYEV - Prezident, Lider və Böyük Sərkərdə! - 17 ilə qısa baxış
Dünyanın nüfuzlu liderlərindən biri kimi tanınan Azərbaycan Prezidenti bu mərtəbəyə necə yüksəldi?
Bəhruz Quliyev,
SƏS qəzetinin baş redaktoru
2003-cü il oktyabrın 15-i Azərbaycanda yeni bir epoxanın başlandığı tarixdir. Belə ki, 17 il əvvəl ölkəmizdə keçirilən prezident seçkilərində xalqımız ümummilli lider Heydər Əliyevin siyasi varisi, respublikanın baş naziri İlham Əliyevə tam etimad göstərərək onu özünə dövlət başçısı seçdi. Bu tarixdən başlayaraq Azərbaycanda yeni bir era başladı- inkişaf və yüksəliş erası.
Dünya reallığı qüdrətli və böyük dövlətlərin liderlərinin daha çox nüfuza malik olduğunu həmişə göstərib. Kiçik dövlətlərin liderləri çox nadir hallarda dünya səviyyəsində tanınan, nüfuza malik olan şəxsiyyət olur. Belə azsaylı istisnalardan biri də Azərbaycan Prezidenti İlham Əliyevdir. İlham Əliyev öz fəaliyyəti ilə göstərdi ki, dövlətin kiçik və ya böyük olmasının onun liderinin beynəlxalq aləmdə nüfuz və hörmət sahibi olmasına o qədər də təsir göstərmir.

Yeni Prezident, böyük strategiya, çətin yol...
Ümummilli lider Heydər Əliyev Azərbaycanın sürətli inkişafı və qüdrətlənməsi üçün xüsusi strategiya işləyib hazırlamışdı. Amma onun bu işi başa çatdırmağa fiziki baxımdan vaxt kifayət etmədi. Bu işi davam etdirmək, uğurla başa çatdırmaq üçün onun sözün bütün mənalarında varisi olmalıydı. Belə varis isə onun ailəsində yetişmiş, onun məktəbini keçmiş, praqmatik düşüncəli, dərin zəkalı, ekstremal vəziyyətdə ən düzgün qərarlar verə bilən İlham Əliyev idi.

17 il əvvələdək xalqımız onu daha çox ümummilli liderin oğlu, MOK-un prezidenti, Milli Məclisin deputatı, Dövlət Neft Şirkətinin vitse-prezidenti, Baş nazir yüksək mədəniyyətə və intellektə malik ziyalı kimi tanıyırdı.
Lakin məhz həmin ildən dövlət başçısı seçilən İlham Əliyev qısa müddətdə özünün idarəçilik, ölkəyə, xalqa rəhbərlik xüsusiyyətlərinin də mükəmməl olduğunu isbat edərək xalqın tam və qəti etimadını qazandı. Çox qısa müddətdə o, ümummilli liderin “Mən ona özüm qədər inanıram” sözlərini əməlləri ilə təsdiq etdi və Azərbaycanda yeni bir dövrün, eranın başlanğıcının əsasını qoydu.

Prezident kimi fəaliyyətinin ilk illəri əlbəttə, çox çətin idi. Qarşıda yarımçıq qalan işlərin davam etdirilməsinə ehtiyac duyulan, ərazisinin 20 faizinin içğal altında olan, qaçqın və məcburi köçkünlərin problemləri, ordusunun təkmilləşməsinə zərurət olan bir ölkəyə rəhbərlik asan deyildi. Bütün bu və digər problemlər həll edilməli idi. Bunun üçün ilk növbədə güclü iqtisadiyyat lazım idi.
Azərbaycanın iqtisadi inkişafının əsasını ümumilli lider öz strategiyası ilə müəyyən etmişdi. Lakin bu işlərin reallaşdırılması nəhəng maliyyə imkanları, xeyli vaxt və enerji, həmçinin praqmatiq düşüncə tələb edirdi. Bütün bunları özündə birləşdirən qətiyyətli və uzaqgörən liderə ehtiyac çox idi. İlham Əliyev məhz belə bir anda, məhz belə keyfiyyətlərlə ortaya çıxdı...
Hakimiyyətin ilk illərində yeni dövlət başçısını ağır işlər gözləyirdi. Ölkənin mümkün potensialından düzgün və effektiv istifadə etmək, qısa müddətdə böyük nailiyyətlər əldə edilməsi lazım idi. Gənc rəhbər çətinlikdən, əziyyətdən qorxmadı və qısa müddətdə zəhmət öz bəhrəsini verdi.

Yeni Prezident yeni ölkə qurmağa nədən başladı?
İlham Əliyev bəyan etmişdi ki, güclü dövlət üçün güclü iqtisadiyyat lazımdır. Çünki ölkənin bütün sahələrinin inkişafı iqtisadiyyatın bazasında mümkün ola bilər. Ona görə də, əsas güc iqtisadi inkişafa verildi. Həyata keçirilən iqtisadi proqramlar, sahibkarlığa dövlət dəstəyi, investisiyaların cəlb edilməsi nəticəsində ölkənin ümumdaxili məhsulu artmağa başladı. Bunun nəticəsi olaraq, dövlət büdcəsinin gəlirləri çoxaldı, ticarət və pul döviyyəsinin həcmi artdı, məşğulluq səviyyəsi yüksəldi. Bu isə öz növbəsində tikinti, bərpa və quruculuq işlərinin sürətlənməsinə, şəhər və kəndlərin abadlaşmasına, nəqliyyat və kommunal infrastrukturların yenilənməsinə imkan yaratdı.
Bununla yanaşı, biznes mühiti sağlamlaşdırıldı, hökumətdə kadr islahatları aparıldı, vergi yükü azaldıldı, kiçik və orta biznesə dəstək artırıldı. Bütün bu işlərin nəticəsi olaraq xarici investisiyalar artmağa başladı. Təsadüfi deyil ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası “Doing Business” hesabatında Azərbaycanı 2008-ci ilin ən islahatçı ölkəsi elan etdi.
.jpg)
Artıq regional və beynəlxalq iqtisadi layihələr, xüsusən enerji və nəqliyyat layihələri uğurla işləməyə başlayırdı. Müxtəlif ölkələrlə iqtisadi, ticari, hərbi, siyasi, elmi-texniki, mədəni əməkdaşlıq xeyli artdı. Beynəlxaql təşkilatlarda mövqelərimiz gücləndi. Beləliklə, cəmi 10 ildə ölkənin siması tamamilə dəyişdi. Azərbaycanın çox böyük iqtisadi və maliyyə imkanları yaradıldı, ölkəmiz abad və müasir məkana çevrildi, qüdrətli ordu formalaşdı, sosial rifah artdı.
Güclü iqtisadiyyatın hər bir ölkənin inkişafında mühüm amil olduğunu bəyan edən Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı tədbirlər gördü. Məhz bu səbəbdən son illərdə neft qiymətlərinin kəskin azalması və qlobal iqtisadi böhran nəticəsində yaranmış kəsiri qeyri-neft sektorunun inkişafı kompensasiya etdi. Ölkəmizin makroiqtisadi göstəricilərinin yüksəkliyi də beynəxalq imicimizin möhkəmlənməsinə təsir edir. Beynəlxalq təşkilatların hesabat və proqnozlarına görə, Azərbaycan MBD-də və dünyada ən inkişafda olan ölkələrdən biridir.
Təsadüfi deyil ki, Dünya Bankının “Doing Business 2020” hesabatına əsasən Azərbaycan 20 ən islahatçı ölkə sırasına daxil olub. Davos Ümumdünya İqtisadi Forumunun hesabatında ölkəmiz hökumətin uzunmüddətli strategiyası üzrə 10-cu, islahatlara yönəlmə səviyyəsi üzrə 5-ci yeri tutub.
“U.S.News” jurnalının tərtib etdiyi ən güclü ölkələr reytinqində Azərbaycan 80 ölkə arasında 45-ci yerdə qərarlaşıb.
Bu gün Azərbaycan 50 milyardlıq strateji valyuta ehtiyatları, 25 milyardlıq dövlət büdcəsi, 80 milyardlıq ÜDM- i ilə dünya iqtisadi məkanında güclü dövlət kimi tanınır.
Azərbaycanda güclü iqtisadiyyat yaratmaq planı uğrula başa çatdırılmışdı. Növbədə digər sahələrdə yüksəliş yaratmaq idi.

Azərbaycanı sosial rifah dövlətinə çevirən rəhbər
İqtisadi yüksəliş təmin edildikdən sonra sosial sahədə əsil inqilab baş verdi. Əhalinin sosial rifahının artırılması üçün çoxsaylı islahatlar, proqramlar həyata keçirildi. Son 17 ildə ölkədə 1,5 mln yeni iş yeri açıldı, yoxsulluğun səviyyəsi 49 faizdən 5 faizə düşdü, aztəminatlı kateqoriyaların sosial müdafiəsi daha da gücləndirildi. Bu müddətdə müharibə əlilləri, şəhid ailələri və qaçqın-küçkünlər üçün onlarla yeni şəhərcik, minlərlə bina tikilib, yüz minlərlə vətəndaş mənzillə təmin olunub.
Təhsil sahəsində də böyük işlər görülüb. Bu müddətdə ölkədə 2 mindən artıq məktəb tikilib və ya bərpa olunub, yeni ali və orta məktəblər yaradılıb, təhsil islahatları aparılıb.
Səhiyyə sistemi başdan-başa yenilənib. Dünyanın ən müasir avadanlıqları ilə təmin olunmuş yüzlərlə səhiyyə ocağı tikilib. Ən ucqar rayonlarda belə müasir xəstəxanalar yaradılıb, əhalinin sağlamlığının təmin edilməsi, insanların yaxşı tibbi xidmət ala bilməsi üçün İcbari Tibbi Sığorta sistemi tətbiq olunub.
Dövlət başçısının “Sağlam cəmiyyət güclü dövlət deməkdir” prinsipi ilə həyata keçirdiyi siyasət artıq öz bəhrələrini verib. İlham Əliyevin xalqımıza verdiyi söz müasir Azərbaycanın inkişafına, tərəqqisinə yönələn fəaliyyətin konsepsiyasına çevrilib.
Koronavirus epidemiyası dünya ölkələrini çətin vəziyyətə salanda Azərbaycan dövləti vətəndaşlarını qorumağı təmin etdi. Bütün beynəlxalq təşkilatlar da Azərbaycanın qlobal pandemiya dövründə özünü nümunəvi ölkə kimi təsdiqlədiyini etiraf etdilər.
“Bizim siyasətimizin əsasında vətəndaş amili dayanır” deyən ölkə başçısı öz sosial islahatları ilə vətəndaşların rifahını və sağlam şəraitdə yaşamasını təmin etmək üçün əlindən gələn hər şeyi etdi.
Beləliklə, sosial-humanitar sahələrdə də yüksəliş uğurla başa çatdı.

Dünya səviyyəli liderin beynəlxalq nüfuzu
Öz fəaliyyəti ilə regionun və dünyanın nüfuzlu liderlərindən birinə çevrilən İlham Əliyev bu statusu həm daxili, həm xarici siyasəti sayəsində qazandı. Qısa müddətdə rəhbərlik etdiyi ölkəni sürətli inkişaf modelinə çevirən, demokratik dövlət quruculuğu və sosial-mədəni institutların təqdiralayiq fəaliyyəti ilə dünyada tanıdan, beynəlxalq dialoqlar və yarışlar məkanına çevirən bir liderin dünyadakı böyük nüfuzu təəccüblü görünə bilməz.
Azərbaycan Prezidentinin sülhsevər və xeyirxah siyasətinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsi faktlarının sayı çoxdur. İlham Əliyev bir neçə dəfə beynəlxalq təşkilatlar tərəfindən “İlin adamı” elan olunub, ona müxtəlif ölkələrin ali mükafatları təqdim olunub, müxtəlif sorğularda lider seçilib.
Azərbaycan Prezidenti İlham Əliyevin tez-tez dünyanın ən nüfuzlu liderlərindən biri elan olunması təbii ki, onun fəaliyyətinin məntiqi nəticəsidir. Çünki O, XXI əsrdə dövlətlərin böyüklüyünün, yaxud kiçikliyinin fərq etmədiyini, dövlətin müstəqil siyasət yeridə bilməsinin əsas olduğunu ortaya qoydu.
Azərbaycan lideri bəşəri və milli-mənəvi dəyərlərə sadiqliyini sözdə deyil, əməli işdə dünyaya nümayiş etdirib. Humanizm prinsiplərinin bəşəriyyətin ən böyük dəyətri olduğunu, dünyada sülhün, əməkdaşlığın təmin olunmasının vacibliyini ən uca tribunalardan dünyaya bəyan edib.
Bəs dünyada lider kimi qəbul olunan İlham Əliyev xalqın liderinə necə çevrildi?

Prezidentlikdən milli liderliyə gedən yol
Dövlət başçısının apardığı siyasət nəticəsində ölkədə sosial-iqtisadi vəziyyət xeyli yaxşılaşıb, multikultural ənənələrə və milli-mənəvi dəyərlərə söykənən bir cəmiyyətin formalaşması təmin edilib, bütün ictimai institutlar, ziyalılar Azərbaycançılıq ideologiyası ətrafında birləşərək ümumi maraq və mənafelər uğrunda çalışmağa başlayıb.
Dövlət başçısı həmişə vurğulayır ki, insan hüquq və azadlıqlarının, o cümlədən, soz və fikir azadlığının müdafiəsi Azərbaycan dövlətinin ali məqsədi və fəaliyyətinin ən mühüm istiqamətlərindən biridir.
Dövlətimizin humanizm siyasətini yüksək dəyərləndirən xalqımız mütamadi olaraq imzalanan əfv fərmanlarını təqdir edir. Onun çıxışlarında bu fikir hər zaman qeyd olunur ki, Azərbaycan dövləti siyasətində insan amilinə yüksək dəyər verir.
Bütün bunlar ölkədə ictimai-siyasi sabitliyə rəvac verir. Məhz bu səbəbdən də vətəndaş həmrəyliyinin möhkəmləndirilməsi sahəsində ciddi nəticələr əldə olunur. Ölkəmizin milli-mənəvi dəyərlər üzərində inkişaf etməsinin dövlət siyasətinin əsas prinsipi olduğunu deyən milli lider multikultural bir ölkədə yaşayan bütün insanları vahid platformada- Azərbaycançılıq ideologiyası ətrafında birləşdirib.

Çətin günlərdə - təbii fəlakətlər, qəzalar və sair ağır vəziyyətlərdə onu həmişə zərərçəkən vətəndaşların yanında görmək olar. Müharibə əlillərinin, şəhid ailələrinin, qaçqın və köçkünlərin evində tez-tez qonaq olan milli lider bu evləri onlara bəxş etməyin dövlətin vəzifəsi olduğunu vurğulayır və vətəndaşlara dövlətin onların arxasında dayandığını əyani surətdə göstərir. Belə situasiyalarda səmimi və sadə insan xarakteri dövlət rəhbəri xarakterini kölgədə qoyur ki, bu da lideri prezidentdən fərqləndirən əsas cəhətlərdən biridir.
Vətəndaşlar da məhz bu səbəbdən öz liderinin, öz dövlətinin arxasında dayanır. Beləcə xalq-lider-dövlət birliyi həm ölkənin gücünü artırır, həm də Azərbaycanın gələcəyi üçün üçün gözəl gələcək vəd edir.
İlham Əliyev bütün dünya üzrə ölkə daxilində ən çox səfərlər edən, müxtəlif tədbirlərdə, açılışlarda, bayram mərasimilərində, xatirə günlərində xalqın içində, vətəndaşların yanında olan liderdir. Onun vaxtının çoxu iş otağında yox, açıq havada, xalqın içində, görüşlərdə keçir. Problemləri vətəndaşın öz dilindən şəxsən dinləyir və həllini təmin edir. İnsanlar da bunu görür, qiymətləndirir və onu milli lider kimi qəbul edir.

Sərkərdə, Ali Baş Komandan və hərbi strateq
Prezident kimi İlham Əliyevin vətən və xalq qarşısında ən böyük xidmətlərindən biri də onun qüdrətli ordu yaratmasıdır. Bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasındadır. Keçən 17 ildə Ali Baş Komandanın səyi ilə ordumuzun maddi-texniki bazasını inanılmaz dərəcədə möhkəmləndirilib, ordumuz peşəkar kadrlarla zənginləşib. Demişdi ki, bu ordu düşməni tam darmadağın etməyə və torpaqlarımızı azad etməyə qadirdir. Lakin bunu təcrübədə sübut etmək lazım idi.

Qan tökülməsini istəməyən Azərbaycan Prezidenti telemüraciətində Ermənistanın başqa yol qoymadığını bəyan etdi: "Mən Ermənistana dəfələrlə xəbərdarlıq etmişdim. Amma görünür ki, bu, onlar üçün dərs olmadı. Bu dəfə də dərs veririk və verəcəyik. Bu gün şanlı Azərbaycan Ordusu böyük uğurla əks-hücum əməliyyatı keçirir və torpaqlarımızı azad edir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır".
Beləliklə, Azərbaycan öz işğal olunmuş ərazilərini hərbi yolla azad etmək üçün əməliyyatlara başladı. İlk günlərdən işğalçı orduya və Qarabağda yerləşdirilən terrorçu dəstələrə sarsıdıcı zərbələr vuran, düşmənin xeyli canlı qüvvəsini, hərbi infrastrukturunu, texnikasını məhv edən Azərbaycan Ordusu qısa müddətdə 50-ə yaxın yaşayış məntəqəsini və xeyli strateji yüksəkliyi geri aldı.
Müharibə başlayan kimi, mükəmməl hərbi strategiya üzrə düşmənə qarşı elə mükəmməl bir hərbi taktikalar tətbiq olundu ki, dünyanın nüfuzlu hərbi mütəxəssisləri, Amerika, Hindistan, Rusiya, Britaniya kimi dövlətlərin ordu generalları belə buna heyrətini bildirdilər və öz ordularının bundan nümunə götürməli olduğunu etiraf etdilər. Onu da vurğuladılar ki, Qarabağ bölgəsinin relyefi və strateji yüksəkliklərin ermənilərin əlində olması hücum edən tərəf üçün son dərəcə əlverişsizdir və dünyada orada qurulmuş güclü müdafiə sistemlərini belə tez və minimum itki ilə darmadağın edə biləcək az sayda ordu ola bilər.

Bəli, bu gün Azərbaycan Ordusu çox güclüdür. Lakin güclü ordunun olması heç də hər şey demək deyil. Qələbə üçün bu orduya komandanlıq edən, onu düzgün idarə edən, strategiyasını və taktikasını yüksək peşəkarlıqla müəyyənləşdirən bir sərkərdənin varlığı mütləqdir. Qarabağda Ordumuzun genişmiqyaslı azadetmə əməliyyatları başlayanda bütün xalqımız və bütün dünya həm ordumuzun, həm də onun Ali Baş Komandanının peşəkarlığını gördü.
Qələbənin daha bir vacib şərti orduda mənəvi-psixoloji ruhdur. Bunu yaratmaq asan məsələ deyil. Azərbaycan əsgəri Ali Baş Komandanın bir əmri ilə irəli atıldı və vətən uğrunda canını gözünü qırpmadan qurban verərək torpaqlarımızı azad etməyə başladı. Yüz minlərlə mülki vətəndaş könüllü şəkildə döyüşə aparılmaları tələbi ilə hərbi komissarlıqlara hücum etdi. Bu sadə bir iş deyil. Yalnız dövlətinə, liderinə böyük inamı olan insanlar buna qadirdilər. Və bu inamı, etibarı formalaşdıra biləcək lider, ordunu qələbəyə aparacağına inanılan sərkərdə olmalıdır.
Bu gün də xalqımız Ali Baş Komandanın ətrafında sıx yumruq kimi birləşib ümumi düşmənə qarşı müxtəlif cəbhələrdə döyüşür- həm hərb meydanında, həm siyasi-diplomatik, həm informasiya müharibəsində, həm kibermüharibədə və s.
Bu hər prezidentə qismət olası tale deyil. Bunun üçün prezident olmaq kifayət etmir, lider olmaq və sərkərdə olmaq lazım gəlir. Bu isə çox nəhəng enerji, fədakarlıq, intellektuallıq, başarılılıq kimi xüsusiyyətlər tələb edir.
Məhz bu keyfiyyətlərə malik olduğu üçün xalqımız İlham Əliyevi təkcə prezident olaraq görmür, daha çox lider, sərkərdə kimi görür və onun arxasınca gedir. Belə bir xalq və prezident-lider-sərkərdə birliyi ilə Qələbənin təminatçısıdır.
Beləliklə, Azərbaycan tarixində ən böyük və ən mühüm işin icrasına başlayan İlham Əliyevin ətrafında nəinki bütün vətəndaşlarımız, həmçinin dünyada yaşayan çoxmilyonluq xalqımız birləşib. Bu milli birlik, dövlət-xalq vahidliyi, bu siyasi iradə və əzm Böyük Qələbənin təminatçısıdır. Hər bir azərbaycanlı Ali Baş Komandana inanır və Qələbəyə əmindir.
Bu Qələbə Ali Baş Komandanın Milli Qəhrəman kimi tariximizdə əbədi yer tutacağına şübhə yeri qoymur.
Azərbaycan: İlham Əliyevlə xoşbəxt gələcəyə
Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırıb. Azərbaycan beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirib. Məhz bu səbəbdən Qarabağı işğaldan təmizləmə əməliyyatı başlayanda dünyanın güclü dövlətlərinin demək olar ki, heç biri Azərbaycanın mövqeyinin əlehinə bəyanat vermədi. Bütün ölkələrlə müxtəlif sahələrdə yaxşı əməkdaşlığımız var.
Millin liderin yürütdüyü uğuru siyasət isə ölkənin hərtəfəli inkişafının və durmadan güclənməsinin elə möhkəm təməlini qoyub ki, bu təməli dağıtmaq mümkün deyil.
Torpaqlarımız azad olunandan sonra ölkəmizin inkişafı daha da sürətlənəcək. Sosial rifah daha da artracaq. Müharibəyə, orduya xərclənən nəhəng vəsaitlərin sosial iqtisadi, hiumanitar sahələrə yönəldilməsi vətəndaşların rifahlnı gücləndirəcək.
Beləliklə, Azərbaycan dünyada nüfuz sahibinə çevrilməsi, onun iqtisadi-sosial inkişafı xalqımızın gələcəyini indidən təmin edib.
İlham Əliyevin xalqdan aldığı dəstəyin təməlində onun Heydər Əliyev siyasətinə sadiqliyi dayanır. “Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük dəyərdir. Ancaq müstəqilliyi əldə etməkdən daha çətini onu qoruyub saxlamaq, möhkəmləndirməkdir. Bu gün Azərbaycan sözün əsl mənasında müstəqil ölkədir, biz həm daxildə, həm də xaricdə müstəqil siyasət aparırıq. Bizim siyasətimiz Azərbaycan xalqının maraqlarına xidmət göstərir”- İlham Əliyev öz fikrini açıq ifadə edib.
İlham Əliyevin ölkəmiz, xalqımız qarısında həyata keçirdiyi işlərin sadəcə adlarını belə bir kiçik yazıya sığışdırmaq olmaz. Məqsədimiz hamısını burda sadalamaq da deyil. Ən böyük qiyməti ona həmişə Azərbaycan xalqı verib - ardıcıl özünə dövlət başçısı seçməklə və onun siyasətinə inandığını göstərməklə. Onu təkcə prezident kimi deyil, milli lider və sərkərdə kimi qəbul etməklə. Onun arxasında vahid bir yumruq kimi birləşməklə.
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət Azərbaycanı xoş gələcəyə aparır. Bunu görməmək, qiymətləndirməmək və buna sevinməmək mümkün deyil. Bunun üçün sadəcə, azərbaycanlı olmaq yetər...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB