Prezidentin bəyanatı: işğaçı ölkə rəhbərliyi nəticə çıxarmağa məhkumdur! ANALİTİK

İlham Əliyev: "Bizim bir şərtimiz var, onlar torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar"

Ermənistanın işğalçılıq siyasəti ilə yanaşı, silahlı təxribatçılıq əməllərini davam etdirməsi, belə bir siyasətinə öz təbirincə haqq qazandırmaq cəhdləri istər-istəməz bir danılmaz reallığı və tələbi ortaya qoyur – bu təcavüzkar ölkə həqiqətən "odla" oynayır və orada yürüdülən siyasət həm ölkəni, həm də erməni xalqını nəhəng, qaranlıq, dibi görünməyən uçuruma doğru yuvarlayır. Söz yox ki, Ermənistanın siyasi dairələri ölkələrini və xalqı bu cür aqibətdən qurtara da bilərlər. Bunun üçün isə qeyd-şərtsiz torpaqlarımızı azad etməli, işğalçılıq siyasətlərinə son qoymaları, təxribatçılıq əməllərindən əl çəkməlidirlər. Lakin gördüyümüz kimi, hələ də hansısa dairələrə bel bağlayaraq, bir müddət də təcavüzkarlıq siyasətlərini davam etdirə biləcəklərini düşünürlər. Amma!

Amma belə utopiya ilə heç də uzağa gedə bilməyəcəklərini əslində yaxşı anlayan erməni ictimai-siyasi dairələri, eyni zamanda mövcud Paşinyan hakimiyyəti ciddi-cəhdlə beynəlxalq aləmə işğalçılıqlarına haqq qazandırmağa çalışırlar. Lakin iyulda baş vermiş Tovuz təxribatının ardınca dünya birliyinin Azərbaycanın ədalətli və haqlı mövqeyinə dəstəyi ermənilərin hakim rejimini daha da qıcıqlandırıb. Məhz bu baxımdan daha da aqressiya dili ilə danışmağa səylər göstərir, ancaq dərhal layiqli, amansız və sərt cavabını alır.

Prezident İlham Əliyevdən Paşinyana mesaj: "Əgər biz onunla şərt dili ilə danışmaq istəsək, onun siyasi ömrü çox çəkməyəcək"

Prezident İlham Əliyevin Az TV, İctimai TV və Real TV-yə müsahibəsi zamanı səsləndirdiyi bəyanatları da deməyə kifayət qədər zəmin yaradır ki, artıq işğalçı Ermənistan birmənalı şəkildə dalana dirənib və bu ölkə təxribatçılıq əməllərini davam etdirmək niyyətindən əl çəkməyəcəksə, uğrayacağı məğlubiyyətin bütün məsuliyyəti Paşinyan rejiminin üzərinə düşəcək. Çünki hələ də Azərbaycanla "şərt" kəsməyi siyasətinin prioriteti hesab edən Nikol Paşinyan anlamaq istəmir ki, alacağı məğlubiyyətdən sonra Azərbaycanın şərtləri qarşısında diz çökməli olacaq.

Dövlətimizin başçısı bu faktora kifayət qədər sərt münasibət bildirib. SİTAT: "Ermənistanın baş naziri bizə 7 şərt qoyur. Birincisi, sən kimsən ki, bizimlə şərt dilində danışırsan. Əgər biz onunla şərt dili ilə danışmaq istəsək, onun siyasi ömrü çox çəkməyəcək. Amma mən demişəm ki, biz bu cəfəng şərtləri rədd edirik. Amma bizim bir şərtimiz var, onlar torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar. Necə ki, bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapır. Orada hansısa komediya tipli təlimlər keçirirlər. Yəni, hər bir addım bizə qarşı açıq təxribatdır".

Təxribatların Ermənistan tərəfindən törədildiyini dünya birliyi də yaxşı bilir və iyul hadisələri zamanı həmin etiraf nəinki bir sıra ölkələr, həmçinin ATƏT-in Minsk qrupunun təmsilçisi tərəfindən də olundu. Əbəs deyil ki, sözügedən müsahibəsində ölkə rəhbərimiz həmin məqama da toxunub. SİTAT: "İyul təxribatı - o da artıq silahlı təxribatdır və heç kimə sirr deyil ki, bunu Ermənistan başlayıb. Artıq Minsk qrupunun həmsədr ölkələrinin birinin yüksək vəzifəli rəsmisi bunu açıq bildirib".

"Əgər istəsəydik, Ermənistan ərazisinə keçə bilərdik, bizim tam hərbi imkanlarımız var idi"

Daha bir həqiqət isə, Azərbaycanın uzun illərdir ki, beynəlxalq hüquqa əməl etməsidir. Lakin səbr kasası dolduqdan sonra həmin hüququn da rol oynamadığı məqamlar olur. Daha dəqiq desək, Prezident İlham Əliyev hərbi-texnki bazası, canlı qüvvəsi ən müasir standartlara malik olan Azərbaycan Silahlı Qqvvələrinin nəinki Qarabağdakı işğal altında olan ərazilərimizi azat etməyə qadir olduğunu, həmçinin Ermənistanla həmsərhəd ərazilərimizdə təxribatların davam edəcəyi halda daha irimiqyaslı hərbi strategiya yürüdəcəyini, düşmən tərəfinin ağır fəsadlarla üz-üzə qalacağını bəyan edib. SİTAT: "Mən demişəm o vaxt, bu gün də, bizim Ermənistan ərazisində heç bir hərbi hədəfimiz yoxdur və biz əgər istəsəydik, Ermənistan ərazisinə keçə bilərdik, bizim tam hərbi imkanlarımız var idi. Amma biz etmədik bunu. Çünki bizim hərbi siyasət konsepsiyamızda bu, yoxdur - əgər bizə qarşı ciddi təxribat törədilməsə. Əgər törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq, bunu hər kəs bilsin, heç bir məhdudiyyət. Əgər onlar beynəlxalq hüququ yerə vururlarsa, biz niyə beynəlxalq hüququ gözləməliyik?! Biz də yerə vuracağıq, amma axırı onlar üçün pis olacaq".

Ermənistan hakimiyyətinin silahlı təxribatları zamanı mülki obyektlərimizi, eləcə də vətəndaşlarımızı hədəfə alması, onları qətlə yetirməsi də kimsəyə sirr deyil. Dəfələrlə bu kimi hadisələr olub, uşaqlar, qocalar, qadınlar öldürülüb, bu gün də həmin qanlı siyasət Azərbaycana qarşı tətbiq olunmaqdadır. Məhz belə bir vəziyyətdə, Azərbaycan dövləti öz ərazi bütövlüyü ilə yanaşı, həm də xalqının təhlükəsizliyinin qorunması üçün hər cür müvafiq, barışmaz və qətiyyətli addım atmaq iqtidarındadır. Əbəs deyil ki, "İyul təxribatından sonra avqust təxribatı. Mülki vətəndaşlara qarşı terror aktları, hərbçilərimizə qarşı hərbi təxribat törətmək üçün diversiya qrupu göndərildi və o diversiya qrupunun başçısı tutuldu", deyə xatırlatma edən dövlətimizin başçısı onu da qeyd edib ki, həmin erməni hərbçisi ifadələr verir, etiraf edir, adlar çəkir, kim göndərib, necə göndərib. SİTAT: "Yəni, bu, çoban deyil, bu, nə bilim yolunu azmış hansısa uşaq deyil... Bu təxribatı kim edir? Bizmi diversiya qrupu göndərmişik? Yox, onlar göndəriblər. Bizmi iyul hadisələrini törətmişik? Onlar. Bizmi onların vətəndaşlarını öldürmüşük? Yox, onlar. Ermənistan tərəfində mülki şəxslər arasında bir dənə də qurban yox idi. Amma bizim 76 yaşlı ağsaqqal həlak oldu, nə qədər ev dağıldı. Ona görə bu təxribatlar faktiki olaraq o siyasətin məntiqi nəticəsidir. Məqsəd danışıqları pozmaq, ondan sonra bizi ittiham etmək və status-kvonu dəyişməz etməkdir. Budur, onların məqsədi. Ona görə hesab edirlər ki, bunu edə biləcəklər. Hesab edirəm ki, səhv edirlər. Bunu nə qədər tez anlasalar, onlar üçün bir o qədər yaxşı olacaqdır".

"Qadınlar sülh naminə" adlı hərəkatın başçısı - Ermənistanın baş nazirinin arvadı Anna Akopyan gerçəklikdə "Qadınlar terror naminə" hərəkatına rəhbərlik edir

Yeri gəlmişkən, bu yaxınlarda Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan "Qadınlar sülh naminə" adı altında işğal altındakı ərazilərimizdə Azərbaycan uşaqlarına, mülki vətəndaşlarına silah tuşladı və bunun adını öz təbirincə "müdafiə üsulu" adlandırdı. Ancaq fakt budur ki, onun və əri Nikolun heç də sülh, əminamanlıq və s. kimi məsələlərlə işləri yoxdur. Belə olmasa idi, Ermənistanın hərbi dairələri hələ də xəyallara dalaraq, Gəncəni və s. şəhərlərimizi hədəfə alacaqları, hətta işğal edəcəkləri barədə sərsəm bəyanatlarını səsləndirməzdilər.

Mövzudan yayınmayaraq qayıdaq Anna Akopyana. Belə ki, o bu dəfə daha da irəli gedərək, qadınlar üçün 45 günlük hərbi təlimlər keçirmək istədiyini bəyan edib. Bu barədə onun rəsmi saytında informasiya yer alıb. Məlumata əsasən, Ermənistan müdafiə nazirliyinin köməyi ilə keçiriləcək təlimlərdə kazarma şəraitində hərbi hazırlıq proqramı yerinə yetiriləcək. Təlimlərdə iştirak etmək üçün 18-27 yaş arası qadınlar Anna Akopyanın saytına müraciət edə biləcəklər. O cümlədən, təlim detallarının gizli saxlanılması üçün təlim müddətində görüşlər və ezamiyyətlər, eləcə də foto və videoçəkilişlər qadağan olunacaq. Təlimlərdən sonra iştirakçılar imtahan verərək və xidmətlərini davam etdirəcəklər. Anna Akopyan özü də iştirak edəcəyi təlimlərdə müxtəlif silahlardan atəş açmaq üçün imtahanlar verəcək. Bax belə... Yəni fakt budur ki, "Qadınlar sülh naminə" adlı hərəkatın başçısı - Ermənistanın baş nazirinin arvadı Anna Akopyan gerçəklikdə "Qadınlar terror naminə" hərəkatına rəhbərlik edir. Rəhbərlik edir ki, artıq erməni qadınları da azərbaycanlı uşaqları qətlə yetirsinlər. Əslində, tarix də sübut edir ki, belə hadisələr, yəni erməni qadınlarının silahlı terrorlar törədərək türkləri amansızlıqla öldürmələri faktları kifayət qədərdir.

Nəticədə Ermənistanın baş naziri Nikol Paşinyan, hətta onun arvadı Anna Akopyan hərbi ritorikaları vasitəsi ilə işğalçılıq siyasətinin davam edəcəyinə işarə edirlər.

"Azərbaycan xalqı mənimlə tam razıdır"

Belə olan halda, Azərbaycan Prezidenti cənab İlham Əliyevin sülh danışıqlarını mənfi qiymətləndirməsi bəyanatı da Onun irəli sürdüyü həqiqətlərin məntiqi davamıdır. Söz yox ki, Azərbaycan xalqı da Ali Baş Komandanının qərarları ilə razıdır və Onun bəyanatlarını birmənalı olaraq dəstəkləyir. SİTAT: "Mən danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm. Hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır. Bilirsiniz, mən hər zaman Azərbaycan xalqına həqiqəti demişəm. Hesab edirəm ki, bu, yeganə düzgün siyasətdir. Xalq bilməlidir nələr baş verir, hansı yerdəyik, nədir bizim siyasətimiz. Mənim çıxışlarımda və media nümayəndələri ilə görüşlərimdə aktual məsələlərə aydınlıq gətirirəm və bu, hesab edirəm ki, çox vacibdir. Çünki vətəndaşlar bilməlidirlər və düzgün təhlil aparmaq üçün onlar düzgün məlumat əldə etməlidirlər".

Ölkə başçımız əlavə edib ki, danışıqlar faktiki olaraq getmir: "Mən demişəm ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. O demək deyil ki, biz danışıqlardan imtina edirik. Ancaq o deməkdir ki, biz Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmirik. Bu görüntü naminə aparılan danışıqlarda iştirakımız o görüntünün mahiyyətinə uyğun olacaqdır. Faktiki olaraq Ermənistan rəhbəri danışıqlar prosesini pozub. Pozur yox, pozub. Çünki onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir. Əfsuslar olsun ki, Ermənistanın indiki rəhbərliyi bu məsuliyyəti dərk etmir. Onların bu addımlarının nəyə gətirib çıxara biləcəyini də düzgün təhlil edə bilmir".

"Halbuki Ermənistanda rasional düşüncəli insanlar, siyasətçilər var və o siyasətçilər özləri artıq bu məsələni qaldırırlar və Ermənistan ictimaiyyətinə öz fikirlərini çatdırırlar ki, bugünkü Ermənistan rəhbərliyi Ermənistanı uçuruma aparır", deyə cənab İlham Əliyev erməni xalqının əksər hissəsinin Ermənistan hakimiyyətinin apardığı işğalçılıq siyasətinə dəstək vermədiyinə işarə edib. Məsələn, əsgər analarının birləşdiyi təşkilatlar və s. ictimai qurumlar var ki, onlar ölkənin işğal siyasəti nəticəsində iqtisadi və s. cəhətlərdən məhvə sürükləndiyini, övladlarının kimlərinsə maraqları naminə öldürülmələrinin əleyhinə çıxışlar edirlər.

"Biz də ümidlərlə yaşayırdıq ki, bəli, yeni hakimiyyət bütün başqa sahələrdə də, bu sahədə də yenilik gətirəcək və o, əvvəlki yanlış siyasətə düzəliş edəcək"

Daha bir danılmaz fakt Ermənistanın istər əvvəlki, istərsə də indiki hakimiyyətlərinin məğlub olduğu zaman dərhal xarici ölkələrə yalvarmaları, Azərbaycanın gücü qarşısında məhv olacaqları barədə səs-küy qaldırmalarıdır. Məhz Azərbaycan dövlətinin humanizm prinsipləri sayəsində bu gün Ermənistan birtəhər şəkildə sürünür, sudan quru çıxmağa cəhdlər göstərir. Prezident İlham Əliyev bu xüsusda da xatırlatmalarını edərək deyib ki, iki il bundan əvvəl Ermənistanda dövlət çevrilişi baş verəndə Azərbaycan buna neytral qaldı. SİTAT: "Yəni, biz vəziyyətdən istifadə edib nəyisə əldə etmək fikrində olmadıq. Biz hesab edirdik ki, bu, labüd idi. Çünki bundan əvvəlki Ermənistan hakimiyyəti xalqda, erməni xalqında ancaq nifrət hissləri doğururdu və faktiki olaraq bu hərbi-kriminal rejim Ermənistanı tamamilə bərbad vəziyyətə salmışdı. Xüsusilə nəzərə alsaq ki, yeni hakimiyyət gələndən sonra çox ümidverici bəyanatlar verməyə başlamışdı ki, bu məsələni həll etmək istəyirlər. Əvvəlki hakimiyyəti tənqid edirdi, bizə qeyri-rəsmi kanallarla müsbət siqnallar göndərirdi, vaxt istəyirdi. Biz də ümidlərlə yaşayırdıq ki, bəli, yeni hakimiyyət bütün başqa sahələrdə də, bu sahədə də yenilik gətirəcək və o, əvvəlki yanlış siyasətə düzəliş edəcək".

"Xüsusilə mənim Ermənistanın baş naziri ilə Düşənbədəki məlum görüşlərimdən sonra bu fikir daha da möhkəmləndi", deyən dövlət başçımız Ondan xahiş edildiyini də açıqlayıb: "O vaxt məndən xahiş olundu ki, onlara vaxt verilsin, Ermənistanda daxili vəziyyət ağırdır, çətindir, keçmiş hakimiyyətin nümayəndələri revanş almaq istəyirlər və bu da danışıqlar prosesinə çox mənfi təsir göstərəcək, onlar danışıqlara meyllidir, məsələni həll etmək istəyirlər. Xahiş edilirdi ki, atəşkəs rejimi möhkəmlənsin. Mənim isə sözüm o idi ki, biz ciddi danışıqlar aparmalıyıq və o təqdirdə, əlbəttə ki, atəşkəs rejimi daha da möhkəm olacaqdır".

"O görüşdən sonra hər iki tərəf razılıq əsasında ayrı-ayrı açıqlamalar verdi və açıqlamanın əsas mahiyyəti ondan ibarət idi ki, biz görüşdük, yəni, qeyri-formal, qeyri-rəsmi görüş keçirdik, razılaşdıq ki, danışıqlar prosesi sürətləndirilsin və atəşkəs rejimi möhkəmləndirilsin. Çünki bu iki mövqe daim vəhdət təşkil etməlidir. Əks təqdirdə, bu, status-kvonun möhkəmləndirilməsi demək olacaqdı, buna isə biz heç vaxt razı ola bilmərik. Müəyyən müddət ərzində Minsk qrupunun həmsədrləri də ümidlərlə yaşayırdılar və gəlib-gedəndə, görüşlər əsnasında ümidlərlə dolu fərziyyələr irəli sürürdülər", - deyə Prezident İlham Əliyev xatırladıb.

Paşinyanın bəyanatı siyasi təxribat idi!

Ancaq göründüyü kimi, Paşinyan əsl erməni xisləti nümayiş etdirərək, yenicə ələ keçirdiyi hakimiyyətini möhkəmləndirmək üçün "göz yaşları" axıdırmış və bu dəfə də sübut olundu ki, düşmən hiyləgərdir və bundan sonra onun heç bir sözlərinə inanmaq qətiyyən olmaz. Bu xüsusdan da çıxış edən Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistan baş nazirinin səsləndirdiyi cəfəng fikirlər danışıqlar prosesinə ciddi zərbə vurdu. SİTAT: "O, "Qarabağ Ermənistandır" deməklə nəinki yalanı bütün dünyaya yaydı və bu da davam edir, eyni zamanda, danışıqlar prosesini mənasız edir. Əgər o hesab edir ki, Qarabağ Ermənistandır, onda nə barədə danışmaq olar? Əgər o, belə hesab edir ki, Qarabağ Ermənistandır, - halbuki, bütün dünya bu cəfəng fikri rədd edib, - onda hansı sülh müqaviləsindən söhbət gedə bilər. Yəni, bu, siyasi təxribat idi".

Prezident davam edib: "İkinci siyasi təxribat o idi ki, Azərbaycan Ermənistanla yox, Dağlıq Qarabağla danışıqlar aparmalıdır. Bu da formatı dəyişdirmək deməkdir və buna əlbəttə ki, biz heç vaxt razı ola bilmərik. Çünki bu oyuncaq kriminal xunta rejimi ilə heç bir təmaslarımız ola bilməz. Eyni zamanda, Minsk qrupunun həmsədrləri də buna əlbəttə ki, heç vaxt razı ola bilməzdilər".

"Danışıqlar getmir və bu, pandemiyaya görə baş vermir"

Dövlət başçımızın hesab etdiyinə görə, faktiki olaraq bu açıqlamalar onu deməyə əsas verir ki, Ermənistan danışıqlardan çıxıb, yəni Azərbaycan yox, Ermənistan. SİTAT: "Belə olan halda, biz duraq deyək ki, gəlin danışıqlara başlayaq, yaxud da ki, davam edək, sadəcə, məsuliyyətsizlik olar və özümüz özümüzü aldatmamalıyıq, xalqımızı aldatmamalıyıq. Danışıqlar getmir və bu, pandemiyaya görə baş vermir. Əlbəttə, pandemiya müdaxilə edib, amma pandemiyasız da danışıqlar getmir. Siyasi cəhətdən qüsurlu və ziyanlı bu bəyanatlar danışıqlar üçün yer qoymur".

"Bizi təxribata çəkirlər, onu göstərirlər internetdə - hansısa Livan erməni ailəsi gəlibdir, orada hansısa iş görür"

Ermənilərin Livandan və s. ərəb ölkələrindən gətirdiyi ermənilərin guya mülki vətəndaşlar olması barədə cəfəng fikirləri də təxribatın bir hissəsidir. Dövlətimizin başçısı bu məsələyə fikir bildirərkən deyib ki, bu qanunsuz məskunlaşmadır və beynəlxalq hüquqa ziddir. Düşmən birmənalı olaraq bu dəfə də ölkəmizi təxribata çəkməyə cəhdlər göstərir. SİTAT: "Ermənistan tərəfindən qanunsuz məskunlaşdırma aparılır. Bu, bütün beynəlxalq konvensiyalara ziddir. Bunların ağlı çatmır, təcrübəsi, bilikləri yoxdur - bunu elə nümayişkaranə göstərirlər. Bu, Cenevrə Konvensiyasına tamamilə ziddir, bu, cinayətdir. İşğal edilmiş torpaqlara haradansa insan gətirib qanunsuz məskunlaşdırmaq cinayətdir. Bunu Paşinyan rejimi şüurlu şəkildə edir. Bu, təxribatdır. Bizi təxribata çəkirlər, onu göstərirlər internetdə - hansısa Livan erməni ailəsi gəlibdir, orada hansısa iş görür. Ondan sonra bizim qədim tarixi şəhərimiz Şuşa şəhərində o qondarma rejimin qondarma, dırnaqarası rəhbərinin guya andiçmə mərasimini keçirirlər. Bu, növbəti təxribatdır. Bu, bizə qarşı açıq təhqirdir. Onlar hesab edirlər ki, biz buna dözəcəyik? Bunu, bu təxribatı kim edir? Onlar edir. Biz heç bir təxribat etmirik. Biz öz mövqeyimizdə dayanmışıq".

Beləliklə, Prezident İlham Əliyevin bəyanatlarından nəticə çıxararaq həm də belə qənaətə gəlmək olar ki, artıq "bıçaq sümüyə dirənib" və Ermənistanın işğalçılıq, təcavüzkarlıq və təxribatçılıq siyasəti davam edəcəyi halda, Azərbaycanın torpaqlarını azad etməkdən və xalqının təhlükəsizliyini qorumaqdan başqa çıxış yolu qalmır. Azərbaycan xalqı və dövləti isə hər an, hər dəqiqə Ali Baş Komandanının ətrafında sıx birləşərək, Onun əmrinə müntəzir dayanıb. Güclü Azərbaycan dövlətinin şanlı Silahlı Qüvvələri düşmənə sarsıdıcı və bu dəfə sonuncu (!) unudulmaz dərsi vermək üçün hazırdır!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...