"Ermənistan öz mənfur niyyətindən əl çəkmir" Vüqar Seyidov

Vüqar Seyidov

YAP Suraxanı rayon təşkilatının sədri

“Böyük Ermənistan” yaratmaq xülyasından əl çəkməyən və yalançı “erməni soyqırımı”nı sübuta yetirməyə çalışan erməni millətçiləri müasir qloballaşan dünyada xalqların və ölkələrin yaxınlaşması yolunda ciddi əngələ çevrilmişlər. Bu gün həyata keçirdikləri faşizm siyasəti dünya siyasətinə təsir göstərmək cəhdi, sülh və əmin-amanlıq üçün, insanlığın gələcəyindən ötrü təhlükəli maneədir. Bir vaxtlar “Dağlıq Ermənistan”ın bir hissəsi kimi Dağlıq Qarabağ haqqında yaratmaq istədikləri mifologem dövlətimiz tərəfindən darmadağın edildikdən sonra, yeni bəhanələrlə özlərini haqlı çıxarmağa və iftiraları ilə dünya içtimayyətini aldatmağa cəhd etdilər. Dəfələrlə təsdiq olunub ki, hazırkı Ermənistan deyilən dövlətin ərazisi əzəli Azərbaycan torpaqlarıdır. Heç bir tarixçi, normal araşdırmaçı bunu inkar edə bilməz. Ermənilərin Azərbaycan ərazilərinə və bütövlükdə Cənubi Qafqaza gəlmə olduğu, çar Rusiyasının Qafqaza doğru istilaçılıq siyasətinin genişləndiyi vaxtlarda bu ərazidə onların heç bir dövlət qurumunun olmadığı tarixçilər tərəfindən dəfələrlə sübuta yetirilib. XIX əsrdən başlayaraq kök atan erməni millətçiliyi yarandığı vaxtdan digər xalqlara qarşı amansız qəddarlığı ilə seçilib. Erməni yalanlarının əsrlər boyu ayaq tutub yeriməsinin, bunun qarşılığında beynəlxalq aləmdə susqunluğun acı nəticəsini bu gün Azərbaycan yaşayır.

Hər kəsə bəllidir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən əsassız fikirlər, ərazi iddaları tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir. Bütün beynəlxalq görüşlərdə dəfələrlə dünyanın gözü qarşısında Prezidenti İlham Əliyev təmkinli, tutarlı və sənədlərə əsaslanan çıxışları ilə Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətini ifşa etmiş, hər dəfə onlara beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçmişdir. Bu, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırmaq baxımından böyük önəm daşıyır. Eyni zamanda, dövlət rəhbərinin həyata keçirdiyi siyasət, dünya tərəfindən təqdir olunur, humanizm siyasəti, ədalətli mövqeyi nümunə göstərilir. Hadisələrə və proseslərə tarixi baxışla bir sırada dünyanın hazırkı reallıqlarının və yeni dövlətçilik təfəkkürünün işığında yanaşmaq, qiymət vermək və bütün bunlara uyğun olaraq əsaslı qərarlar qəbul etmək Prezident İlham Əliyevin dövləti idarəetməsinin əsasını təşkil edir. Azərbaycan artıq uzun illərdir ki, müxtəlif siyasi qütblərdə dayanan ölkələrin dialoq məkanına çevrilir. Ölkəmiz beynəlxalq siyasətin aktiv iştirakçısı kimi funksionallığını artırır, olduqca məsuliyyətli, mühüm missiya həyata keçirir. İnsanlıq naminə ən ağır yükü üzərinə götürür, yeni təkliflərlə çıxış edir və bütün dövlətləri, gələcəyimiz naminə həmrəyliyə çağırır. Bu cür gərgin, dünya üçün narahat bir dönəmdə Ermənistan öz mənfur niyyətindən əl çəkmir, təxribatları ilə əsl simasını örtaya qoyur, təcavüzkar siyasətini davam etdirmək üçün hər cür çirkin və riyakar əməllərdən istifadə edir. Bir neçə gündür Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində həyata keçirdiyi hərbi təxribat bir daha təsdiq edir ki, bu ölkəyə rəhbərlik edən kəsləri ölkələrinin taleyi maraqlı deyil, əks təqdirdə bu cür ağılsız addıma yol verməzdilər. Çünki Azərbaycan ordusu qarşısında aciz qalacaqları labüddür və bu, növbəti dəfə onlara sübut olundu. Azərbaycanın qüdrətli ordusu mənfur düşmənin təxribatının qarşısını aldı. Ermənistanın pandemiya dövründə Azərbaycan sərhədində başladığı hərbi əməliyyatı, eyni zamanda ölkəsində baş verən daxili ziddiyyətləri gizlətmək cəhdi idi. Ölkə iqtisadi tənəzzül vəziyyətindədir, iqtidar-xalq arasında gərgin vəziyyət mövcuddur və artıq pafoslu sözlərin təsiri özünü doğrultmur. Lakin Ermənistan bir məqamı unudur ki, dünya bu gün işğalçı dövləti deyil, etibarlı tərəfdaş kimi tanınan, nəinki öz ölkəsinin, eləcə də dünyanın rifahı naminə töfhə verən bir dövləti təqdir edəcək. Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsinə ölkələr tərəfindən gələn dəstək bunun ən bariz nümunəsidir.

Təcavüzkar tərəfin rəhbər şəxsləri, siyasi dairələr yaxşı bilirlər ki, Azərbaycan xalqı öz haqqı, əzəli torpaqları naminə döyüşür və vətən naminə canını fəda edir. Bu hisslər erməni xalqına yad xüsusiyyətlərdir. Mülki şəxslərə qarşı törətdikləri vəhşiliklər isə cinayət əməlidir və beynəlxalq hüquqa zidd hərəkətlərdir. Ermənistan Azərbaycan ordusunun gücünü də, vətən oğullarının rəşadətini də dəflərlə görüb, əməllərinə son qoymayacaqları halda, sonlarının hansı durumda olacağı barədə bir daha düşünməlidirlər. Azərbaycan prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Bu çirkin əməllərə əl atmaq onların təcavüzkar siyasətinin təzahürüdür. Bu siyasəti məntiqlə izah etmək mümkün deyil. Çünki bu siyasət olduqca ziddiyyətlidir və bu siyasət Ermənistan üçün böyük təhlükə mənbəyidir. Çünki mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq, işğalla barışmayacaq və əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin”.

Bu, Azərbaycanın dəyişməz mövqeyidir və dünya birliyi ədalətə söykənən düzgün mövqeyi dəstəkləməli, regionda gərginliyə səbəb olan işğalçı siyasətə dur deməlidir. Azərbaycan xalqı əmindir ki, Ali Baş Komandanın qətiyyəti və düşünülmüş siyasətilə tezliklə zəfər nəğməmiz səslənəcək, üç rəngli müqəddəs bayrağımız doğma torpaqlarımızda dalğalanacaqdır, çünki bizim yolumuz haqq yoludur! yap.org.az

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə