"Prezidentin xüsusi sessiya çağırışı zərurətdən irəli gəlir" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü zərurətdən irəli gəlir". Bunu SİA-ya millət vəkili Kamran Bayramov deyib.

"Etiraf etmək lazımdır ki, hal-hazırda dünyada koronavirus pandemiyası ilə mübarizə sahəsində müşahidə etdiyimiz vəziyyət o qədər də ürəkaçan deyil. Bəzən pandemiya ilə mübarizə prosesində çaşqınlıq, gərginlik müşahidə edilir, bəzi dövlətlər yalnız öz təcrübəsinə və resurslarına söykənərək bu qlobal bəlaya qalib gəlməyə çalışırlar. Lakin pandemiya qlobal xaraker daşıdığından, təbii ki, dünya dövlətlərindən həmrəyliyin nümayiş etdirilməsi və birgə səylərin göstərilməsi tələb olunur. Eyni zamanda, pandemiyaya qarşı mübarizə prosesində səhiyyə sistemlərində olan boşluqların, dövlətlərin cəmiyyətlərinə sosial və iqtisadi təsirlərin aradan qaldırılması üçün onların genişmiqyaslı dəstəyə ehtiyacı var. Və bu dəstəyə məhz çoxtərəfli əməkdaşlıq və həmrəylik sayəsində nail olmaq mümkündür. Yalnız belə olan halda nəticələr əldə etmək mümkündür. Bu baxımdan da, böyük ümidlər və əminlik var ki, BMT Baş Assambleyasının xüsusi sessiyası pandemiya ilə mübarizədə dünya birliyində həmrəyliyin tam bərqərar olunmasına, beynəlxalq çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə və bu qlobal təhlükənin geri çəkilməsi üçün ən səmərəli və düzgün yolun tapılmasına xidmət edəcəkdir", - deyə, deputat fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə