“Ölkə başçısı nəzərdə tutduqlarından daha artığına nail olacaq” ÖZƏL-ŞƏRH
Cənab Prezident Azərbaycandakı prosesləri şəxsən çox yaxından izləyir və təbiidir ki, lazım olan yerlərdə də şəxsən nəzarət edir. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Siyasi şərhçinin sözlərinə görə, dövlət başçısının ölkəmizdə nə olduğundan hamıdan yaxşı xəbəri var:
“Adi suvarma suyundan tutmuş, işğalçı Ermənistanın cəbhə xəttində, özəlliklə də, Ermənistanın Azərbaycan sərhəddində təxribat törətməsinə qədər proseslər Prezidentin əlbəttə ki, bilgisi daxilindədir. Yəni, onun xəbəri olmadan hərhansı hadisə baş verməyib, verə də bilməz. Prezident ermənilərin təcavüzünün vaxtında qarşısının alınması üçün də tədbirlərin görülməsinə göstəriş verib və hətta onun özünün də qeyd etdiyi kimi, 12 iyulda başlayan o təcavüz cəhdində Prezidentin özü belə gecə səhərə qədər iş yerində olub, yəni dincəlməyib. Belə olan halda təbiidir ki, proseslər haqqında hamımızdan daha məlumatlı olan şəxs Prezidentin özüdür.
Onun çıxışlarına qulaq asdıqca, insanda istər-istəməz sabaha ümid yaranır. Ümid o mənada ki, Azərbaycanın doğrudan da bu çətin dönəmdə digər ölkələrlə müqaisədə daha az zərərlə çıxa biləcəyini biz düşünürük. Əlbəttə ki, bütün dünyanın diqqəti bu saat koronavirus adlı virusa cəmlənib. Yəni dünyanın başının bəlası, bir nömrəli problemi hal-hazırda budur, o cümlədən də Azərbaycanın. Belə bir şəraitdə təbiidir ki, Azərbaycanı mümkün qədər az itgi ilə bu prosesdən keçirmək lazımdır. Bax Cənab prezident bu 6 ay ərzində görülən işlər və növbəti 6 ay, yəni ilin sonunadək görüləcək işlərlə bağlı fikirlərini söyləyəndə təbiidir ki, daha çox pandemiyanın vura biləcəyi zərərin minimuma endirilməsini düşünür. Ona görə də xalq təsərrüfatının ayrı-ayrı sahələri ilə bağlı verdiyi tapşırıqlar, verdiyi göstərişlər, eyni zamanda gərək olduğu yerlərə dövlətin əlavə vəsaitlərinin cəlb edilməsi, özəlliklə də sosial layihələrin davam etdirilməsi, imkansız, yaxud da az təminatlı təbəqənin problemlərinin həlli və təbiidir ki, bütün bunlarla bərabər Azərbaycan ordusunun gücləndirilməsi, işğalçı Ermənistana bundan sonra da gərəkli cavabın verilməsi, bütün bunlar Cənab Prezidentin növbəti mərhələ üçün nəzərdə tutduqlarıdır. Mən əminəm ki, ölkə başçısı hər zaman olduğu kimi növbəti mərhələ də nəzərdə tutduqlarından daha artığına nail olacaq. Biz həmişə müşahidə etmişik ki, plan, proqram bir olub, lakin dövrün sonuna gələndə biz görmüşük ki, Cənab Prezidentin proqramları, planları artıqlaması ilə yerinə yetirilib. Bu baxımdan mən şəxsən ilin sonuna qədər baş verəcək, özəlliklə də dövlətin vətəndaşa qayğısı və bu pandemiya mərhələsinin adladılması baxımından çox optimistəm və bu optimizmi də bizə verən Cənab Prezidentdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB