"Prezident İlham Əliyev Yunanıstana qarşı qəti mövqeyini ortaya qoydu" - ŞƏRH ÖZƏL

"Prezident İlham Əliyev Yunanıstana qarşı qəti mövqeyini ortaya qoydu" - ŞƏRH ÖZƏL

"Bildiyiniz kimi bu gün Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Yunanıstanın Azərbaycanda yeni təyin olunmuş fövqaladə və səlahiyyətli səfiri Nikolaos Peperiqosun etimadnaməsini qəbul edib. Daha öncə Yunanıstanın səfiri Azərbaycan Xarici İşlər naziri cənab Ceyhun Bayramovla da görüşüb. Bu gün isə etimadnaməni cənab Prezidentə təqdim edib. Səfirlə görüşdə cənab Prezident öz nitqində bəzi önəmli məqamlara toxunub". Bunu SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, cənab Prezident Azərbaycan ilə Türkiyənin strateji müttəfiq və qardaş dövlət olduğunu yunan səfirin diqqətinə çatdırıb və Türkiyənin Şərqi Aralıq dənizində apardığı geoloji kəşfiyyat, neft-qaz araşdırmaları ilə bağlı bölgədə apardığı siyasət və kəşfiyyat gəmilərinin qaz axtarışı ilə bağlı Azərbaycanın rəsmi mövqeyini səfirə bildirib: "Bir qədər əvvəl də Azərbaycan hökuməti tərəfindən rəsmi şəkildə Azərbaycanın mövqeyi bəyan olunmuşdu, bu gün isə cənab Prezident qəti şəkildə bildirdi ki, Azərbaycan Türkiyənin mövqeyini dəstəkləyir. Çünki bu mövqe bizim qardaşlarımız tərəfindən də adekvat şəkildə Azərbaycanın mövqelərinin dəstəklənməsi ilə üst-üstə düşür. Biz iyul döyüşlərində Türkiyənin Azərbaycanın yanında olduğunu gördük. Türkiyə həm siyasi, həm hərbi nöqteyi nəzərdən Azərbaycanla birgə hərəkət etdi və biz ortaq hərbi təlimləri keçirdik. Təbii ki, Türkiyə-Azərbaycan yaxınlaşması regionda təmsil olunan digər dövlətlərin maraqlarına uyğun gəlmir və bəzi dövlətlərdə qıcıq yaradır".

Politoloq qeyd edib ki, bununla yanaşı apardığımız tədqiqatlar onu göstərir ki, Ermənistanın Balkan regionunda xüsusi fəallaşması müşahidə olunur və Ermənistanın hərbi-siyasi rəhbərliyində təmsil olunan şəxslər tez-tez Yunanıstana və Kiprə səfərlər edirlər: "Bu səfərlər hərbi-texniki əməkdaşlığı da özündə ehtiva edir. Biz aydın şəkildə başa düşürük ki, bu yaxınlaşma Türkiyəyə qarşı yönəlib və Yunanıstan, Kipr, Ermənistan geosiyasi gedişləri həyata keçirilir. Təbii ki, bunun nüvəsində Türkiyəyə qarşı olan siyasət durur. Lakin Azərbaycan da buradaTürkiyənin mövqeyini dəstəkləyir və Türkiyənin haqlı tərəf olduğunu vurğulayır. Türkiyənin Şərqi Aralıq dənizi ilə bağlı siyasəti və konsepsiyası bəyan olunub. Beynəlxalq dəniz hüququ Türkiyənin tərəfindədir və Türkiyənin apardığı siyasətin əsası Mavi Vətən konsepsiyası əsas götürülməli, daha sonra isə iqtisadi zonasına daxil olan ərazi suları müəyyənləşdirilməlidir".

İ.Hüseynov vurğulayıb ki, digər bir məsələ ondan ibarətdir ki, Yunanıstanda yeni hakimiyyət dəyişikliyi baş verib və müxalifətdə olan Yeni Demokratiya Partiyası seçkilərdə qalib gəlib və yeni Baş nazir, partiyanın sədri Kriakos Mitsotakis seçilib: "Yeni Demokratiya Partiyası ilə Azərbaycanın yaxşı münasibətləri var. Eyni zamanda ideoloji cəhətdən də Azərbaycanda hakimiyyətdə olan Yeni Azərbaycan Partiyası ilə Yeni Demokratiya Partiyasının istiqamətləri üst-üstə düşür. Bu baxımdan yeni hakimiyyətə gəlmiş iqtidarla Azərbaycan arasında münasibətlərin bir qədər istiləşəcəyini güman etmək olar. Çünki 2015-ci ildə Siriza Partiyası hakimiyyətə gəldikdən sonra onlar Azərbaycana qarşı münasibətlərində bir qədər korrektələr etdilər və bu dövrdən sonra münasibətlərin intensivləşməsi barədə fikir söyləmək bir qədər çətindir. Ümid edirik ki, Azərbaycanla Yunanıstan arasında münasibətlər yeni hakimiyyət dönəmində daha da müsbət dinamika üzrə inkişaf edəcək və bu fəaliyyətin tənzimlənməsində yeni təyin olunmuş səfirin də üzərinə böyük öhdəliklər düşür. Bu baxımdan Azərbaycanla Yunanıstan arasında münasibətlərin daha da yüksələn xəttlə inkişaf etdirilməsini ümid etmək olar. Unutmaq olmaz ki, Yunanıstan Avropa Birliyinin ilk ölkəsidir ki, Azərbaycanla enerji sahəsində əməkdaşlıq edir və Azərbaycanın Xəzər dənizindən hasil olunan qazı tədarük edir. Bu baxımdan Azərbaycanla Yunanıstan arasında siyasi-iqtisadi, enerji münasibətlərinin daha da intensivləşməsi hər iki tərəfin maraqları daxilindədir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə