"Ermənistanda istefalar fonunda yeni problemlər baş qaldıracaq" - ŞƏRH ÖZƏL

"Son zamanlar Paşinyanın siyasətində qeyri-adekvat addımların artıq bəhrəsi görülür. Əsas məsələ Qarabağ kartından istifadə idi. Paşinyan Qarabağ kartından istifadə edərək orada özünə uyğun olan adamı yerləşdirdikdən sonra o, elə başa düşdü ki, artıq Qarabağ məsələsini həll etdi. Lakin işlər planladığı kimi alınmadı. Baxmayaraq ki, danışıqlardan yayınmaq, stats-kvonu saxlamaq, eyni zamanda Qarabağ qondarma hakimiyyətini üçüncü bir tərəf kimi danışıqlarda iştirakını təmin etmək üçün bir sıra qeyri-adekvat addımlar atdı. Lakin yenə də alınmadı". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı, siyasi şərhçi Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, digər çox mühüm məsələlərdən biri Apostol kilsəsinə qarşı olan addımlar idi: "Kilsənin vəsaitini ələ keçirərək, həmin vəsaiti iqtisadiyyata yönəltməklə müəyyən qədər həm guya iqtisadiyyatı dirçəltmək, həm də öz vətəndaşları arasında nisbi sakitlik yaratmaq istədi, lakin bildiyiniz kimi Ermənistanda kilsənin dayaqları çox güclüdür. İstər qondarma Dağlıq Qarabağ Respublikası, istər soyqırım, istərsə də kilsə məsələlərində onlar çalışır bir yerdə olsunlar. Paşinyan "zəif bənd" kimi kilsə məsələsinə toxundu, amma yenə də məyusluğa düçar oldu".

Ekspert bildirib ki, konstitusiya məhkəməsində aparılacaq islahatlar-reformlarla əlaqədar Avropa İttifaqı Paşinyana müəyyən qədər tövsiyyələr verdi, lakin o, həmin tövsiyyələrəndə nəticə çıxarmadı: "Rusiyanın havadarlığı ilə işləyən biznesmenlərə və eyni zamanda Sarukyana toxunmasından sonra onun qaçaqmal siqaret məsələsi ilə məşğul olduğunu Rusiya tərəfi ortaya qoydu. Ona qarşı parlamentdə birləşmiş fraksiyalar alternativ bir qüvvə yaratdılar. Ən maraqlısı odur ki, onların başında da sabiq Milli Təhlükəsizlik Xidmətinin rəhbəri olan Artur Vanetsyan durur".

A.Nağıyev vurğulayıb ki, Ermənistanda problemlərin ardı-arası kəsilmədiyi üçün istefaların baş verməsi normaldır və bu istefalar fonunda yeni problemlər də baş qaldırmağa davam edəcək: "Paşinyan elə başa düşürdü ki, böyük kütləni idarə etdiyi kimi, dövləti də idarə edə bilər. Lakin artıq nə dövlət o dövlət deyil, nə də hakimiyyət o hakimiyyət deyil. Çünki Köçəryanın da, Sarkisyanın da tərəfdarları və onların arxasında duran qüvvələr nəyin bahasına olursa, olsun Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa çalışırlar. Düşünürəm ki, Paşinyanın hakimiyyətinin sonunun gəlməsi gedişatdan asılıdır. Bu gün istər Rusiyanı, istər Avropanı günahlandırmaqla kiməsə öz loyallığını göstərməyə çalışır. Lakin hələ konkret olaraq heç bir qüvvə Paşinyanı dəstəkləmir. Bu da təbii ki, ağır nəticələrlə onun hakimiyyətinin sonunu gətirə bilər".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə