"Radikal müxalifətin bu cür fəaliyyəti ictimai rəy tərəfindən şiddətlə qınanmalıdı" MÜNASİBƏT

"Radikal müxalifətin bu cür fəaliyyəti ictimai rəy tərəfindən şiddətlə qınanmalıdı" MÜNASİBƏT
"Sosial özünütəcrid hərəkət azadlığının məhdudlaşdırılması deyil, tam əksinə vətəndaşların təhlükəsizliyinin təmin olunmasıdır". SİA-nın verdiyi məlumata görə, bu fikirləri Milli Məclisin İnsan Hüquqları Komitəsinin iclasında komitənin üzvü millət vəkili Hikmət Babaoğlu deyib. "Hazırda postmodernist cəmiyyətlər informasiya cəmiyyəti kimi xarakterizə olunur. Ancaq bəzən informasiya platformasında informasiya istehlakçılarının hüquqları ya istismar, ya manipulyasiya edilir. Hazırda ölkəmizdə koronavirus təhlükəsinə qarşı çox ciddi mübarizə aparılır. Bununla bağlı xüsusi sosial izolyasiya tədbirləri həyata keçirilir. Təəssüf ki, bəzi radikal marginal qruplar bunu ictimai rəyə insan hüquqlarının pozulması kimi təqdim etməyə çalışır. Hətta bunu insan hüquqlarının məhdudlaşdırılması kimi beynəlxalq təşkilatların da diqqətinə çatdırmaq istəyirlər. Düşünürəm ki, bu bizim indiki mərhələdə aktuallaşdırmalı olduğumuz problemdir. Çünki sosial özünütəcrid əsla hərəkət azadlığının məhdudlaşdırılması deyil, tam əksinə vətəndaşların təhlükəsizliyinin təmin olunmasıdır. Hazırki pandemiya dövründə ictimai maraqlarımızın tələb etdiyi karantin rejiminin tələblərinin bu cür manipuliyasiya edilməsi ümumi mənafelərimizə qarşı atılmış təhlükəli addım kimi qiymətləndirilməlidir. Ona görə də radikal müxalifətin bu cür fəaliyyəti ictimai rəy tərəfindən şiddətlə qınanmalıdı"-deyə, H.Babaoğlu fikrini tamamlayıb.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə