"Xalqımız, cəmiyyətimiz möhtəşəm birlik göstərməkdədir” ÖZƏL-MÜNASİBƏT

"Xalqımız, cəmiyyətimiz möhtəşəm birlik göstərməkdədir” ÖZƏL-MÜNASİBƏT

“İşğalçı Ermənistanın hərbi birləşmələri tərəfindən Azərbaycanın Tovuz istiqamətindəki sərhəd ərazilərinə xaincəsinə hücumundan və ordumuzun düşmənə layiqli cavabından sonra Azərbaycanda bir daha güclü milli birlik və həmrəylik nümayiş etdirilir. Xalqımız, cəmiyyətimiz ümummilli məsələmiz olan torpaqlarımızın düşmənlərdən qorunması prosesində möhtəşəm birlik göstərməkdədir”. Bu fikirləri SİA-ya millət vəkili Sevinc Hüseynova deyib.

Onun sözlərinə görə, respublikamızın hər bir guşəsində xalqın Ali Baş Komandana, ordumuza dəstək aksiyaları keçirildi: "Döyüşlər başlayandan biz xalqın coşğusunun necə yüksək olduğunu görürük. Ötən günlər ərzində respublikamızın hər bir guşəsində ordumuza dəstək aksiyaları keçirilir, torpaqlarımızın işğaldan azad edilməsi üçün vətəndaşların müraciətlərini eşidirik. Eyni zamanda, şəhidlərin ruhuna böyük ehtiram göstərilir.
Millət vəkilinin sözlərinə görə, Nazirlər Kabinetinin iclasında cənab Prezidentin çağırışı ilə bu günədək 2-3 gün ərzində 23 mindən artıq insan orduya getmək üçün rəsmi şəkildə müvafiq qurumlara müraciət edib və bu proses davam edir.

Onu da qeyd etməliyəm ki, iyulun 14-də axşam saatlarında Bakı şəhərində dövlətə və orduya dəstək aksiyası keçirilən zaman kiçik bir qrup təxribat edərək Milli Məclisin binasına hücum edib. Binaya daxil olaraq inzibati binaya maddi zərər yetiriblər. Əlbəttə ki, bu hadisə əvvəlcədən düşünülmüş bir təxribat olub, ermənilərin və ermənipərəst dairələrin maraqlarına hesablanıb. Onlar ölkə rəhbərliyinə dəstəyin istiqamətini dəyişməyə cəhd ediblər. Şübhə yoxdur ki, bu təxribatda beşinci kolon əsas rol oynayıb. Ona görə də, bu cür hallar yolverilməzdir və təxribatçılar cəzalandırılmalıdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə