“Rejimin yumşaldılması günün tələbidir və qərarı doğru hesab edirəm” ÖZƏL-MÜNASİBƏT

“Koronavirusa qarşı mübarizədə vətəndaş məsuliyyəti günün tələbinə çevrilir”. Bu fikirləri saytımıza açıqlamasında politoloq Yusif Bağırzadə karantin rejiminin yumşaldılmasına münasibət bildirərkən deyib.
Politoloq karantin rejiminin yumşaldılması məsələsinin günün tələbi olduğunu qeyd edib.
“Baxımdan da verilən qərarı doğru hesab edirəm. Düşünürəm ki, yoluxma sayında azalma indiki templə davam edəcəyi halda, bir qism digər qadağaların da götürülməsi həyata keçirilə bilər. Amma bütün bunlarla yanaşı, hər bir vətəndaşımızın da öz məsuliyyətini hiss etməsi lazımdır. Məsuliyyətsizliyin hansı nəticələrə gətirib çıxardığının hər birimiz şahidi olduq.
Dünya miqyasında aparılan mübarizəyə rəğmən, hələ də koronavirus pandemiyasına qalib gəlmək müşkül məsələ olaraq qalır. İndiyədək dünyada koronavirus infeksiyasına 20 milyona yaxın yoluxma qeydə alınıb. Virusdan həyatını itirənlərin sayı isə 660 minə yaxınlaşır.
Heç şübhəsiz, bu gün günümüzün ən böyük çağırışlarından biri Azərbaycanda da COVİD-19 pandemiyasına qarşı mübarizədir. Ölkəmizdə milli səviyyədə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri həyata keçirilməkdədir. Amma uğurlu nəticə əldə edilməsi indi vətəndaşlardan daha çox asılıdır. Mövcud qlobal pandemiya dövründə hər bir vətəndaşın üzərinə düşən əsas vəzifə dözüm, iradə və səbr nümayiş etdirərək, şəxsi gigiyena qaydalarına və operativ qərargahın tətbiq etdiyi qaydalara əməl etməkdən ibarətdir. Yəni, virusa qarşı mübarizə mütəşəkkil, həmrəylik, qarşılıqlı yardım üzərində qurulmalıdır.
Sərhədlərin bağlanması, karantin rejiminə keçilməsinin təmin edilməsi, müayinə, test və laboratoriya ləvazimatlarının, eləcə də müalicə vasitələrinin alınıb gətirilməsi, Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil olunması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması mübarizədə dövlət tərəfindən görülən mühüm işlərdir. Bundan başqa, koronavirus infeksiyasının mənfi təsirlərinin azaldılması məqsədilə dövlət büdcəsindən 3,5 milyard manat vəsaitin ayrılması və digər bu kimi tədbirlər dövlətinin bu ümumbəşəri bəla ilə mübarizədə atdığı səmərəli addımlardandır. Bunlara paralel olaraq karantin rejiminin tətbiqi də öz sözünü deyir. Təxminən son 10 gün ərzində Azərbaycanda koronavirusa yeni yoluxma hallarının sayında azalma müşahidə edilir. Azərbaycanda artıq koronavirusdan sağalma hallarının sayı yoluxma hallarının sayını üstələyir ki, bu da yaxşı haldır.
Lakin heç bir halda arxayınlaşmaq olmaz. İndi əsas məsələ, bundan sonra vətəndaşların təhlükəsizlik tədbirlərinə əməl etməsidir. Vətəndaşların təhlükəsizlik, gigiyena qaydalarına əməl etməsi, maska taxması, sosial məsafə gözləməsi çox vacibdir və bu istiqamətdə maarifləndirmə işinin fasiləsiz şəkildə aparılmasına ehtiyac var”, deyə Yusif Bağırzadə bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə