"Milli Şuranın onlayn iclasının daha bir görüntüsü yayılıb". Bunu SİA-ya Əməkdar jurnalist Elman Babayev deyib.
Onun sözlərinə görə, iclasda son vaxtlar Azərbaycan neftinin dünya bazarlarında qiymətinin enməsinə sonsuz sevinc ifadə olunub. Diqqət edin:
Gültəkin Hacıbəyli:
- A millət, a millət, xəbəriniz var? Hamınızı təbrik edirəm yeri gəmişkən, neft 14 dollara düşüb.
Və Gültəkinin özünəməxsus gülüşünün ardınca neftin 14 dollar, 38 və ya 78 sent olması barədə səviyyəsiz diskussiya...
Sonra Gültəkin Hacıbəyli iclasa qoşulan Cəmil Həsənliyə də “şad xəbər”i çatdırır:
- Cəmil müəllim, şəxsən mən də bu gün sizdən təbrik qəbul edə bilərəm, neftin 14 dollara düşməyi münasibətilə. Ad günüm olmasa da.
Cəmil Həsənli:
- Həəə, bilirsən, o son hədd olsaydı təbrik etmək olardı, amma son hədd deyil də...
Ardınca gülüş qəhqəhələri...
Görün, Azərbaycanda özlərini real müxalifət kimi qələmə verənlər nəyə sevinirlər! İndiyə qədər Azərbaycan neftinin qiymətinin düşməsinə ermənilərdən başqa sevinənlərin olduğu təsəvvürə gəlməzdi. Azərbaycan müxalifəti dövlətimizin iqtisadi inkişafında başlıca faktor kimi çıxış edən neftin düşməsinə sevinəcək qədər alçalıb.
Dövlət və hakimiyyət anlayışlarını qarışdıranlar anlamır ki, neftin bu dərəcədə enməsi,qiymətlərin uzun müddət bu şəkildə qalması bütövlükdə dövlətimizə, xalıqımıza hansı çətinliklər yaşada bilər?! Anlayır əlbəttə! Amma məsələ ondadır ki, özünə müxalifət deyənləri dövlət anlayışından çox, hakimiyyət ehtirasları və hakimiyyət iddiaları düşündürür. Hansısa bir neqativ haldan, qlobal iqtisadi fəlakətlərdən bəlkə Azərbaycan iqtidarına hansısa zərbə dəyəcək deyə üzləri gülür, əlləri göydə olur ki, bu da, məhz əxlaqi keyfiyyətsizlik, başqa sözlə, rəzillikdir. Azərbaycana düşmən lazım deyil, düşmən ölkənin içində-bir ovuc müxalifətəm deyib ortaya düşən, neftin qiyməti aşağı ensin, ölkə batsın, bizə yol açılsın kimi gerizəkalılıq, öz xalqına qəddar münasibət nümayiş etdirməkdən utanmayan bax, bu siyasi kimlikləri mənasız aktiv kəsimdir...
Yaxın tarixi onlar unuda bilər, xalq isə unutmayıb! Söhbət hansı tarixdən gedir?
O tarixdən gedir ki, Milli Şurada cəmləşənlərin hakimiyyəti dövründə “Azəri-Çıraq-Günəşli” dəniz neft-qaz yataqları blokunun kəşfiyyatı və işlənməsi üzrə “Əsrin müqaviləsi” ni imzalamaq mümkün deyildi, Azərbaycan çox ciddi siyasi gərginlik dövrünü yaşayırdı. Ölkəni qorxulu bir fəlakətin astanasına gətirən AXC-Müsavat hakimiyyəti zəif, intriqalarla dolu bir hakimiyyət olmaqdan o tərəfə keçə bilmirdi. Naşı adamların hakimiyyəti ilə neft kontraktlarını imzalamaq xarici neft şirkətləri üçün böyük riskə çevrilmişdi. Başqa tərəfdən, neft kontraktlarının imzalanmaması üçün Azərbaycanı sevməyən, bu ölkənin sərvətini təkbaşına qamarlamaq istəyən xarici dairələr də hərəkətə keçmişdi. Heydər Əliyev belə bir mürəkkəb şəraitdə hakimiyyətə gəldi və Azərbaycan ücün, dünya ücün də gərəkli olan layihəni ön plana cıxartdı: “Əsrin müqaviləsi”nin imzalanmasını reallaşdırdı; Bakı-Tbilisi-Çeyhan neft kəməri çəkildi və s...
Gəlin baxaq, neft müqavilələrinin 2003-cü ildən sonra Azərbaycana gətirdiyi gəlirlər nəticəsində nələr əldə olunub:
• Ümumi daxili məhsul istehsalı 3,4 dəfə artıb. Bu müddətdə qeyri neft-qaz sektoru üzrə ümumi daxili məhsul istehsalı 2,9 dəfə, sənaye məhsulu istehsalı 2,7 dəfə, o cümlədən qeyri neft-qaz sənayesi üzrə 2,7 dəfə artıb, kənd təsərrüfatı 1,9 dəfə artıb, qeyri-neft ixracı isə 5, 2 dəfə çoxalıb;
• Əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 2,9 dəfə, o cümlədən tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitlər 4,3 dəfə artıb. Ötən dövrdə yük daşınması 2,1 dəfə, sərnişin daşınması isə 2,2 dəfə artıb. İnformasiya və rabitə xidmətlərinin həcmində real ifadədə 14,2 dəfə artım qeydə alınıb
• Ölkə iqtisadiyyatına son 260,3 milyard dollardan çox sərmayə qoyulub. 2004-2019-cu illərdə Azərbaycanın digər ölkələrin iqtisadiyyatlarına qoyduğu investisiyaların ümumi həcmi 25,1 milyard dollar təşkil edib;
• Azərbaycanda xarici dövlət borcu çox aşağı səviyyəyə enib və ümumi daxili məhsulumuzun cəmi 20 faizini təşkil edir. Azərbaycanın valyuta ehtiyatları xarici borcumuzdan 4-5 dəfə çoxdur. Yəni, Azərbaycan istənilən vaxtda bütün borcları rahatlıqla ödəyə bilər;
• 2003-cü ildən sonra ötən dövr ərzində işsizliyin səviyyəsi 9,2 faizdən 4,8 faizədək enib, işsiz əhalinin sayı 400,9 min nəfərdən 251,6 min nəfərədək və ya 1,6 dəfə (37 faiz) azalıb. Yoxsulluq səviyyəsi 44,7 faizdən 4,8 faizədək enib, yoxsul əhalinin sayı 3 milyon 714,2 min nəfərdən 475,4 min nəfərədək və ya 7,8 dəfə azalıb. Bu müddətdə əhalinin sayı 1 milyon 718 min nəfər və ya 20,6 faiz artıb. Əhalinin artımı fonunda işsizlik səviyyəsinin artımı qeydə alınmayıb. Bu, onu göstərir ki, qara qızıl, neft və qaz insan kapitalına çevrilib;
• Ötən dövrdə sistemli sosial siyasət nəticəsində əhalinin nominal gəlirləri 9,9, orta aylıq nominal əməkhaqqı 8,2, pensiyaların orta aylıq məbləği 11,1, minimum əməkhaqqı 27,8, əmək pensiyasının minimum məbləği 10 dəfə artıb;
• Ümumilikdə bu vaxta qədər 7700 şəhid ailəsi və müharibə əlili mənzillə təmin olunub. Eyni zamanda, müharibə əlillərinə 6 800 minik avtomobili verilib;
• qaçqın və məcburi köçkün ailələri üçün 100-dən çox qəsəbə, şəhərcik salınıb və 300 min-dən çox məcburi köçkün mənzillə təmin olunub;
• Azərbaycanda 3300-dən çox məktəb tikilərək istifadəyə verilib. Bununla yanaşı bu vaxta qədər 44 rayonda 243 modul tipli məktəb şagirdlərin ixtiyarına verilib;
• Azərbaycanda 700-dən çox yeni tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib;
• Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar bu gün milli ordumuzun dünyanın ən qüdrətli orduları sırasına daxil olmasına imkan yaradıb və ordumuz dünyanın ən güclü 50 ordusu sırasındadır;
• Azərbaycanın valyuta ehtiyatları 2003-cü ildə 1,8 milyard dollar idisə hazırda 51 milyard dolları ötüb;
• Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatında Azərbaycan iqtisadiyyatı artıq dünyada 35-ci, MDB məkanında isə 1-ci yerdədir. Forumun 2017-ci il üzrə “İnklüziv inkişaf indeksi” adlı illik hesabatında Azərbaycan inkişaf etməkdə olan 80 ölkə arasında 3-cü yerə yüksəlib;
• “Doing Business” hesabatında ölkəmiz 25-ci yerə yüksəlib və Azərbaycan 10 ən islahatçı ölkələr siyahısına daxil olub;
• Son beş il ərzində Azərbaycan orbitə 3 peyk çıxarıb. Azərbaycan bu gün dünyanın kosmik klubunun üzvüdür və dünyanın kosmik sənayesində öz mövqelərini möhkəmləndirir;
• Azərbaycan bu gün iqtisadi potensial baxımından regionun lider ölkəsidir. Cənubi Qafqaz iqtisadiyyatında onun payı 80 faizdən artıqdır;
• Azərbaycanda 7 beynəlxalq hava limanı yaradılıb;
• Respublikamızda 16 min kilometrdən çox avtomobil yolu yenidən qurulub, bərpa və təmir edilib;
• Qazlaşdırmanın səviyyəsinə görə Azərbaycan dünyada lider ölkələrdəndir, qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb;
• Bu gün əhalinin 75 faizi dayanıqlı içməli su ilə təmin edilir və bu proses davam etdirilir;
• Davos Ümumdünya İqtisadi Forumunun məlumatına əsasən, Azərbaycan hazırda enerji təminatı ilə dayanıqlılıq əmsalına görə dünya miqyasında ikinci yerdədir.
Onu da vurğulayaq ki, 2017-ci il sentyabrında “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzaldılıb. Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65%-dən 25%-ə qaldırılacaq və beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Dövlət Neft Fonduna $3.6 milyard bonus ödəyəcəklər. Növbəti 32 il müddətində AÇG-yə $40 milyarddan artıq sərmayə qoyulması potensialı var.
Bu qədər iqtisadi uğurlar bu gün Gültəkinlərin qiymətinin düşməsinə sevindikləri Azərbaycan nefti sayəsində əldə olunub. Və bu firəvanlıq, rahatlıq içərisində yaşayan xalqın bir parçası da onlardır. Bu Vətən həm də onlarındır, əgər həqiqətən də Vətəni Vətən kimi sevirlərsə...
Vurğulamaq yerinə düşər ki, prezident İlham Əliyevin qətiyyəti, milli maraqlara əsaslanan düşünülmüş və prinsipial siyasəti ilə daha bir mühüm layihənin - “Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsi təmin edilib.
Müxalifət bilirmi ki, “Cənub Qaz Dəhlizi” Azərbaycana nə vəd edir? Bilir əlbəttə, etiraf etməsə də, təhlil etmək istəməsə də!
Gəlin baxaq, nə vəd edir ?
- qarşıdan gələn 100 il ərzində Azərbaycan xalqına xidmət edəcək və milli iqtisadiyyatın inkişafında mühüm faktor olacaq;
- Azərbaycanın regionda və Avropada əhəmiyyətinin artmasını, ölkəmizlə Qərb arasında münasibətlərin daha yüksək pilləyə qalxmasını şərtləndirəcək;
- Azərbaycanın təkcə enerji ixrac edən ölkə kimi deyil, həm də onu nəql edən və tranzit ölkə kimi əhəmiyyəti artacaq;
- Avropanın enerji təchizatının şaxələndirilməsində ciddi faktora çevriləcək;
- region ölkələrinin öz enerji resurslarını dünya bazarına çıxarmaq üçün yeni mənbə rolunu oynayacaq;
- regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyətə malik dövlət statusunu qazanacaq;
- dövlətlər və xalqlar arasında qarşılıqlı əməkdaşlığın, işgüzar əlaqələrin inkişafına töhfə verəcək;
- regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasına ciddi təsir göstərəcək.
Bəli, neft bu deməkdir! Ölkəsinin milli sərvətinin dəyərdən düşməsinə yalnız xain, düşmən xislətli adamlar sevinə bilər!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB