Baronessa Kerolayn Koksun Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə səfəri nələrdən xəbər verir?
Ermənistanın parlament sədri Ovik Abramyan 18 apreldə Böyük Britaniya parlamentinin Lordlar palatasının vitse-spikeri, baronessa Kerolayn Koksla görüşüb. Görüşdə iki ölkə arasında mövcudluğu zərif tellər üzərində qurulan münasibətlərin gələcək perspektivləri müzakirə olunub. Eyni zamanda erməni spiker Koksu Dağlıq Qarabağa dəvət edib. Bu dəvətin isə arxasında nələrin gizləndiyi tamamilə məlum bir məsələdir. Maraqlıdır, Ermənistan bir tərəfdən bütün gücü ilə dünya ictimaiyyətini və beynəlxalq təşkilatları aldadaraq Dağlıq Qarabağ münaqişəsinin guya Azərbaycanla Ermənistan arasında yox, Dağlıq Qarabağla Azərbaycan arasında getdiyini sübut etməyə çalışır. Digər tərəfdən isə Dağlıq Qarabağ ərazisini birbaşa Ermənistan ərazisi kimi təqdim edərək xarici qonaqları ora səfərlər etməyi məsləhət görür. Məsələnin kökündə, əlbəttə, Dağlıq Qarabağda qurulmuş qondarma və separatçı rejimin dünya ölkələrində tanınması, dünyanın bir subyekti kimi təqdim etmək dayanır. Amma əksər hallarda xarici qonaqlar müxtəlif bəhanələrlə bu səfərlərin ya mahiyyətini dəyişməyə çalışır, ya da hara getdiklərini bilmədiklərini bildirirlər. Bu dəfəki "qonaq" isə istisna təşkil edir...
Belə ki, Böyük Britaniya parlamentinin Lordlar palatasının vitse-spikeri, baronessa Kerolayn Koks Azərbaycanın işğal olunmuş ərazilərinə dəfələrlə səfər edib. Dağlıq Qarabağa 70-dən çox səfər edən Koks bu göstəricisi ilə "Ginnesin rekordlar" kitabına düşməyə layiqdir. Koksun səfərlərinə və Azərbaycan əleyhinə söylədiyi fikirlərə deyəsən öyrəncəli olmuşuq. Ancaq bu başabəla xanım barəsində ciddi ölçü götürməyin zamanı yetişib. Biz Şimali İrlandiyanın Böyük Britaniyaya, yoxsa İrlandiyaya məxsus olduğunu barədə faktların gizləndiyi faktları hər addımda britaniyalıların başına vurmuruq. Azərbaycanla Böyük Britaniya arasında münasibətləri gərginləşdirməyə çalışan bu xanım isə ölkəsinin yox, ermənilərin marağından çıxış etməklə "torbada pişik var" məsəlini aktuallaşdırır.
Böyük Britaniyanın "The Halo Trust" adlı təşkilatı 10 ildir ki, işğal altındakı torpaqlarımızda qanunsuz olaraq fəaliyyət göstərir. Şirkətin bölgədə minaların təmizlənməsi ilə məşğul olduğu bildirilir, ancaq bölgə nəzarətimizdən kənarda olduğundan, Allah bilir, başqa daha hansı işləri görür. Son məlumat isə budur ki, maliyyələşmənin dayanması ucbatından bu təşkilat Xankəndidəki fəaliyyətini dayandırıb. Separatçılar da Koksa yalvarıblar ki, şirkət fəaliyyətini yenidən bərpa etsin. Koks isə problemin həllinə dəstək verəcəyinə söz verib.
Məsələyə münasibət öyrənmək üçün Böyük Britaniyanın Azərbaycandakı səfirliyi ilə əlaqə saxladıq. Səfirliyin mətbuat katibliyindən "SİA"ya bildirdilər ki, Kerolayn Koks Böyük Britaniya hökumətinin üzvü deyil. Onun söylədikləri və etdikləri hökumətin mövqeyini əks etdirmir və bu onun şəxsi fikridir. Bu da Britaniya səfirliyi, həmişə olduğu kimi bir "əmma" tapır. Belə çıxır ki, Dağlıq Qarabağ haqqında erməni mövqeli çıxışları, fikirləri, istənilən addımları Böyük Britaniya vətəndaşlarının hamısı desə belə, biz bunu "Britaniya hökumətinin mövqeyi deyil" deyərək özümüzə təskinlik verməliyik və gözləməliyik ki, rəsmi London adından iki nəfər - Baş nazir və kraliça danışanda təşvişə düşək. Onda isə çox gec olacaq.
Burada Koks gündəmdə qalmaq üçün iki variantı özünə seçir. Biri var Koks Xankəndiyə gələrək gözünü yumub. ağzına gələni danışır, biri də var, baronessa Böyük Britaniya şirkətlərini işğal altında olan torpaqlara daşımağa çalışır. İkinci halda Azərbaycan XİN məsələyə qarışmalı olacaq, Böyük Britaniyanın müvafiq orqanlarından izahat tələb ediləcək, yazışmalar, araşdırmalar başlayacaq və s. Separatçılara da elə bu lazımdır ki, enerjimiz belə işlərə xərclənsin və onları yenidən gündəmə gətirək. Bu isə bizə lazım deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB