"Prezident hər zaman Gəncənin inkişafına xüsusi diqqətlə yanaşıb" ÖZƏL-MÖVQE
"Dünyamızı hazırlıqsız yaxalayan koronovirus pandemiyasının ölkəmizdən də yan keçmədiyi bir dövrdə Prezident İlham Əliyevin bölgələrə səfərlərinin davam etməsi Azərbaycan vətəndaşının sözdə, fikirdə, əməldə xalqı ilə birlikdə olan liderlərinə inamını, güvəni daha da artırdı. COVİD-19 virusuna yoluxma təhlükəsinin olmasına baxmayaraq dövlət başçısının regionlara səfərləri, xoş günlərdə olduğu kimi ən çətin anlarda da ölkə vətəndaşının, xalqın yanında olması xalq-iqtidar birliyinin bariz göstəricisi kimi yaddaşlara həkk olur". Bunu SİA-ya millət vəkili Naqif Həmzəyev deyib.
Millət vəkili qeyd edib ki, koronavirus infeksiyasının bəşəriyyəti sınağa çəkdiyi bu ağır günlərdə ölkə Prezidenti Azərbaycan vətəndaşının sağlamlığı, təhlükəsizliyi ilə yanaşı regionların sosial-iqtisadi inkişafını, real vəziyyətini və perspektivlərini daim diqqətdə saxlayır: Goranboy, Şəmkir, Qazax, Ağstafa, Tovuz, Ağcabədi, Tərtər, Şamaxı rayonlarından sonra Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Gəncəyə səfəri ölkənin ardıcıl və dayanıqlı iqtisadi inkişafının təmin olunmasına, eyni zamanda regionların uğurlu inkişafına əhəmiyyətli töhfə oldu. Aydındır ki, bu gün regionların simasının köklü surətdə dəyişməsi, inkişafı, tərəqqisi yenidən qurulan infrastrukturu ölkəmizin ümumi inkişafına böyük təkan verir. Məhz bunun üçün mütəmadi olaraq regionlara səfər edən dövlət başçısı vəziyyətlə yerindəcə tanış olur, vətəndaşlarla görüşüb, onların güzaranı, həyat səviyyəsi ilə maraqlanır, müvafiq tapşırıq və tövsiyələrini verir.
Ölkə Prezidentin Gəncəyə hər səfəri unudulmaz və əlamətdar olur, hər dəfə açılışlarda, təməlqoyma mərasimlərində iştirak edərək yeni obyektlərin, yeni mədəniyyət ocaqlarının, təhsil, səhiyyə müəssisələrinin, yolların, parkların istifadəsinə və ya tikintisinə xeyir-dua verir. Bu baxımdan dövlət başçısının iyunun 24-də Gəncəyə səfəri də çox əlamətdar oldu. Prezident İlham Əliyev hər zaman Gəncənin inkişafına, abadlığına, tarixinin təbliğinə xüsusi diqqətlə yanaşıb. Azərbaycanın davamlı və sürətli tərəqqisinin canlı nümunəsi olan Gəncə hazırda Qafqazın ən gözəl şəhərlərindən birinə, ölkənin əsas iqtisadi və mədəni mərkəzinə çevrilib. Müasirliklə qədimliyin vəhdət təşkil edən tikililər, dünyanın ən yüksək standartlarına cavab verən təhsil, səhiyyə ocaqları, yeni yollar qədim şəhərin inkişafının göstəricisidir. İqtisadi yüksəliş, sosial tərəqqi, mədəni intibah son illər qədim Gəncənin tarixi reallıqlarıdır. Gəncəlilər bu reallıqlara dövlətimizin başçısı İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində nail olublar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB