Hökumət vətəndaşlara sosial yardım göstərmir, bunu edənləri isə təhqir etdirir
Ermənistan parlamentində aprelin 28-də yaşanan deputatlar arasındakı qalmaqal və təhqirlər hələ də davam edir. Məsələ ondadır ki, qarşıdurmanın və qarşılıqlı söyüşlərin səbəbi erməni ailələrinin koronavirus epidemiyası dövründə ac susuz, sosial yardımsız, elektirksiz və qazsız qalmasıdır. SİA panorama.am-a istinadən xəbər verir ki, erməni parlamentinin “İşıqlı Ermənistan” fraksiyasından olan lideri Edmon Marukyan sözügedən davanı arzuolunmaz və qəbuledilməz adlandırıb.
Belə ki, parlamentin hakim “Mənim addımım” blokundan olan vitse-sikeri Alen Simonyanla qarşıdurmanı da məhz E.Marukyan yaşayıb.
“İşıqlı Ermənistan” “Mənim addımım”ı ciddi qəbul etmir
Məsələ isə bu cür baş verib. “İşıqlı Ermənistan” fraksiyasının deputatı Ani Simonyan öz çıxışı əsnasında parlamentin tribunasından bildirib ki, o “Mənim addımım” blokundan olan deputat həmkarlarını ciddi qəbul edə bilmir. Onun bu sözlərini partiyadaşları da dəstəkləyiblər və nəticədə Ani Samsoyan bu məsələyə müdaxilə edib, qarşı tərəfin yalan danışdığını bildirib.
Ancaq onun həmin ifadələrinə A.Simonyan dərhal cavab verib. “Xanım Simonyan, üzr istəyirəm, çünki mən evliyəm və arvadım var, təklif edirəm ki, mənim haqqımda az danışasınız, bu heç də yaxşı görünmür. Ancaq bununla yanaşı, mən sizə cavab vermək fikrində deyiləm. Mən sizin ətəyiniz arxasında gizlənən Edmon Marukyana cavab verəcəyəm. Çünki o Qorqisyandan xahiş edir ki, onun yerinə çıxış etsin... Ona grə də mən ona cavab verəcəm və nəyi düşünürəmsə onu deyəcəyəm”.
Simonyandan Marukyana “Siyasi əski”, Marukyandan Simonyana “Tullantı dölü” təhqiri
Beləliklə, Marukyan dərhal cavab verib və Simonyana “sən” deyə müraciət edib. Simonyan isə Marukyana “Sakitləş, siyasi əski” deyə xitab edib və qarşı tərəfin “Tullantı dölü” təhqirini alıb.
Beləlikə, dava-salaş və söyüşlər bir neçə dəqiqə davam edib və parlamentin spikeri Ararat Mirzoyan vəziyyətə qarışıb. Ancaq bu məsələ parlamentdən sosial şəbəkələrə qədər gedib-çıxıb.
Marukyan feysbukda canlı yayıma qatılaraq bəyan edib ki, 2012-ci ildən parlamentdədir və indiyə qədər bir dəfə də olsun bənzər insidentlərlə qarşılaşmayıb. O, özünü nəzərdə tutaraq soruşub: “İndi belə bir sual yaranır: problem Edmin Marukyandadır, yoxsa başqa problem mövcuddur? Əgər problem Marukyandadırsa, onda necə olub ki, belə hallar daha əvvəllər yaşanmayıb?”.
Marukyan: “Təklif irəli sürəndə söyüş yiyələrinə çevrilirik, səbr kasamız dolub”
Onun sözlərinə görə, onun rəhbərlik etdiyi siyasi gücləri feysbukda təhqir etməyə başlayıblar. Bütün bunlar onların ehtiyacları olan vətəndaşlara sosial yardım göstərmək çağırışlarından sonra yaşanmağa başlayıb. Halbuki onların buna maddi imkanları da var.
“Mənim günahım ondadır ki, mən təklif irəli sürmüşəm və həmin təklifimə lobbilik edirəm. Qarşı tərəf görəndə ki, predmetli diskussiya alınmır, hansı ki, bu parlamentdə ümumiyyətlə mümkün deyil – nəticədə söyüş yiyələrinə çevrilirik. Tribunadan yenidən mənim və həmkarlarımın ünvanına təhqirlər səslənəndə isə, artıq səbr kasası doldu...”, deyə erməni deputat bildirib.
Marukyan əmindir ki, bütün bunlar ona görə baş verir ki, hakimiyyət belə vasitələrlə xalqı sosial problemlərdən yayındırmağa çalışır.
“İnsanlar unutmamalıdırlar ki, hazırda 4300 ailə elektriksiz qalıb və bu ailələrin uşaqları onlayn rejimdə keçirilən dərslərə qatıla bilmirlər. 750 ailədə qaz yoxdur, onlar soyuqda oturublar. Onlar (hakimiyyət) bunu ona görə edir ki, sizin fikriniz yayınsın, şou göstərirlər, ancaq biz buna yol verməyəcəyik”, deyən Marukyan vətəndaşlara sosial yardım etmək təklifini həyata keçirənədək öz fikrində qalacağını bildirib.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB