Ermənistan təxribatı dünya KİV-lərində

Prezident İlham Əliyev: “Bu gün beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi mövqe həqiqəti, ədaləti əks etdirir”

Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə hücuma keçməyə cəhd göstərməsi əsasında yaranan gərgin hərbi vəziyyət barədə dünya KİV-lərində geniş şəkildə yer alıb.

Belə ki, Türkiyənin aparıcı “TRT HABER” televiziya kanalı xüsusi reportajlar yaymaqda davam edir. Reportajlarda Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışı və düşmən hücumunun qarşısının alınmasına dair tapşırıqları, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş verənlərlə bağlı təcavüzkar Ermənistana xəbərdarlıq xarakterli çıxışı, işğalçı ordunun Tovuz istiqamətində Azərbaycanın yaşayış məskənlərini və dinc əhalini atəşə tutması, dağıntılar, ordumuzun düşmənə qətiyyətli cavabları, o cümlədən beynəlxalq təşkilat rəhbərlərinin narahatlığını ifadə edən mövqeləri, Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti və onun fəsadları barədə məlumatlar, həmçinin erməni mərmiləri ilə evləri dağıdılan sakinlərin ifadələri yer alır.

Rəcəb Tayyib Ərdoğan: “Qardaş Azərbaycanı qətiyyən tək qoymarıq”

“Qardaş Azərbaycanı qətiyyən tək qoymarıq. Dağlıq Qarabağ işğal altındadır. Minsk qrupu 25-30 ilə yaxındır ki, bu işi masanın üstündə saxlayıb”. Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə hücuma keçməyə cəhd göstərməsi nəticəsində yaranan gərgin hərbi vəziyyətlə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Prezident İlham Əliyevlə vəziyyəti müzakirə etdiyini, Azərbaycan hərbi nümayəndə heyətinin Ankaraya səfərə gəldiyini diqqətə çatdıran Türkiyə dövlətinin başçısı qeyd edib ki, Ermənistan Tovuz bölgəsi istiqamətində yaşayış məskənlərini və dinc əhalini atəşə tutur. Azərbaycan da torpaqlarını və əhalisini müdafiə etmək üçün addımlar atır. Türkiyə belə bir vaxtda qardaş Azərbaycanı qətiyyən tək qoymayacaq. Qardaş Azərbaycana sona qədər öz dəstəyini verəcək. Qafqaz mücadiləsində olduğu kimi, bu gün də Azərbaycanın, azərbaycanlı qardaşlarımızın yanındayıq, yanında olacağıq”.

Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribat İndoneziya KİV-lərində geniş işıqlandırılır

Həmçinin, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində təxribat törətməsi İndoneziya mətbuatı tərəfindən geniş işıqlandırılır. Belə ki, İndoneziyanın “BBC Indonesia”, “Republika.co.id”, “Kompas.com”, “Rakyat Merdaka”, “Media Indonesia”, “Sindonews”, “Tribunnews.com”, “Wartaekonomi.co.id”, “Inews.id”, “Jurnas.com”, “Riau24.com” kimi aparıcı xəbər portalları və digər internet saytlarında son günlərdə dərc olunan məqalələrdə Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu ərazisində, Azərbaycanla birbaşa sərhəddə həyata keçirdiyi təxribat barədə məqalələrə geniş yer verilir. Artilleriya atəşi nəticəsində Azərbaycanın hərbi qulluqçularının və dinc sakinlərinin həlak olmasından bəhs edilir.

Bununla yanaşı, Dağlıq Qarabağ və ətraf ərazilərin Ermənistan silahlı qüvvələri tərəfindən uzun illərdir ki, işğal altında saxlanıldığı vurğulanır. İndoneziya mətbuatında, həmçinin Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışına istinad edilərək Azərbaycanın torpaqlarını Ermənistana güzəştə getməyəcəyi bildirilir. Düşmən hücumunun heç bir nəticə verməyəcəyi və sərhədlərimizin etibarlı şəkildə qorunacağı qeyd olunur. Məhz Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinə görə belə hadisələrin baş verdiyi vurğulanır.

Ermənistanın sərhəddə törətdiyi təxribat onun münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmamasının növbəti sübutudur

Ümumiyyətlə dünya KİV-lərində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutmasını bu təcavüzkar ölkənin münaqişənin danışıqlar yolu ilə həllində maraqla olmadığı da vurğulanır.

Prezident İlham Əliyev: “Bu gün beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi mövqe həqiqəti, ədaləti əks etdirir”

“Bu gün beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi mövqe həqiqəti, ədaləti əks etdirir”. Bu fikirləri Prezident İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksi ilə tanışlıqdan sonra rayonun bir qrup idmançısı ilə görüşündə çıxışı zamanı deyib. Prezident İlham Əliyev bildirib: “Sirr deyil ki, Ermənistan terror dövlətidir və bunu bu dövlət dəfələrlə göstərib, hətta öz rəhbərlərinə qarşı terror törədiblər. İyirmi il bundan əvvəl Ermənistan rəhbərliyinin bir çox üzvü bu ölkənin parlamentində qətlə yetirildi və o cinayətin üstü açılmayıb. Halbuki hər kəs bilir ki, o cinayətin sifarişçiləri kimdir. Ancaq onu ört-basdır edirlər. Çünki onların terrorçu mahiyyəti bu gün də yaşayır. Kiminsə suyunu kəsmək cinayətdir. Bu, faşizmin təzahürüdür və təsadüfi deyil ki, Ermənistanda faşistlərə abidələr ucaldılır. Azərbaycanda quruculuq, abadlıq işləri aparılır, hər bir şəhərdə sosial obyektlər, belə gözəl olimpiya mərkəzləri, xəstəxanalar, məktəblər tikilir, yollar çəkilir, qazlaşdırma aparılır. Kasıb Ermənistanda isə ondan-bundan dilənə-dilənə, güc-bəla ilə yaşayırlar, amma faşistlərə 6 metrlik abidə ucaldırlar. O adam ki, onun Hitlerlə əməkdaşlığı sənədlərlə təsdiq edilib. O adam ki, müharibə zamanı demişdir: “Almaniya uğrunda ölən, Ermənistan uğrunda da ölür”. O adam ki, Sovet İttifaqının müvafiq orqanları tərəfindən həbs olunub, ona 25 il hökm oxunub, həbsxanada da ölüb və reabilitasiya olunmayıb. O adama 6 metrlik abidə ucaldılır və bugünkü Ermənistan rəhbərliyi bu adamı qəhrəman kimi təqdim edir. Bu, nəyi göstərir?! Onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır və bunu hər kəs bilməlidir. Bütün dünya bilməlidir.

Bu gün beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi mövqe həqiqəti, ədaləti əks etdirir. Bizim səylərimiz nəticəsində bütün aparıcı beynəlxalq təşkilatlar münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması ilə əlaqədar müvafiq bəyanatlar vermişlər. Bizim bir çox ölkələrlə ikitərəfli formatda imzaladığımız strateji tərəfdaşlıq haqqında bəyannamələrdə ölkəmizin ərazi bütövlüyü dəstəklənir və münaqişənin məhz bu prinsiplər əsasında həll olunması təsbit edilir”.

Göründüyü kimi, bütün bu faktlar bir daha Ermənistan hakimiyyətinin işğalçılıq siyasətindən əl çəkmədiyini bir daha sübut edir. Lakin işğalçı Ermənistan anlamalıdır ki, güclü Azərbaycan ordusu və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə qadirdir və buna hər an hazırdır. Düşünülməmiş addımlar, xaotik təşəbbüslər isə yalnız düşmənlərimizi sevindirə, ölkəmiz və ordumuz barədə müxtəlif uydurmalar yaratmağa yol aça bilsə də heç bir şeyə nail ola bilməyəcəklər.

Azərbaycan Prezidentimiz İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışında qeyd olunduğu kimi, dünən və bu gecə düşmənə adekvat cavab verilib. Şəhidlərimizin qisası alınıb, bundan sonra da alınacaqdır. Biz bütün imkanlardan istifadə edib özümüzü qoruyacağıq və düşmənə yenidən öz yerini göstərəcəyik.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...