“Paşinyan növbəti dəfə İlham Əliyevdən diplomatiya, tarix, hüquq dərsi aldı" Zərifə Quliyeva

“Paşinyan növbəti dəfə İlham Əliyevdən diplomatiya, tarix, hüquq dərsi aldı" Zərifə Quliyeva

Bu günlərdə Prezident İlham Əliyevin iştirak etdiyi Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammit Ümumi nəticələri müqayisə etsək, bu sammiti Valday və Münxen zəfərlərinin məntiqi davamı kimi dəyərləndirə bilərik. Çünki əvvəlki görüşlərdə olduğu kimi, Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində də bir daha Ermənistan dövlətinin işğalçılıq siyasətinin qlobal müstəvidə ifşa olunması ilə yadda qaldı. Bütün bunlar isə, Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş uğurlu diplomatik siyasətinin bariz nəticəsidir. Məhz bu Azərbaycanın bu diplrmatik hücumları qarşısında acizlik nümayiş etdirən Ermənistan iqtidarı sözügedən sammitdə də rüsvayçı məğlubiyyətdən qaça bilmədi.

Azərbaycan Prezidenti öz həqiqətləri ilə onu ifşa etdi, hətta çaşdırdı və aciz duruma saldı

Bəli, bu keçirilən bütün mötəbər tədbirlərdə aydın şəkildə nümayiş olunmaqdadır. Çünki hər bir uğurun arxasında həqiqətlər, faktlar durur. Deməli, bu görüşdə də nəticə ən böyük həqiqəti ortaya qoydu: artıq erməni saxtakarlığı keçmir və Azərbaycan Prezidentinin hücumçu diplomatiyası dünya erməniliyini darmadağın edir. Və bütün dünya bunun şahidi oldu. Ermənistan baş nazirinin çıxışı və davranışları bir daha göstərdi ki, o, siyasətdə naşı bir adamdır. Hər kəs aydın şəkildə görürdü ki, Paşinyanın populist çıxışı Ermənistandakı vəziyyət nəzərə alınaraq daxili auditoriyaya hesablanıb. O, siyasi və diplomatik bacarığı olmadığı üçün kobud səhvlərə yol verirdi. Əvvəla tədbirdəki çıxışı Paşinyanın dil biliyinin bərbad olduğunu göstərirdi. O, qabaqcadan hazırlanan çıxışını ingilis dilində oxusa da, növbəti fikirlərini erməni dilində ifadə eləməyə çalışdı. Ermənistan baş naziri Sammitdə çıxışı zamanı ingilis dilində kağızdan oxuyarkən beynəlxalq aləmdə qəbul olunan “Naqornıy Karabagh” sözünü işlədir, halbuki ermənicə çıxışında “Artsax” sözünü dilə gətirdi.

Lakin görüşdə çıxış edən Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini xatırladıb və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilən bütün ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasının tələb olunduğunu bildirib : “Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Ermənistan bu qətnamələrə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərə əməl etmək əvəzinə işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir. Danışıqların mahiyyət və formatını məhv etməyə çalışan Ermənistanın baş nazirinin dediyinin əksi olaraq, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır.” Gö.ründüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyev Paşinyana növbəti dəfə tarix dərsi keçdi. Onun sözlərinə görə, dövlətimizin başçısı Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etdiyini, işğal olunmuş torpaqlarda mülki azərbaycanlılara qarşı etnik təmizləmə apardığını, ermənilərin işğal altındakı torpaqlarımızda mədəni irsimizi məhv etdiklərini, Dağlıq Qarabağda Ermənistanın heç bir tarixi irsinin olmadığını bir daha səsləndirdi.

Azərbaycan Prezidenti yüzillik erməni yalanını beynəlxalq miqyasda bir daha ifşa etdi, Ermənistan baş nazirini isə yenə də "öz dilindən yandırıb” gülüş hədəfinə çevirdi

Qeyd edək ki, Prezident İlham Əliyev Paşinyanın siyasətdə təsadüfi və uğursuz adam olduğunu, dövlət başçısı kimi yetkinləşmədiyini Aşqabadda MDB liderlərinin qarşısında sübut etmişdi, açıq deyək, onu rəzil duruma salmışdı. Prezident İlham Əliyevin Paşinyana ironiyasına bütün prezidentlər gülmüşdü, yalanlarının ifşasını isə məmnunluqla izləmişdilər...

Şübhəsiz, Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə növbəti müzakirəyə sanki bir döyüş kimi hazırlaşmışdı. Amma artıq 26 ildir ki, İlham Əliyevlə döyüşün hansında qaliblə məğlubların yeri dəyişib?!.

Çünki artıq MDB də, Avropa da, ABŞ da tarixin ən qüdrətli Azərbaycanının timsalında Prezident İlham Əliyevi ən böyük inqilabçı, bugünkü müflis, səfil, forpost Ermənistanın nümunəsində isə Paşinyanı böyük siyasi avantürst kimi tanıyır, qəbul edir!..

Prezident İlham Əliyev növbəti dəfə mühüm beynəlxalq platformada Ermənistanın işğalçılıq siyasətini ifşa edib və baş nazir Paşinyanın populist çıxışana tutarlı cavab verib: “Çıxışımda dediklərim beynəlxalq təşkilatların qətnamələrinə əsaslanan tarixi həqiqətdir. Birincisi, bu, hər kəsə bəlli olan bir faktdır ki, Ermənistan Azərbaycanın ərazisini işğal edib. İkincisi isə Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar".

Sammitdə ən yadda qalan məqam isə, Prezident İlham Əliyevin Paşinyanı sakit olmağı məsləhət görməsidir: "Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv olunub. Məhz buna görə belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim".

Azərbaycan Prezidenti çıxışında, həmçinin vurğuladı ki, ölkəmiz pandemiya ilə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar könüllü maliyyə yardımı ayırıb. Eyni zamanda, Azərbaycan 29 dövlətə humanitar yardım göstərib və bu işi davam etdirir. Bu, Azərbaycanla Ermənistan arasında bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də dərin uçurumun mövcudluğunu nümayiş etdirən tutarlı faktdır. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı koronavirusla mübarizədə nümunə ölkə adlandırır, Azərbaycanın digər ölkələrə yardımını təqdir edir, Ermənistan isə virusla mübarizə üçün sadəcə pul dilənir.

Bir sözlə, bu keçirilən növbəti Sammitdə də Prezident İlham Əliyev Paşinyana tarix və siyasət dərsi keçdi, erməni yalanlarını ifşa etdi. Və Azərbaycan Prezidentinin Ermənistan baş nazirini növbəti dəfə siyasi iflasa uğratması faktını hətta Ermənistan mətbuatı və ictimaiyyəti də etiraf etmək məcburiyyətindədir.

ZƏRİFƏ QULİYEVA,

YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü, Nəsimi YAP təşkilatı İdarə heyətinin üzvü, “Modern ailə və inkişaf ” İctimai Birliyinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə