Diasporumuzla diplomatiyamızın birgə və səmərəli işi Ermənistanı çaşdırıb - ŞƏRH ÖZƏL

"Bu gün Azərbaycanın Diaspor Komitəsinin yeni rəhbərliyinin apardığı iş təqdirəlayiqdir. Çünki əvvəllər Diaspor Komitəsinin bu sahədəki fəaliyyəti dövlət başçısının özü tərəfindən də qınanıb. Cənab Prezidentin qeyd etdiyi kimi Diasporumuzun da, Xarici İşlər Nazirliyinin də, Azərbaycan diplomatiyasının da əslində siyasəti Ermənistanla müharibə dövrünün reallıqları kontekstində qurulmalı və bu siyasət daha çox müdafiə deyil, hücum diplomatiyasının prinsiplərini özündə ehtiva etməlidir. Bu dəfə Diaspor Komitəsinin bununla bağlı siyasəti həm təşkilatlanma, həm təbliğat və informasiyanın müvafiq qurumlara, həmçinin dünyanın ayrı-ayrı agentliklərinə çatdırılması, digər Avropa ölkələrinə, xüsusilə ABŞ-da yaşayan azərbaycanlıların konsolidasiya edilməsi və onların Qarabağ probleminin ətrafında gedən məsələlərdə cəmləşdirilməsi, mövqelərinin bu məsələlərə istiqamətləndirilməsi baxımından vaxtında atılmış addımlar oldu və məsələyə kifayət qədər effektiv bir qiymət verildi". Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, təbii ki, Diaspor Komitəmizin fəaliyyətinin müsbət nəticəsidir ki, bu siyasət Ermənistan rəhbərliyində və cəmiyyətində çaşqınlıq yaradıb: "Biz bu çaşqınlığı ilk əvvəl bu günlərdə Paşinyanın verdiyi müsahibələrdə də müşahidə edirdik. Çünki Paşinyan Diaspor Komitəsinin fəaliyyətilə yanaşı, ümumiyyətlə, Azərbaycan iqtidarının apardığı siyasətin yaratdığı yeni reallıqları görür və anlayır ki, onun bütün ciddi cəhdlərinə, Azərbaycanı təxribata cəlb etmək istəklərinə baxmayaraq, hətta Ermənistanın sabiq müttəfiqləri və KTMT-na üzv dövlətlər belə bu münaqişə ilə bağlı ciddi bir mövqe sərgilmədilər. Əslində KTMT, o cümlədən Rusiya tərəfindən bu məsələdə olan susqunluq və verilmiş bəyanatlar Azərbaycanın işinin haqq işi olduğunu və bizim bununla əlaqədar siyasətimizin beynəlxalq hüquq normaları çərçivəsində aparıldığını bir daha bəyan etdi. Paşinyan bilərəkdən Azərbaycan və Rusiya münasibətlərində çat yaratmaq, münasibətlərdə hansısa etibarsızlıq sindromunun rüşeymlərini əkmək məqsədilə bu günlərdə belə bir bəyanatla çıxış etdi ki, sən demə Xocalı soyqırımı Ermənistan tərəfindən deyil, Rusiyaya məxsus olan 366-cı polkun əsgər və zabit heyəti tərəfindən törədilib. Özü də bu hadisə Rusiya elitasının və rəhbərliyinin birbaşa göstərişi ilə törədilib".

Politoloq bildirib ki, aparılan araşdırmalar da göstərir ki, həmin polkun Xocalıda həyata keçirdiyi cinayət əslində polkun erməni əsilli zabit və əsgər heyəti tərəfindən, 366-cı polkun silahları ilə həyata keçirilib: "Bu günlərdə tarixçi, politoloq, alim Oleq Quzniçovun Rusiya televiziya kanallarına verdiyi müsahibədə də bu məqama xüsusi diqqət yetirilir. Məlum olur ki, Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan ASALA-nın o zamankı rəhbərliyi ilə bu məsələdə əlbir iştirak ediblər. Qısaca desək, Paşinyanın burada məqsədi həm Azərbaycan-Rusiya münasibətlərində çat yaratmaq və bu çatın bilavasitə istər Rusiya münasibətlərinə təsir göstərə biləcəyi ilə bağlı məsələləri gündəmə gətirmək, həm də Ermənistanın özündə hakimiyyət uğrunda gedən mübarizədə daha çox Qarabağ klanının üzərinə bu "günahı" atmaq və Paşinyan iqtidarının bu məsələlərlə məsuliyyət daşımadığını Ermənistan ictimaiyyətinin diqqətinə çatdırmaqdan ibarət idi".

E.Manafov vurğulayıb ki, Paşinyan o qədər çaşıb və kələfin ucunu itirib ki, artıq özünün strateji müttəfiqi ilə münasibətlərində belə gərginliyin yarana biləcəyi ilə əlaqədar məqamları düzgün proqnozlaşdıra bilmir: "Bütün bunlar Paşinyanın Qərblə, ABŞ-la və onun siyasətini maliyyələşdirən SOROS fondu qarşısında öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəyindən irəli gəlir. Bütün hallarda Azərbaycanda həm hakimiyyətin, həm diasporamızın, həm də diplomatiyamızın bu istiqamətdə apardığı əlbir və səmərəli iş Ermənistan siyasi rejimində bu gün yaranan çaşqınlığın əsas səbəblərindən biridir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə