Ermənistan müxalifəti inqilab komitəsi yaradır? ANALİTK

Ermənistan müxalifəti inqilab komitəsi yaradır? ANALİTK

“Çiçəklənən Ermənistan”, “Vətən” partiyaları və “Daşnaksyutun” fraksiyası bir araya gəldilər – planları bəlli oldu

Ermənistanın baş naziri Nikol Paşinyanın siyasi idarəçiliyinin böhrana uğraması, xalqın get-gedə narazılığının artması, xüsusilə koronavirus epidemiyası qarşısında dövlətin və hökumətin acizliyi, müxalifət təşkilatlarının liderlərinin, onları dəstəkləyənlərin siyasi təqiblərə məruz qalması, eləcə də hakimiyyətin qanunsuz yollarla əldə saxlanılmasına hesablanmış konstitusiya düzəlişlərinin həyata keçirilməsi və s. böhranlı vəziyyətlər ölkə müxalifətinin bir araya gələrək mübarizə aparmaq ideyasını reallaşdırıb. SİA xəbər verir ki, bu günlərdə Ermənistanın üç əsas müxalifət partiyası toplaşaraq birgə qərar qəbul ediblər. Görüşdə Ermənistanın daxili siyasətindəki vəziyyət, ölkədə konstitusiya quruluşunun bərpası ətrafında müzakirələr aparılıb

Hakimiyyətin güc yolu ilə devrilməsini əks etdirən “b” planı masa üzərində olub

Bu barədə yazan aysor.am saytının qeyd etdiyinə görə, ötən gün Sarukyanın lideri olduğu “Çiçəklənən Ermənistan”, Millli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vatensyanın təsis və liderlik etdiyi “Vətən” partiyalarının, eləcə də “Daşnaksyutun” İnqilabi Fraksiyasının təmsilçilərinin görüşü baş tutub. Görüşdə Ermənistanın daxili siyasətindəki vəziyyət, ölkədə konstitusiya quruluşunun bərpası ətrafında müzakirələr aparılıb. Nikol Paşinyanın irəli sürüləcək tələblərə müsbət cavab verməyəcəyi halda fasiləsiz aksiyaların keçirilməsi, habelə hökumət və parlament binalarına yürüşlərin təşkili barədə fikirlər səsləndirilib. Hətta hakimiyyətin güc yolu ilə devrilməsini əks etdirən “b” planını da masa üzərində olduğu təkzib olunmamaqdadır. Bu barədə digər erməni KİV-ləri də yazmaqdadırlar.

Birgə bəyanatdan: “Geniş konsolidasiyanın təminatı istiqamətində birgə fəaliyyət planı və hərəkətlər müəyyən edilib, eləcə də qarşıda atılacaq addımların yol xəritəsi hazırlanıb”

“Üç siyasi təşkilatın təmsilçiləri ilə birgə işçi qrupun yaradılması razılığı əldə olunub. Geniş konsolidasiyanın təminatı istiqamətində birgə fəaliyyət planı və hərəkətlər müəyyən edilib, eləcə də qarşıda atılacaq addımların yol xəritəsi hazırlanıb”, müxalifət partiyalarının birgə bəyanatında qeyd olunur. O da bildirilir ki, qəbul ediləcək qərarlar və atılacaq addımlar barədə işçi qrupu mütəmadi şəkildə ictimai rəyi məlumatlandıracaq.

Qeyd edək ki, artıq erməni ictimai-siyasi dairələrində üç əsas müxalifət partiyasınınbir araya gəlməsinin əsas məqsədlərinin Paşinyan iqtidarına qarşı inqilabi komitə yaratması barədə fikirlər səslənməkdədir. Bildirilir ki, hələlik üç partiya işçi qrup adı altında fəaliyyət göstərsə də, hədəf olaraq inqilab planları üzərində bir sıra qərarlar qəbul olunub. O cümlədən, Ermənistanın müxalifətyönlü digər partiya və ictimai birliklərinin, hüquq-müdafiə təşkilatlarının da yaxın günlərdə inqilabi koalisiyaya cəlb edilməsi istisna olunmayıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə